Dini icmaların sədrləri və din xadimləri ilə görüş keçirilib

Dini icmaların sədrləri və din xadimləri ilə görüş keçirilib
12:53 19 İyun 2015
72 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 19 iyun, AZƏRTAC 
Ramazan ayının başlanması ilə əlaqədar olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Abşeron rayonunda fəaliyyət göstərən dini icmaların sədrləri, din xadimləri və fəal dindarlarla görüş keçirilib.
Bu barədə AZƏRTAC-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Görüşdə əvvəlcə müqəddəs “Qurani-Kərim”dən surələr oxunub.
Sumqayıt bölgəsi üzrə şöbənin müdiri Azər Abbasov Ramazan ayının başlanması ilə əlaqədar dindarları təbrik edib. Şöbə müdiri Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən təsdiq olunan Ramazan ayının təqviminə əməl edilməsinin vacibliyini din xadimlərinin diqqətinə çatdırıb.
Dini sahədə düzgün maarifləndirmənin vacibliyini qeyd edən A.Abbasov Prezident İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq dini icmalara maliyyə vəsaitlərinin ayrılmasının Dövlət Komitəsi tərəfindən davam etdirildiyini qeyd edib.
Çıxış edən din xadimləri və icma sədrləri göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər. İcmaların fəaliyyətinin müxtəlif aspektləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşün sonunda icma sədrləri və din xadimlərinə Komitənin dəstəyi ilə nəşr olunmuş kitablar və çap vəsaitləri, həmçinin QMİ tərəfindən təsdiq edilərək dərc edilən Ramazan təqvimləri təqdim olunub.
Sumqayıt şəhərində isə Ramazan ayının başlanması ilə əlaqədar olaraq dini icmaların sədrləri, din xadimləri və fəal dindarlarla görüş Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsi və QMİ-nin Sumqayıt şəhəri üzrə qazisinin birgə təşkilatçılığı ilə keçirilib.
Görüşdə çıxış edən QMİ-nin Sumqayıt şəhəri üzrə qazisi Rauf Sərdarov Ramazan ayı münasibətilə dindarları təbrik edib.
Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin müdiri Azər Abbasov Ramazan ayının bütün müsəlman dünyasında birlik, bərabərlik ayı olduğunu qeyd edib və dini həmrəyliyin bu ayda da qorunub saxlanılması üçün din xadimlərinin və dini icmaların üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib.
Dini qurumlarla iş üzrə şöbənin məsləhətçisi Əli Həziyev dini icmalara maliyyə vəsaitlərinin ayrılması üçün layihənin təqdim olunma qaydaları barəsində icma sədrlərinə məlumat verib.
Sonda dini icma sədrlərini və din xadimlərini maraqlandıran suallar cavablandırılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Dini_icmalarin_sedrleri_ve_din_xadimleri_ile_gorus_kechirilib-865235

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR