Ərdoğana kürd matı...

Ərdoğana kürd matı...
23:47 18 İyun 2015
94 Digər
Ölkə mətbuatı
A- A+

Ərdoğanın islamçılara hər sahədə dəstək vermək üzərində qurulmuş mürtəce Suriya siyasəti bumeranq effekti ilə Türkiyəni vurmaqdadır.

Peşmərgələrin iyunun 15-də 3 günlük döyüşlərdən sonra strateji əhəmiyyətli Tel-Abyad şəhərciyini islamçılardan təmizləməsi bu əks-effekti daha da gerçəkləşdirdi. Heyf ki, Ərdoğanın əkdiyini bütün Türkiyə biçməli olacaq.

"İslam Dövləti" ilə əməkdaşlıq edən, "Nüsr Cəbhəsi"ni silahla, adamla, texnika və logistik dəstəklə təchiz edən Ərdoğan hakimiyyəti vaxtilə Kobani uğrunda döyüşlərdə kürdlərə yardım göstərmədi. O vaxt Qərb müttəfiqlərinin havadan dəstəyi və YPG döyüşçülərinin cəsarəti sayəsində Kobani islamçılara verilmədi.

Əvəzində isə şiddətli döyüşlərdən sonra büsbütün dağılan şəhəri Stalinqradın şərəfinə "Kobaniqrad" adlandıran kürdlər həm də böyük mənəvi üstünlük qazandılar. Bu, islamçıların ilk məğlubiyyəti oldu.

İyunun 15-də isə Tel-Abyad şəhəri ətrafında döyüşlər islamçıların məğlubiyyəti və kütləvi qaçışı ilə nəticələndi. Türkiyə sərhədini keçən islamçıların gülümsər sifətlərini əks etdirən fotolar internetə sıçradı. Onlar məmnuniyətlə türk sərhədçilərə təslim olur, elə sərhədçilər də bu başkəsənlərə gülümsəyirdilər. Elə çıxırdı ki, islamçılar doğma bir məkana qayıdıblar və burada cəzasız qalacaqlarına arxayındırlar.

Tel-Abyad uğrunda savaşın başlanmasından bir neçə gün əvvəl isə bir çox hərbi forumlarda əcaib informasiyalar yayıldı: başqa ölkələrdən Türkiyəyə keçən və hansısa səbəblərdən burada türməyə salınan cihadçıların yanına Türkiyənin xüsusi xidmətinin adamları gəlir və onlara qəribə dilemma təklif edirlər.

Yəni onlar ya Suriyaya keçib mütləq "İslam Dövləti"nin döyüşçülərinə qoşulmalıdırlar, ya da gəldikləri ölkəyə deportasiya olunacaqlar. Vətənlərində isə onları uzunmüddətli həbs cəzaları gözləyir.

Yaxud seçkilərdəki uğursuzluqdan sonra Ərdoğanın əl-qolunun nisbətən bağlandığına yeni misal: Suriya sərhədində 21 ton plastik partladıcı maddələri daşıyan karvan tutulub. Seçkilərə qədər bu cür karvanlar sərbəst şəkildə sərhədi keçərək islamçılara çatdırılırdı.

Beləliklə, bir tərəfdən Türkiyə istəsə belə əvvəlki arxayınçılıqla cihadçılara dəstək vermək imkanlarını tükətməkdədir, digər tərəfdən isə son günlərdə Tel-Abyadın, Ayn-İssa qəsəbəsinin və daha 20 yaşayış məntəqəsinin kürdlərin əlinə keçməsi Suriyada kürd muxtariyyəti (sabah-birsigün isə hətta kürd dövləti) ideyasını reallaşdırmaq yolunda böyük uğurdur.

Nahaq yerə Ərdoğan peşmərgənin son uğuru barədə bu sözləri söyləmir: "Kürdlərin irəliləməsi bizim sərhədlərimizi təhdid edən strukturların yaranması ilə nəticələnə bilər".

Əlbəttə, Ərdoğan məhz kürd dövləti proto-strukturlarını nəzərdə tutur. Xüsusən əlavə etsək ki kürdlərə ABŞ aviasiyası güclü dəstək verir, məsələyə baxışda Ankara ilə Vaşinqtonun mövqelərinin olduqca fərqləndiyi bəlli olur.

Tel-Abyadın YPG-nin əlinə keçməsi isə Ankaranın bütün kartlarını vurub salır.

Əvvəla, bu qələbə sayəsində kürdlər Türkiyənin Suriya və İraqla olan sərhədinin böyük hissəsinin - Kobanidən Qamışlıya qədər - peşmərgənin nəzarətinə keçməsi deməkdir. Yəni bundan sonra Ankara islamçılara öz sərhədlərindən silah və insan resursu ilə yardım edə bilməyəcək.

İkincisi, kürdlər sürətlə "xilafət"in paytaxtı Rakkaya doğru irəliləyərək (Rakkaya 50 kilometrlik yol var, bu yol səhradan keçir, deməli, orada müqavimət olmayacaq) öz ərazilərini genişləndirməklə Rojava (Suriyanın kürdlər yaşayan ərazilərinin ümumi adı) arzularını gerçəkləşdirirlər.

Onsuz da onlar həmin ərazilərdə öz sosial eksperimentlərini aparmaqdadır və oralarda özünüidarəçiliyə, birbaşa demokratiyaya əsaslanan sosializm qurmaqdadırlar. Yəni Rojavada Sol eksperiment sınaqdan çıxarılır və bu antikapitalist, marksist ideyalar kürdlər arasında populyardır. Bu isə gələcək kürd dövləti üçün ideoloji sütun ola bilər.

Bu da hamısı deyil - Tel-Abyada nəzarət edən qüvvə həm də Rakkadan Türkiyəyə daşınan nəhəng qaçaqmalçılığa nəzarət edir. İslamçıların Türkiyəyə satdığı ucuz neft məhz bu magistraldan keçərək son məntəqəyə çatdırılır.

Əlbəttə, islamçılardan neft almaq beynəlxalq terrorizmə birbaşa dəstək olmaq deməkdir. Ancaq bu gerçəkliyə Qərb göz yummağı üstün tutur. Nəticədə hamı razıdır: Türkiyə də, islamçılar da, Suriyanı tikə-tikə bölən Qərb də.

İndi isə Türkiyə islamçılardan neft almaqla onların maliyyə və silah bazasını daha möhkəmlədə bilməyəcək.

Ərdoğanın kürd dövləti ilə bağlı narahatlıqları da əsassız deyil. Müharibə boyu kürdlər və Əsəd ordusu müttəfiq olublar və bir-birinə yardım ediblər.

Ancaq mayda Haseke vilayətində peşmərgə Suriya ordusuna yardım göstərməkdən imtina etdi, indi isə Qamışlıda kürdlərin Əsəd ordusunun əsgərləri ilə lokal qarşıdurmaya getdiyi barədə xəbərlər yayılır. O cümlədən orada peşmərgələrin Suriya bayrağını endirərək ayaqları altına saldıqlarının fotoları virtualda dolaşır.

Yəni hər şey ona doğru gedir ki, lap yaxınlara qədər Dəməşqə loyal olan, Rojavanı ən çoxu vahid Suriyanın tərkibində muxtar vilayət kimi görən peşmərgə yaranmış vəziyyətdən maksimum yararlanmaq və nəhayət öz dövləti barədə düşünmək taktikasını seçib.

Əslində burada qeyri-adi heç nə yoxdur. Tarix boyu aldadılmış kürdlərin özünüqoruma instinkti özünü bu tərzdə ifadə edir.

Yaxın zamanlarda YPG-nin uğurlarının artacağını proqnozlaşdırmaq olar. Suriya səhnəsində aktyorları marionetlər kimi hərəkət etdirən Qərb hələlik onlara müttəfiq kimi baxır və bacardıqca dəstəkləyir. Türkiyə üçün isə Ankarada kimin hakimiyyətdə olmasından asılı olmayaraq (istər islamçı olsun, istər millətçi və sair kamalçılar) bu ssenari panik narahatlıq doğurur. Yəni Rojavanın müstəqil siyasətin subyektinə çevriləcəyini Ankarada ideoloji libasından asılı olmayaraq heç bir hakimiyyət arzulamır.

Ancaq bunların hamısını əvvəldən düşünmək lazım idi. Ərdoğanın cihadçılarla əməkdaşlığı, Bəşər Əsədə qarşı siyasəti və yeni "Osmanlı imperiyası" qurmaq niyyəti Türkiyəyə çox baha başa gəlir.

Xüsusən də ölkənin öz daxilində siyasi mübarizənin kəskinləşdiyi, hökumət formalaşdırmağın mümkün olmadığı bir şəraitdə bu "bumeranq effekti"nin fəsadları da dəfələrlə böyüyür...

Oyun şama (Dəməşqə) dəymirdi...
virtualaz.org


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/351305.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR