Tayfur Əliyev: "Tamaşaçıların səsini eşidəndə içimdən rəqibi döymək gəldi"

Tayfur Əliyev: "Tamaşaçıların səsini eşidəndə içimdən rəqibi döymək gəldi"
16:42 19 İyun 2015
291 İdman
Ölkə mətbuatı
A- A+

Mən döyüşün 3-cü raundunda, sanki, birdən ayıldım. Tamaşaçıların dəstəyini, "Tayfur" qışqırmasını eşitdim, daha da qürurlandım. Tamaşaçıların səsini eşidəndə içimdən rəqibi döymək gəldi. Əlbəttə ki, finala kimi tamaşaçıların bundan da yaxşı dəstəyini gözləyirəm.

Trend xəbər verir ki, bunu bu gün Avropa Oyunlarında kişi boksçuların yarışında yarımyüngül çəkidə (56 kq) Rumıniya boksçusu Nikolae Andreiananı məğlub edərək 1/4 finala vəsiqə qazanan Azərbaycan təmsilçisi Tayfur Əliyev deyib.

Apreldə Bakıda keçirilən "Böyük İpək Yolu" turnirində qızıl medal qazanan T.Əliyev paytaxtımızda ilk Avropa Oyunlarında da uğurunu təkrar etmək niyyətindədir: "Əvvəlcədən bildirmişəm ki, bu yarışa qızıl medal qazanmaq üçün qatılmışam. Məqsədim budur. İndi inanıram ki, məqsədimə çata bilərəm. Ümumilikdə, əsas hədəfim, hələ ki, bu yarışda çempion olmaq, daha sonra dünya çempionatında uğurla çıxış edib 2016-cı il olimpiadasına lisenziya qazanmaqdır".

Rumın boksçu ilə döyüşdə qaşının partlaması nəticəsində zədə alan boksçumuzun sözlərinə görə, bu zədə o qədər də ciddi deyil: "Həkim yoxladı və məlum oldu ki, ciddi bir şey yoxdur".

T.Əliyev rəqibinin görüşü idarə edən hakimlərin rəyindən narazı qalmasına da münasibət bildirib: "Rəqib gördü ki, qaşım açılıb. Yəqin ki, buna görə etiraz edib. Çünki hər idmançı qarşısındakının bir yerində zədə görəndə fikirləşir ki, o, rəqibi üzərində qələbə qazanıb".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/351416.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR