[ 25 Dekabr 2014 19:22 ]
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Ümumrusiya Azərbaycan Konqresi tərəfindən təşkil olunan tədbirdə ÜAK prezidenti Məmməd Əliyev, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Azərbaycan Prezident Administrasiyasının nümayəndəsi Şakir Səlimov və Rusiya regionlarındakı Azərbaycan diasporunun rəhbərləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan ÜAK prezidenti Məmməd Əliyev Rusiyada və bütün dünyada yaşayan azərbaycanlıları Həmrəylik Günü münasibəti ilə təbrik edərək mərasimdə iştirak etdiyinə görə səfir Polad Bülbüloğluna minnətdarlığını bildirib. O, prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.
Polad Bülbüloğlu da çıxışında Rusiyada yaşayan azərbaycanlıları Həmrəylik Günü münasibətilə təbrik edərək il sonunda yekun bayram tədbirinin dekabrın 24-də, Azərbaycan prezidenti İlham Əliyevin doğum günündə keçirilməsinin gözəl ənənə olduğunu vurğulayıb. Səfir Azərbaycan-Rusiya münasibətlərinin gündən-günə inkişaf etdiyini və hazırda yüksək səviyyədə olduğunu söyləyib: “Azərbaycan hər zaman Rusiyanın yanında olub, indi də Rusiyanın yanındadır. Rusiya hazırda çox çətin dövrünü yaşayır. Azərbaycan bu gün Rusiyanı dəstəkləyir. Bu, özünü iki ölkə arasındakı iqtisadi əməkdaşlıqda da göstərir. Rusiyadakı azərbaycanlıların çoxu bu ölkənin vətəndaşlarıdır. Onlar Rusiya ilə birlikdə bu çətinlikləri keçirir”.
ÜAK icraçı direktoru İlqar Hacıyev isə çıxışında 2014-cü ildə diaspor qurumunun fəaliyyətindən danışıb.
Daha sonra Rusiyadakı Azərbaycan diasporunun fəal üzvlərinə mükafatlar təqdim olunub.
Bayram mərasimi konsert proqramı ilə davam etdirilib. Azərbaycanın xalq artisti Samir Cəfərov, əməkdar artistlər Sərxan Sərxan və Qorxmaz Axundov, Özbəkistanın əməkdar artisti Natalya Nurməhəmmədova, tanınmış pianoçu Riad Məmmədov və klarnetçi Georqi Mansurov musiqi nömrələri ilə çıxış ediblər.