Moşe Levin: Avropada Azərbaycan kimi ikinci tolerant ölkə yoxdur

Moşe Levin: Avropada Azərbaycan kimi ikinci tolerant ölkə yoxdur
00:58 19 İyun 2015
74 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 19 iyun, AZƏRTAC
Fransada yayımlanan və bu ölkənin yəhudi icmasını təmsil edən “Radio Şalom”un dəvəti ilə Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov və Avropa Ravvinləri Konfransının icraçı direktoru Moşe Levin radioda çıxış ediblər.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, E.Əmirbəyov mayın 18-19-da Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna dair sualları cavablandırıb. Diplomat qeyd edib ki, Forumun keçirilməsində məqsəd müxtəlif mədəniyyətlərin və konfessiyaların nümayəndələrini bir araya gətirərək dünyada mövcud olan aktual problemlərə və çağırışlara dair dialoq üçün platformanın yaradılmasıdır. Forumun keçirilməsi ideyası Avropa Şurası, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı kimi nüfuzlu beynəlxalq qurumlar tərəfindən dəstəklənib. Dünyada artan ekstremist hərəkətlər fonunda bu Forumun keçirilməsi xüsusi önəm daşıyır.
Sonra səfir ölkəmizin qədim tarixindən və zəngin mədəniyyətindən danışıb. O deyib ki, Azərbaycanın qitələrin, sivilizasiyaların və mədəniyyətlərin qovuşuğunda yerləşməsi, xalqımızın dini, etnik və təbii zənginliyi ölkəmizdə tolerantlığa və qarışlıqlı hörmətə şərait yaradır. Azərbaycan xalqı özünəməxsusluğu qoruyub saxlamaqla yanaşı, ətrafında yaşayan hər xalqa hörmətlə yanaşır. Bu harmonik yaşam növü həm Azərbaycan xalqının özündən irəli gəlir, həm də dövlət tərəfindən dəstəklənir. Yəhudi icmasından bəhs edən E.Əmirbəyov qeyd edib ki, Azərbaycandakı yəhudi icması ölkəmizin inkişafına böyük töhfə verir. Bütün dünyada tanınan Mstislav Rastropoviç, Lev Landau, Rixard Zorge və digərləri azərbaycanlıdır.
Azərbaycanın yürütdüyü regional siyasətə dair sualları cavablandıran diplomat vurğulayıb ki, rəsmi Bakı Ermənistan istisna olmaqla bütün ölkələrlə dost münasibəti saxlayır. Ermənistan 20 ildən artıqdır ki, Azərbaycan ərazisinin 20 faizini zəbt edib. İşğal olunan ərazilərdə aparılan etnik təmizləmə nəticəsində bir milyondan artıq azərbaycanlı öz doğma torpaqlarını tərk etmək məcburiyyətində qalıb.
Azərbaycanın dünyəvilik modelindən danışan M.Levin qeyd edib ki, Avropada Azərbaycan kimi ikinci tolerant ölkə yoxdur. O, Azərbaycana bir neçə dəfə səfər etdiyini və hər səfərdən yalnız xoş xatirələrlə qayıtdığını deyib. “Həm müsəlman dünyası, həm də İsrail ilə dostluq edən Azərbaycan yeganə ölkədir ki, bu cür tədbirlərə ev sahibliyi edə bilər. Yəhudi icması isə heç bir zaman burada hər hansı ayrı-seçkiliklə rastlaşmayıb”, - deyə M.Levin bildirib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Mose_Levin_Avropada_Azerbaycan_kimi_ikinci_tolerant_olke_yoxdur-865135

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR