Bunu APA-ya açıqlamasında Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.
S. Seyidov sessiyada Azərbaycana qarşı qeyri-obyektiv tənqidlərin səslənməsinə hazırlaşdıqlarını bildirib: "Bilirik ki, müxtəlif qüvvələr, xüsusilə də erməni lobbisinin dəstəyi ilə Azərbaycana qarşı həqiqətdən uzaq məlumatların yayılması ilə məşğuldurlar. Biz buna qarşı müxtəlif addımlar, çıxışlar hazırlayırıq”.
S. Seyidov qeyd edib ki, Azərbaycanla bağlı hazırlanmış məruzənin ilkin variantı artıq ondadır və hazırda üzərində təhlillər aparılır: “Məruzədə xeyli tənqidi məqamlar var. Reallığı əks etdirən məqamlara təbii ki, normal yanaşmaq lazımdır. Amma o məqamlar ki, qeyri-obyektivdir, ikili standartlardan ibarətdir, onlara qarşı biz kəskin mövqeyimizi bildirəcəyik. Eyni zamanda, məruzədə çox vacib bir məsələ də var. Orada Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalı ilə bağlı məqamlar mövcuddur. Bu məsələni biz dəstəkləyəcəyik ki, məruzə qəbul olunsa, bu fikirlər sənəddə qalsın. Amma biz bilirik ki, Ermənistan tərəfi yalanlar yayıb, hansısa məsələləri dəyişdirməyə cəhd edəcək. Ona görə bu məsələdə də işimizi möhkəm tutmuşuq”.