Diabet xəstəliyi ilə bağlı 10 YANLIŞ

Diabet xəstəliyi ilə bağlı 10 YANLIŞ
23:12 18 İyun 2015
309 Digər
Ölkə mətbuatı
A- A+

Diabet xəstəliyinə tutulan insanlar üçün pəhriz, yemək seçimi həyati əhəmiyyət daşıyır. Həm düzgün qidalanmaqla, həm də idman vasitəsilə qandakı şəkərin miqdarını stabil saxlamaq mümkündür. Bu yazımızda el arasında "şəkər" deyilən diabet xəstəliyi haqqında xalq arasında yayılan 10 əsassız fikir barədə məlumat verəcəyik. 

1. Çoxlu şəkər istifadəsi diabetə yol açır: əsla belə bir şey yoxdur. Diabet hər hansısa yediyiniz yeməyin enerjiyə çevrilməsi pozulanda ortaya çıxır. Orqanizm yediyiniz yeməyin çoxunu parçalayaraq hüceyrələrə güc vermək üçün onu vacib şəkər növü olan qlükozaya çevirir. Mədəaltı vəziniz isə orqanizmdəki hüceyrələrin əriməsi üçün qlükozanın istifadəsinə kömək edən insulin hormonunu əmələ gətirir. Birinci tip diabet mədəaltı vəzi insulin əmələ gətirmədikdə yaranır. Bu tip xəstələr orqanizminə insulin yeritmək məcburiyyətindədirlər. I tip diabet gənclərlə yanaşı, uşaqlarda da rast gəlinir.

2. Diabetin pəhrizində çox qayda var: diabet pəhrizi zamanı qidalanmada deyildiyi qədər çox dəyişiklik etməyə ehtiyac yoxdur. Əsas prinsip yeməklərin düzgün seçilməsidir. İkinci tip diabet  mədəaltı vəzi lazımi qədər insulin yaratmadıqda və düzgün işləmədikdə baş verir. Həddindən artıq çəkili olmaq ikinci tip diabet riskini artırır. Hər hansı yaş qrupunda rast gəlinə bilər.

3. Karbohidrat diabet üçün zərərlidir: Karbohidratlar (buğda və arpadan hazırlanmış qidalar) sağlam diabet pəhrizinin özəyini təşkil edir. Bunlar qan şəkərində yüksək təsirə malik qidalardır. Lakin bu yeməklər vitamin, mineral və liflə də zəngindir. Buna görə də qida dəyəri yüksək olan kəpəkli çörəklər, bol lifli meyvə tərəvəzlərə daha çox üstünlük verməlisiniz.

4. Üzvi birləşmələrin, zülalların (protein) çoxluğunun zərəri olmaz: Karbohidratlar qan şəkəri səviyyəsinə tez təsir göstərir. Bu səbəbdən daha az karbohidrat yeyib, əvəzinə daha çox üzvi birləşmələrlə zəngin olan qidalara üstünlük verənlər var. Ancaq diabet xəstələri üçün bu tip qidaların qəbulu da çox təhlükəlidir. Məsələn, ət kimi zülallarla zəngin olan yeməklər doymuş yağla dolu olur. Bu yağların çox istifadəsi ürək xəstəliyi riskini artırır.

5. Yediklərinizin təsirini azaltmaq üçün diabet dərmanlarınızın dozasını artırmaq olar: əgər insulin istifadə edirsinizsə, lazım olan yeməklərin miqdarını və növünü seçməyi öyrənməlisiniz. Ancaq bu o mənaya gəlmir ki, siz istədiyiniz hər şeyi yeyə bilərsiniz. Diabet dərmanlarından istifadə edirsinizsə, həkim demədiyi müddətcə daha çox karbohidrat qəbul etmək üçün dərman dozanızı dəyişməyin. Çünki bu preparatlar uyğun dozada qəbul edildikdə faydalı olur.

6. Ən sevdiyiniz yeməkləri unutmaq məcburiyyətindəsiniz: belə bir məcburiyyətiniz yoxdur. Sevdiyiniz yeməkləri yemək üçün onların  hazırlanma üsulunu dəyişdirmək, sevdiyiniz yeməklərlə birlikdə digər qidaların miqdarını azaltmağınız kifayətdir. Bu barədə diyetoloqunuzla məsləhətləşməniz vacibdir.

7. Şirniyyatdan uzaq durmalısınız: bu, yanlışdır. Miqdarını azaltmaqla arada özünüzü şirniyyatla mükafatlandıra bilərsiniz. Bundan əlavə, kəpəkli un, təzə meyvələr və bitki yağından istifadə edərək şirniyyat hazırlayıb onları qəbul edə bilərsiniz. Dondurma, tort, keks əvəzinə, meyvəli, yulaflı və kişmişli peçenyelərlə yoğurt yeyə bilərsiniz.

8. Süni dadlandırıcılar diabet xəstələri üçün təhlükəlidir: süni dadlandırıcılardan istifadədə miqdar çox əhəmiyyətlidir. Çünki süni dadlandırıcılar eyni miqdarda olan şəkərdən daha dadlıdır. Bu səbəbdən şəkərlə eyni dadı əldə etmək üçün daha az dadlandırıcıdan istifadə olunmalıdır. Satışda fərqli maddələrdən ibarət bir çox dadlandırıcıya rast gəlinir ki, diyetoloq hansı dadlandırıcının sizin üçün ən yaxşısı olduğunu qeyd edəcəkdir.

9. Xüsusi diabet yeməkləri yeməlisiniz: diabet xəstəsi üçün sağlam olan yeməklər ailə fərdləri üçün də yaxşı bir seçimdir. Buna görə də diabet xəstəsinə özəl yeməklər hazırlamağa ehtiyac yoxdur. Diabet xəstəsinin yeməli olduğu qidaları ailənizin qidası ilə qarşılaşdırın və yeməklərin kalorisini, karbohidrat, yağ və zülalların miqdarını diyetoloqla birlikdə müəyyən edərək ümumi yeməklər hazırlaya bilərsiniz.

10. Pəhriz yeməkləri diabetlilər üçün ən yaxşı seçimdir: Üzərində pəhriz və "light" yazılan yeməklərin və içkilərin "şəkər" xəstələri üçün daha yaxşı seçim olduğu doğru fikir deyildir. Yeməyin üzərindəkiləri diqqətlə oxuyub, kalori miqdarına diqqət etmək lazımdır.
"Zaman Azərbaycan"


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/351176.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR