Avropa Oyunlarında ilk çempionumuz "Tarqovu"da (FOTO)

Avropa Oyunlarında ilk çempionumuz "Tarqovu"da (FOTO)
01:51 19 İyun 2015
137 İdman
Ölkə mətbuatı
A- A+

“Bakı-2015” birinci Avropa Oyunlarına dəstək məqsədi daşıyan “İFAM ON THE STAGE” layihəsi davam edir.

İyunun 18-də layihənin xüsusi qonağı birinci Avropa Oyunlarında ölkəmizə ilk qızıl medalı qazandıran karateçi Firdovsi Fərzəliyev olub. Layihə çərçivəsində Bakının Fəvvarələr Meydanında quraşdırılmış səhnəyə çıxan karateçi möhtəşəm idman tədbirində iştirak etməkdən qürur duyduğunu bildirib. İdmançımız paytaxtımızın sakinləri ilə birgə Azərbaycanın Dövlət himnini oxuyub. Sonra birlikdə şelfi çəkdirilib.

Jurnalistlərə müsahibə verən Firdovsi Fərzəliyev qələbə qazandığı anları xatırlayaraq deyib: “Sevincimin həddi-hüdudu yox idi. Yarış anlarında təkcə mənim deyil, komandamızın keçirdiyi əziyyətlər gözlərimin qarşısında canlanırdı. Şükürlər olsun ki, əziyyətimiz yerdə qalmadı. Şübhəsiz ki, hər idmançıya Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən medalın təqdim edilməsi qismət olmur. Lakin bu, mənə nəsib oldu. Buna görə özümü xoşbəxtəm hesab edirəm”.

“İFAM ON THE STAGE” Azərbaycan dilində “mənim ifam”, ingilis dilində isə “if i am on the stage”, yəni “əgər mən səhnədə olsaydım” mənasını verir. Bu səhnə “Bakı-2015” ilk Avropa Oyunlarını dəstəkləyən peşəkar ifaçılarla yanaşı, həvəskarlara da insanlar qarşısında ifa etmək imkanı yaradır. Səhnədə müxtəlif dillərdə pop, rok, rep, eləcə də xalq mahnılarını oxumaq olar. Rəqs qabiliyyətinə malik şəxslər isə yerli və xarici rəqs nömrələrini nümayiş etdirə, tamaşaçıların alqışlarını qazana bilərlər. Paytaxtımızın sakinləri ilə yanaşı, qonaqlarına da öz məharətlərini göstərmək imkanı yaradılır.

İfaçılar “İFAM” səhnəsinə çıxmaq üçün əvvəlcədən müraciət edərək qeydiyyatdan keçirlər. Daha sonra onlar mikrofon qarşısına keçərək öz bacarıqlarını nümayiş etdirirlər. Səhnə, həmçinin izləyicilər üçün müsbət əhvali-ruhiyyə vəd edir. Peşəkar aparıcının maraqlı müsabiqələrinin iştirakçısı olmaq, Avropa Oyunları ilə bağlı ən son yeniliklərdən xəbər tutmaq, DJ tərəfindən təqdim edilən rəngarəng musiqi nömrələrindən zövq almaq üçün səhnənin yaxınlığında olmaq kifayətdir.

“İFAM” xalq səhnəsi Avropa Oyunları başa çatana qədər hər gün saat 17-dən 21-dək mahnı oxumaq, rəqs etmək, şeir demək qabiliyyətinə malik, eləcə də asudə vaxtını səmərəli keçirmək istəyən hər kəsə açıqdır.










Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=351776

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR