Çexlər faciəmizi gördülər – fotolarda...

12:33 21 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir İlkin İzzət/

Praqada 20 Yanvar faciəsinin 25 illiyinə həsr olunmuş fotosərgi keçirilir.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Çexiyada fəaliyyət göstərən Azərbaycan Tələbə Şəbəkəsi, Gürcüstan Tələbələri İttifaqının təşkilatçılığı ilə Praqanın məşhur Luçerna sarayında “Müstəqilliyə aparan yol: Azərbaycan, Gürcüstan və Litva” adlı fotosərginin açılışı olub.

20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş tədbir Azərbaycan və Litvanın Çexiyadakı səfirliklərinin dəstəyi ilə baş tutub.

2015-ci il fevralın 2-dək davam edəcək sərgidə hər üç ölkənin müstəqillik mübarizəsinin boğulması məqsədilə keçmiş Sovet qoşunlarının bu ölkələrə yeridilməsi və dinc əhaliyə qarşı törədilmiş amansız cinayətləri əks etdirən fotolar nümayiş etdirilir. Sərgidə 1990-cı il yanvarın 20-də Bakıdakı qanlı hadisələri göstərən fotoların nümayişi ilə yanaşı, ziyarətçilərə çex və ingilis dillərində hazırlanmış məlumat vərəqələri paylanır və faciə haqqında ətraflı məlumat verilir.

Sərginin açılış mərasimində Azərbaycanın Çexiyadakı fövqəladə və səlahiyyətli səfiri Fərid Şəfiyev, habelə Gürcüstan və Litvanın Çexiyadakı səfirliklərinin nümayəndələri çıxış edib və qanlı hadisələrlə bağlı öz xatirələrini bölüşüblər. Səfir F.Şəfiyev 20 Yanvar haqqında toplantı iştirakçılarına ətraflı məlumat verərək, bu faciənin Azərbaycan xalqının iradəsini qıra bilmədiyini, əksinə, onun öz amalları uğrunda daha qətiyyətlə mübarizə aparmasına səbəb olduğunu qeyd edib.

Azərbaycan Tələbə Şəbəkəsi təşkilatının Çexiya üzrə nümayəndəsi Eldar Vəliyev 20 Yanvar faciəsi ilə bağlı təbliğat işlərinin Praqada davam etdiriləcəyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Sərginin açılış mərasimində Çexiyada akkreditə olunmuş diplomatik korpusun, yerli ictimaiyyətin nümayəndələri və Azərbaycan icmasının üzvləri iştirak ediblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/culture/2355438.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR