Gələn həftə AŞPA-nın yay sessiyası başlayır

Gələn həftə AŞPA-nın yay sessiyası başlayır
01:43 19 İyun 2015
56 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 19 iyun, AZƏRTAC
Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçılığı ilə parlament nümayəndə heyəti qurumun yay sessiyasında iştirak etmək üçün iyunun 21-də Strasburqa səfər edəcək.
Parlamentin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nümayəndə heyətinə deputatlardan Rafael Hüseynov, Sabir Hacıyev, Rövşən Rzayev, Aydın Abbasov, Sahibə Qafarova, Qənirə Paşayeva, Sevinc Fətəliyeva və Elxan Süleymanov daxildir.
Sessiyada AŞPA-nın daimi komitəsi və büronun fəaliyyəti ilə bağlı hesabat dinləniləcək, Azərbaycanda demokratiya institutlarının fəaliyyəti, Türkiyədə son parlament seçkilərinin nəticələri, Macarıstandakı son durum, Mərakeş parlamenti ilə münasibətlər, Ukraynada münaqişə zamanı itkin düşmüş şəxslərin taleyi, media etikası və bu sahədə şəffaflığın artırılması, Rusiya nümayəndə heyətinin səlahiyyətləri ilə bağlı məsələlər ətrafında müzakirələr aparılacaq.
Sessiya çərçivəsində AŞPA bürosunun və qurumun sosial məsələlər, səhiyyə və davamlı inkişaf, qeyri-diskriminasiya və bərabərlik, demokratiya və siyasi məsələlər, insan hüquqları və siyasi məsələlər komitələrinin iclasları keçiriləcək.
Deputatlarımız sessiyada müzakirəyə çıxarılacaq məsələlər barədə fikirlərini bildirəcəklər.
Səfər zamanı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva, eyni zamanda, AŞPA-nın partiya komitələrinin 12-ci iclasında və uşaqlara qarşı cinsi zorakılığın önlənməsi məsələsinə həsr olunan tədbirdə iştirak edəcək.
Səfər iyunun 28-də başa çatacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Gelen_hefte_ASPA_nin_yay_sessiyasi_baslayir-865141

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR