Tayfur Əliyev: "Tamaşaçıların səsini eşidəndə içimdən rəqibi döymək gəldi"

16:08 19 İyun 2015
67 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir İlkin İzzət/

“Mən döyüşün 3-cü raundunda sanki birdən ayıldım. Tamaşaçıların dəstəyini, “Tayfur” qışqırmasını eşitdim, daha da qürurlandım. Tamaşaçıların səsini eşidəndə içimdən rəqibi döymək gəldi. Əlbəttə ki, finala kimi tamaşaçıların bundan da yaxşı dəstəyini gözləyirəm”.

Trend xəbər verir ki, bunu bu gün Avropa Oyunlarında kişi boksçuların yarışında yarımyüngül çəkidə (56 kq) Rumıniya boksçusu Nikolae Andreiananı məğlub edərək 1/4 finala vəsiqə qazanan Azərbaycan təmsilçisi Tayfur Əliyev deyib.

Apreldə Bakıda keçirilən "Böyük İpək Yolu" turnirində qızıl medal qazanan T.Əliyev paytaxtımızda ilk Avropa Oyunlarında da uğurunu təkrar etmək niyyətindədir: “Əvvəlcədən bildirmişəm ki, bu yarışa qızıl medal qazanmaq üçün qatılmışam. Məqsədim budur. İndi inanıram ki, məqsədimə çata bilərəm. Ümumilikdə, əsas hədəfim hələ ki, bu yarışda çempion olmaq, daha sonra dünya çempionatında uğurla çıxış edib 2016-cı il olimpiadasına lisenziya qazanmaqdır”.

Rumın boksçu ilə döyüşdə qaşının partlaması nəticəsində zədə alan boksçumuzun sözlərinə görə, bu zədə o qədər də ciddi deyil: “Həkim yoxladı və məlum oldu ki, ciddi bir şey yoxdur”.

T.Əliyev rəqibinin görüşü idarə edən hakimlərin rəyindən narazı qalmasına da münasibət bildirib: “Rəqib gördü ki, qaşım açılıb. Yəqin ki, buna görə etirzaz edib. Çünki hər idmançı qarşısındakının bir yerində zədə görəndə fikirləşir ki, o, rəqibi üzərində qələbə qazanıb”.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/baku5015/2408417.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR