Daşınmaz əmlakın dövlət reyestrinə dair yeni fərman sosial-hüquqi amillər baxımından yaranan çətinliklərə son qoyub

Daşınmaz əmlakın dövlət reyestrinə dair yeni fərman sosial-hüquqi amillər baxımından yaranan çətinliklərə son qoyub
12:53 21 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 21 yanvar, AzərTAc 
Məlum olduğu kimi, bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Fərman imzalayıb. Həmin fərmanın müddəalarını Əmlak Məsələləri Dövlət Komitəsinin şöbə müdiri Qulu Xəlilov AzərTAc-a şərh edib.
Şöbə müdiri bildirib ki, bununla daşınmaz əmlakın qeydiyyatı ilə bağlı hüquqi təminat və qanunvericilik bazası daha da təkmilləşdirilib. Bu fərman daşınmaz əmlakın qeydiyyatı zamanı tələb olunan sənədlərin siyahısını artırmaqla qeydiyyat prosesinin hüquqi dairəsini əhəmiyyətli dərəcədə genişləndirib. Belə ki, bu günədək daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı 2004-cü ildə qüvvəyə minmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna əsasən aparılırdı. Bu qanunun 8-ci maddəsində isə qeydiyyat üçün müvafiq əsaslar müəyyən edilmişdi. Lakin həmin əsaslar sırasında qanun qüvvəyə minənədək ayrı-ayrı vaxtlarda müxtəlif qurumlar tərəfindən daşınmaz əmlaka dair verilmiş bir sıra hüquqi sənədlər tam əksini tapmamışdı. Nəticədə daşınmaz əmlakın qeydiyyatı prosesində qeydiyyat idarələri müxtəlif çətinliklərlə üzləşirdi.
Bu fərmanın qüvvəyə minməsi ilə sosial-hüquqi amillər baxımından yaranan çətinliklərə son qoyuldu. Bu sənəd qeyd olunan vətəndaş-məmur ünsiyyəti zamanı ortaya çıxan çətinliklərin aradan qalxmasına hüquqi zəmin oldu. Bununla da, daşınmaz əmlakın qeydiyyatını aparan idarələrdə qeydiyyat prosesi kifayət qədər yüngülləşdi.
Fərman vaxt itkisini və çətinlikləri aradan qaldırmaqla yanaşı, daşınmaz əmlakın qeydiyyatı prosesinin stimullaşmasını təmin edəcək. Vətəndaş daşınmaz əmlakına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanun qüvvəyə minənədək əldə etmiş olduğu sənədlərini təqdim etməklə dövlət reyestrindən çıxarışını ala biləcək. Qanunvericilikdə edilmiş yenilik daşınmaz əmlakla bağlı alqı-satqı və digər proseslərə müsbət təsirini göstərəcək.
Qeyd edək ki, bu fərmanla təsdiq olunmuş daşınmaz əmlak qeydiyyatı üçün tələb olunan sənədlərin yeni siyahısında sovet dövründə qüvvədə olmuş qanunvericiliyə əsasən səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair sənədlər də əksini tapıb. Sovet dövründə və ölkəmiz müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanun qüvvəyə minənədək verilmiş mülkiyyət sənədləri də bu siyahıya daxildir.
Bununla yanaşı, fərmanda qeyd olunur ki, siyahıda nəzərdə tutulmuş sənədlər qanunla qeydiyyatı qadağan olunmuş ərazilərə şamil edilmir. Hər hansı əmlaka hüququn yarandığı anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqları olan torpaq sahələrində yerləşirsə, həmin sənədlər qeydiyyat üçün əsas hesab olunmur.
Eyni zamanda, fərmanda daşınmaz əmlakın qeydiyyatı məqsədi ilə aparılan texniki inventarlaşdırma işləri ilə bağlı vacib texniki tələblər əksini tapıb. Belə ki, dövlət və ya ictimai mənzil fonduna aid binalardakı texniki inventarlaşdırma zamanı mənzilin (otağın) sahəsinin faktiki göstəriciləri ilə qeydiyyat sənədindəki göstəricilərdə fərq aşkar olunarsa, sahənin faktiki göstəriciləri nəzərə alınır. Lakin bura mənzilə sonradan binanın tikinti layihəsinə zidd olaraq edilmiş əlavələr, artırmalar aid deyildir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Dasinmaz_emlakin_dovlet_reyestrine_dair_yeni_ferman_sosial_huquqi_amiller_baximindan_yaranan_chetinliklere_son_qoyub-826315

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR