Fransada muğam konserti təşkil edilib

13:27 19 İyun 2015
Ölkə mətbuatı
A- A+

[ 19 İyun 2015 14:22 ]


Bakı-APA. Fransanın Nant şəhərində Azərbaycanın Fransadakı Səfirliyi, Paris Azərbaycan Evi və  Azərbaycanın Dostları Assosiasiyası Nant şəhərinin meriyası ilə əməkdaşlıqda muğam konserti təşkil edib.

 

Azərbaycanın Fransadakı səfirliyindən APA-ya verilən məlumata görə, tədbiri açan səfirliyin əməkdaşı Ayaz Qocayev öz çıxışında Fransanın müxtəlif bölgələrində həyata keçirilən və Azərbaycanın zəngin və qədim mədəniyyətinin tanıdılmasına xidmət edən çoxsaylı layihələr, xüsusən də Heydər Əliyev Fondunun « Qafqazın mirvarisi: Azərbaycanın mədəni dəyərləri » adlı layihəsi barədə məlumat verib.

 

O, bu cür tədbirlərin Fransa kimi iri və nüfuzlu  ölkədə Azərbaycanın zəngin mədəniyyətinin tanıdılması baxımından əhəmiyyətli olduğunu qeyd edərək, gələcəkdə də davam edəcəyini vurğulayıb. A.Qocayev daha sonra Azərbaycanda hazırda böyük uğurla davam etdirilən ilk  Avropa Oyunları haqqında məlumat verib.

 

Daha sonra Paris Azərbaycan Evinin sədri, Azərbaycan Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva hər iki təşkilat haqqında məlumat verərək, əsas məqsədlərinin Azərbaycanın Fransada daha geniş tanıdılmasından ibarət olduğunu qeyd edib.

 

O, bu zamana qədər həyata keçirilən layihələrin müsbət nəticələr verdiyini vurğulayaraq, Nant şəhərindəki muğam konsertinin də növbəti layihələr üçün yol açacağına ümid etdiyini bildirib.

 

Sonra tamaşaçılar, Azərbaycanın əməkdar artistləri kamança ustası Elşən Mansurov, tarzən Malik Mansurov və gənc xanəndə Kamilə Nəbiyevanın ifasında  muğam musiqisini dinləyiblər. Böyük rəğbətlə qarşılanan konsert zamanı Qarabağ şikəstəsi də daxil olmaqla məşhur muğam parçaları səsləndirilib.

 

Konsertdən sonra Heydər Əliyev Fondu tərəfindən hazırlanmış Azərbaycana aid təbliğat materialları və Birinci Avropa Oyunlarına aid suvenirlər və geyim əşyaları paylanıb. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/387784

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR