Əməyin mühafizəsində tətbiq olunan innovativ metodlar öyrənilir

Əməyin mühafizəsində tətbiq olunan innovativ metodlar öyrənilir
11:46 19 İyun 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan əməyin mühafizəsində dünyada tətbiq olunan innovativ metodları öyrənir. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN)  keçirilən, “Tikintidə və iqtisadiyyatın digər sahələrində əməyin mühafizəsi” mövzusuna həsr edilən seminarda bildirilib. Qeyd edilib ki, dünyanın inkişaf  etmiş ölkələrində əməyin mühafizəsi istiqamətində innovativ metodlardan geniş şəkildə istifadə edilir. XXI əsrdə əməyin mühafizəsi istiqamətində innovativ metodlardan yararlanmağın qaçılmaz olduğu vurğulanaraq əlavə edilib ki, onların öyrənilməsi və ölkəmizə gətirilməsi vacib məqamlardandır. Seminarda vurğulanıb ki, Azərbaycan da sözügedən istiqamətdə addımlar atır və ölkəmiz əməyin mühafizəsi istiqamətində ənənələrə malikdir.

ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və Avropa İttifaqının Əməyin Mühafizəsi Agentliyi ilə birgə reallaşdırdığı seminarda beynəlxalq ekspertlər və sosial partnyorlar iştirak edib.  Adıçəkilən xidmətin rəisi Fuad Əlizadə iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasının günümüzün vacib məsələlərindən olduğunu vurğulayıb: “Beynəlxalq Əmək Təşkilatının məlumatına görə, hər il dünyada istehsalatla əlaqəli 339 milyon bədbəxt hadisə baş verir ki, həmin hadisələr nəticəsində 160 milyon nəfər xəsarət alır və peşə xəstəliyinə tutulur, 2 milyon 340 min nəfərdən çox insan həlak olur”.
 Prezident İlham Əliyevin ölkənin sürətli və hərtərəfli inkişafına xidmət edən siyasətində işçilərin əmək və sosial hüquqlarının qorunmasının mühüm yer tutduğunu vurğulayan F.Əlizadə bunun nəticəsi kimi, ölkəmizdə əməyin mühafizəsi sahəsində dövlət siyasətinin daim gücləndiyini diqqətə çatdırıb: “Bu sahədə təsirli inzibati tədbirlərlə yanaşı, təbliğat-maarifləndirmə işləri də aparılır. Ötən ilin sentyabrından respublikada «Təhlükəsiz iş həftəsi», «Təhlükəsiz iş ongünlüyü», «Təhlükəsiz iş aylığı» kimi tədbirlər keçirilib. Bütün bu işlərin müsbət nəticəsi kimi, Azərbaycanda istehsalat qəzalarının, həmin qəzalar zamanı zərərçəkən şəxslərin sayı getdikcə azalır”.

Xidmət rəisi iş yerlərində əməyin təhlükəsizliyi üzrə önləyici tədbirlərin, peşə risklərinin düzgün qiymətləndirilməsinin, əməyin mühafizəsində sosial tərəfdaşlarla fəaliyyətin səmərəli təşkilinin əhəmiyyətindən bəhs edib. O bu sahələrdə mütərəqqi dünya təcrübəsinin öyrənilməsinə və tətbiqinə xüsusi önəm verildiyini bildirib: “Avropa İttifaqının Əməyin Mühafizəsi Agentliyi ilə uğurlu əməkdaşlıq çərçivəsində keçirilən bu seminar da əməyin mühafizəsində innovativ iş üsulları, həmçinin istehsalat qəzası risklərinin yüksək olduğu yerlərdə sağlam və təhlükəsiz əməyin təmin edilməsi üzrə qabaqcıl Avropa təcrübəsinin öyrənilməsi və tətbiqində mühüm rola malikdir”.

 Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin proqram rəhbəri Rza Zülfüqarzadə təmsil etdiyi təşkilatla ölkəmiz arasında əməkdaşlığın əməyin mühafizəsi sahəsini də əhatə etməsindən məmnunluğunu ifadə edib, keçirilən belə tədbirlərin sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması işlərində səmərəli olduğunu vurğulayıb. Seminarda Əməyin Mühafizəsi Agentliyinin məsul işçisi Tim Tregenzanın, beynəlxalq ekspert Vikinq Husberqin Aİ-də əməyin  təhlükəsizliyi üzrə strategiyalar və qanunvericilik, peşə riskinin  qiymətləndirilməsi, əməyin təftişi üzrə müasir yanaşmalar, praktiki vasitələr, ayrı-ayrı Avropa ölkələrinin bu sahədə təcrübələri və s. barədə məlumatları dinlənilib, qabaqcıl təcrübələrdən irəli gələn innovativ iş metodlarının yerli şəraitdə tətbiqi məsələləri müzakirə olunub.
 
SEYMUR



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-37396-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR