"Bu, Ermənistanın müharibəyə hazırlığının mesajıdır"

13:17 21 Yanvar 2015
118 Digər
Ölkə mətbuatı
A- A+

“Rəsmi Yerevan bütün 2014-cü il boyu Azərbaycanı hədələyib, həmsədrlər isə susublar. Eləcə də, həmsədrlər müharibəni başlamağın vaxtı mövzusunda Azərbaycanın konseptual marağı ilə Ermənistanın konkret zamandakı marağı arasında balans yarada bilmədilər”. Trend-in məlumatına görə, bu barədə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.

Politoloq qeyd edib ki, rəsmi Yerevan bütün 2014-cü il boyu Azərbaycanı hədələdi: “2014-cü il Ermənistan müdafiə naziri Seyran Ohanyanın “Azərbaycanı cəzalandırmışıq və cəzalandırmaqda da davam edəcəyik" bəyanatı ilə başladı. Ermənistan prezidenti Serj Sarkisyan V.Sarkisyan adına hərbi institutun 20 illiyinə həsr olunmuş tədbirdə Azərbaycanı hədələdi: “...düşmənə deyirik: ehtiyatlı olun, bu, Ermənistan torpağıdır. Burada siz öz sonunuzu tapacaqsınız”.

M.Əhmədoğlunun sözlərinə görə, az sonra S.Sarkisyan hədə seriyasını “Raketlərlə bütün Azərbaycanı Ağdama çevirəcəyik” bəyanatı ilə davam etdirdi: “Bunun dalınca bir qrup asalaçı “Bakı nəzərə alsın ki, 20 Yanvar ASALA-nın ad günüdür” fikrini səsləndirdi. ASALA müdafiə naziri S.Ohanyanın kurasiyasındadır. ASALA metodlarını mənimsəmiş S.Ohanyan 2 dəfə Mingəçevir su anbarını partlatması hədəsi ilə çıxış etdi. Ohanyanın 2 dəfə Mingəçevir su anbarını partlatmaqla Azərbaycanı hədələməsi onun hədsiz savadsızlığının göstəricisidir. Rəsmi Bakı Mingəçevir su anbarının təhlükəsinin mahiyyətini başa düşür və bu istiqamətdə işlər görülür. Suyun səviyyəsinin dinamikasını izləməklə buna əmin olmaq olar. Eləcə də, Mingəçevir su anbarının ətrafına vizual göz gəzdirməklə də nə qədər çox dəyişikliyin baş verdiyini müşahidə etmək olar. FHN xüsusi təlimlər keçirir. Azərbaycanın su təhlükəsizliyinin təminində ciddi işlər görülür”.

Politoloq qeyd edib ki, Metsamor AES-in Ermənistan üçün təhlükəsi Mingəçevir su anbarının Azərbaycan üçün yaratdığı təhlükədən qat-qat böyükdür: “Bu AES-in Naxçıvan və Türkiyəyə yaxın ərazidə yerləşməsi də diqqətimizdədir. Eləcə də, Ermənistanın nüvə tullantısı anbarlarının vəziyyəti də çox risklidir. Azərbaycan tərəfi Mingəçevir su anbarının təhlükəsizliyinin təminində ciddi uğurlar əldə etdiyi halda Ermənistanda AES-in təhlükəsizliyinə ayrılan pulun mənimsənildiyi aşkarlandı. Eləcə də, bəlli oldu ki, Ermənistanın AES-ində işləyən yüksəkixtisaslı mütəxəssislərin böyük əksəriyyəti hal-hazırda İranda Buşehr AES-də işləyir. Metsamor AES və nüvə tullantıları anbarlarının kənarına kiçik raketin düşməsi bütün erməni xalqının qısa müddət ərzində Ermənistanı tərk etməsi anlamındadır. Fövqəladə vəziyyət yarandıqda bütün erməni ordusunun Dağlıq Qarabağı tərk edəcəyi də şərhsizdir”.

M.Əhmədoğlu vurğulayıb ki, il ərzində ermənilərin belə məntiqsiz hədələri çox olub: “İndiki baş nazir O.Abramyan, o cümlədən S.Sarkisyanın yaxın dostu A.Geqamyan Azərbaycana gələn suyun üzərində bəndlər tikilməklə azaldılmasını təklif edirlər. Nəzərə almırlar ki, Ermənistana su Türkiyənin ərazisindən gəlir”.

Politoloq bildirib ki, prezidentlərin Paris görüşündən sonra Ermənistan hərbi birləşmələri iki hissəyə bölünərək, Ermənistanla Azərbaycanın işğal olunmuş ərazilərinin sərhədində “Birlik-2014” adlı hərbi təlim keçirdilər:

“Vasitəçilər bu hədələrin heç birinə münasibət bildirməyiblər. Vasitəçilər müharibə tərəfdarı kimi yalnız Azərbaycanı qəbul ediblər. Konseptual baxımından bu həqiqətdir. Amma Ermənistanla Azərbaycanın arasındakı hərbi gücün fərqi sürətlə Ermənistanın ziyanına dəyişir. Bunu da ermənilər başa düşürlər. Ona görə də ermənilər yaxın zaman kəsiyində hərbi qələbə qazanmağa möhtacdırlar və buna can atırlar. Həmsədrlər müharibəni başlamağın vaxtı mövzusunda Azərbaycanın konseptual marağı ilə Ermənistanın konkret zamandakı marağı arasında balans yarada bilmirlər və yaratmaq istəmirlər”.

M.Əhmədoğlu vurğulayıb ki, hərbi gərginliyin artması Ermənistanın daxili və xarici siyasətinə təsir edən ən mühüm parametrdir. Onun sözlərinə görə, son hərbi gərginlik Ermənistanın komplementar xarici siyasətini dağıtdı.

Politoloq əlavə edib ki, vasitəçilərin Ermənistanın hədələrinə heç bir münasibət bildirməməsi daha iki parametr yaratdı: “Birincisi, Ermənistan militarlaşma indeksinə görə dünyada üçüncü, Avropada birinci oldu. Bonn Beynəlxalq Konversiya Mərkəzi “Qlobal Militarizasiya-2014” indeksini açıqladı. Ermənistanın bu “uğurunda” Beynəlxalq maliyyə qurumlarının, xüsusi ilə onların reallaşdırdığı proyektlərdəki korrupsiya sxemləri vacib rol oynayır. İkincisi, S.Ohanyan “Preventiv hücumlar Ermənistan ordusunun taktikasıdır” bəyanatını verdi. Bununla da qoşunların təmas xəttindəki insidentlərin təşəbbüskarının Ermənistan olduğunu etiraf etdi. Bu, həm də Ermənistanın müharibəyə hazırlığının mesajıdır”.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/320160.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR