Ramazan ayında Facebook-da yemək fotosu paylaşmaq olar?

Ramazan ayında Facebook-da yemək fotosu paylaşmaq olar?
11:42 19 İyun 2015
108 Digər
Ölkə mətbuatı
A- A+

Sən İnstagram və Facebook-a daxil olmadınsa, o sənin həyatına daxil olacaq. Əsas məsələ görməmişlik etməməkdir...

"Toxunma! Qoy, fotosunu çəkim, sonra yeyərik!", "Əl vurma! Fotosunu çəkirəm, sonra başlayarıq!" Bu ifadələr masa arxasında artıq eşidilən və heç də nadir sayılmayan kəlmələrə çevrilməkdədir.
Əfsuslar olsun ki, sosial şəbəkələrin həyatımıza daxil olduğu bir dövrdə yaşadığımızdan belə olaylardan kənarda qalmaq, görməzdən gəlmək mümkün deyil.

Sosial şəbəkələrdə dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da yemək, içmək, bir sözlə, təam və qidaların fotolarını çəkib paylaşmaq trendə çevrilib, yəni adi hala, dəbə dönüb.
Facebook və İnstagram-da bəhs etdiyim məqam daha geniş yayılıb.

Masanın üzərindəki yeməyin fotosunu çəkib paylaşanlara indi oruc tutduğunu vurğulayaraq "Müqəddəs ramazanda Allah bizə bu təamları nəsib etdi!" yazanlar da qatılıb.

Bəs yaxşı, yemək fotolarını paylaşanlarla işim yox - oruc tutan, tutub da yediyinin fotosunu sosial şəbəkədəki profil və akkauntunda yayanlara nə deyim?!

Ramazan ayında Facebook-da yemək fotosunu paylaşmaq əvəzinə, həmin yeməyi ehtiyacı olanlar, aclarla paylaşmaq müsəlmana yaraşan əməldir.

"Halal" və "haram" məsələsndə də qəti sübut, konkret dəlil, yəni "dəhl əl haram" olmazsa, heç bir əməl haram sayılmaz. Lakin gun doğandan gün batanadək oruc tutan bir insanın varlığını bilmək və bilib də yemək fotosunu paylaşmaq əsla halal əməl deyil.

Belə duruma "haram" da demək olmaz, çünki çay, çörək, şirniyyat və ya meyvə, habelə başqa, Qurani-Kərimdə haram buyurulmamış təamların heç biri müsəlman üçün yasaq deyil.
Məsələ mənəviyyatla bağlıdır.

Adi hal: kimsə masa arxasında oturubsa, yemək yeyirsə və həmin an onun fotosu çəkilərsə, fotoda da masadakı təamlar əks olunarsa, həmin foto sosial şəbəkələrdə yayılarsa - bu, normal haldır. Çünki adam yeməyini qəsdən önə çəkməyib, qida ümumi mənzərənin bir detalı, anturajı funksiyasını yerinə yetirib.

Fəqət kimsə yeməyin fotosunu bilərəkdən çəkirsə və paylaşırsa, həmin adam da "food photograhper" deyilsə, yəni qidaların və ərzaqların fotoqrafiyası sahəsində çalışmırsa, yaxud iaşə müəssisəsini tanıtdırmaq və yeməklərini reklam etmək istəmirsə, sadəcə, masanın üzərindəki qidanın fotosunu paylaşmaqla "like" və "bəyən" toplamaq fikrindədirsə - deməli, həmin zat nəfsinin qurbanı, tamahının köləsi, təşəxxüs və təkəbbürə əsir düşmüş insandır.

Eyni zamanda, belə foto paylaşmaq təhtəlşüur olaraq "like" gözləntisidir ki, həmin gözlənti birmənalı olaraq nəfsdir.
Oruc tutan insanın təqvası hara, nəfsə əsir düşmək hara...
Hz.Əlinin (ə.s) unutmayın: "Hər kəs ki, təam yeyəndə iki gözü olan ona və ya onun yeməyinə baxarsa, həmin qida baxanla paylaşılmazsa, Təala elə bir dərd verər ki, dərmanı tapılmaz".

Yediklərində ilahi qanunlara riayət etməmək, çox təəssüf ki, insanın dünyasına, cisminə və xasiyyətinin dəyişməsinə təsir edər ki, insan Allahın ən çox qəzəbləndiyi yollara addım atar. ("Taha" surəsi, 81). İlahi məhəbbətindən məhrum olmağa gətirib çıxarar. ("Maidə", 87 və 88). Ona görə də Allah "Maidə" surəsinin 4-cü ayəsində insanlara sifariş edir ki, qidalarında ilahi təqvaya riayət etsinlər. Ağıl və şəriətə zidd hərəkət etməsinlər. 

Ramazan ayı paylaşmaq ayıdır. Fəqət, Facebook və ya İnstagram-da yeməyin fotosunu paylaşmaq əvəzinə, həmin yeməyi ehtiyacı olanla paylaşaraq yoxsulu doyurmaq, acı sevindirmək, fitrə və zəkat vermək bu ayın ruhuna uyğundur. 
Sosial şəbəkələrdə ramazan ayında yemək fotoları paylaşanlar o fotoları görənlər arasında həmin təamları əldə edə bilməyənlərin olduğunu düşünürlərmi? 

İftar və ya sahur süfrəsinin fotosunu paylaşaraq "like" güdərək nəfsi doyurmaq əvəzinə mənəvi saflaşma, paklaşma ayı olan ramazanda ruhu doyurmaq daha yaxşı olmazmı?
Belələrinə psixologiyada "narsis"lər, yəni narsisizmə mübtəla olanlar, özünə vurulanlar deyirlər və həmin şəxslər öz EQOları ilə mübarizədə uduzanlardır.
Dünyanın ən məşhur psixoloqlarından biri, ABŞ-dakı Sem Hyuston Universitetinin professoru Rouland Millerin qənaətinə görə, sosial şəbəkələr insanlarda utancaqlıq hissini korşaldıb. 
Ümumiyyətlə, cənab Millerin kitablarını oxumaq məsləhətdir.

Müqəddəs ramazan ayı sadəcə, səhər açılandan şər qarışanadək ac və susuz qalmaq deyil əsla.
11 ayın sultanı olan bu ay müsəlmanın nəfsinə hakim, tamahına qalib olduğu, zəifliklərini yendiyi, ən başlıcası isə yoxsul və füqəranın nə çəkdiyini içdən anlamağın mümkün olduğu bir aydır.
Hidayət orucu təqvalı, duaları qəbullu edər.
Allah hər birimizi nəfsimizə qalib, əməlimizi saleh etsin...

Elçin Alıoğlu
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/351359.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR