ABŞ Prezidenti Amerika xalqına illik müraciət edib

ABŞ Prezidenti Amerika xalqına illik müraciət edib
12:48 21 Yanvar 2015
100 Dünya
Ölkə mətbuatı
A- A+


Vaşinqton, 21 yanvar, AzərTAc
Yanvarın 20-də Prezident Barak Obama ABŞ Nümayəndələr Palatasında Amerika xalqına “Ölkədə vəziyyət haqqında” illik müraciətlə çıxış edib.
Birləşmiş Ştatlarda yaranmış siyasi ənənələrə uyğun olaraq, Prezident hər il Konqresə məktubla müraciət edir. Bu məktubda o, ölkədə vəziyyətə, ABŞ-ın daxili və xarici siyasətinə qiymət verir, növbəti qanunvericilik təşəbbüslərini müəyyən edir.
2015-ci il üçün xalqa müraciətində prezident ABŞ administrasiyasının son altı ildəki uğurlarından söhbət açaraq qeyd edib ki, 1999-cu ildən bəri ilk dəfə ABŞ iqtisadiyyatı ən yaxşı göstəricilərə nail olub. Maliyyə böhranı başlanan dövrlə müqayisədə işsizlik səviyyəsi xeyli azalıb, Əfqanıstandakı Amerika əsgərlərinin sayı 2009-cu ildə 180 min olduğu halda 2015-ci ildə bu göstərici 15 minə enib. Prezident daha sonra deyib ki, ABŞ artıq neftin və qazın kənardan oraya göndərilməsindən asılı deyil, ölkə özü enerji ehtiyatlarının ixracatçısına çevrilib.
Prezident təhsil sahəsində qazanılmış nailiyyətlərdən söhbət açaraq qeyd edib ki, keçən il universitet məzunlarının sayı xeyli artıb. Səhiyyə sahəsində özünün irəli sürdüyü təşəbbüslərə də toxunan Obama vurğulayıb ki, əvvəllər tibbi sığortası olmayan 10 milyona yaxın ABŞ vətəndaşı indi dövlət sığortasından sərbəst istifadə edə bilər.
Prezident onun administrasiyasının xarici siyasəti barədə də danışıb. O, Amerika-Kuba münasibətlərinin bərpa olunması, İranın nüvə proqramına dair danışıqlar, Ukraynada münaqişə və ABŞ-ın terrorizmə qarşı mübarizəsi məsələlərinə toxunub.
Konqresi əməkdaşlığa dəvət edən Barak Obama qeyd edib ki, Nümayəndələr Palatasında və ABŞ Senatında Respublikaçılar partiyasından olan qanunvericilərin çoxluq təşkil etməsini nəzərə alaraq, ABŞ-ın mənafelərini qorumağı xahiş edib və İrana qarşı sanksiyalarla əlaqədar qanun layihələrinə prezidentin veto qoymaq səlahiyyətindən istifadə edəcəyi barədə hədə-qorxu gəlib.
Barak Obamanın müraciəti başa çatandan sonra Ayova Ştatından olan bir senator xanım prezidentin ünvanına tənqidi çıxış edib və Respublikaçılar partiyasının ABŞ-ın mənafelərinə sadiq olduğunu bildirib.

Yusif Babanlı
AzərTAc-ın xüsusi müxbiri
Vaşinqton

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR