Fransada muğam axşamı

Fransada muğam axşamı
16:53 19 İyun 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 19 iyun /Trend/

Fransanın Nant şəhərində Paris Azərbaycan Evi, Azərbaycanın Dostları Assosiasiyası və Azərbaycanın Fransadakı səfirliyi tərəfindən Nant şəhərinin meriyası ilə əməkdaşlıq çərçivəsində muğam konserti təşkil edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, tədbirin açılışında Fransanın müxtəlif bölgələrində həyata keçirilən və Azərbaycanın zəngin, qədim mədəniyyətinin tanıdılmasına xidmət edən çoxsaylı layihələr, xüsusən də Heydər Əliyev Fondunun "Qafqazın mirvarisi: Azərbaycanın mədəni dəyərləri" adlı layihəsi barədə məlumat verilib. Azərbaycanın Fransadakı səfirliyinin əməkdaşı Ayaz Qocayev belə tədbirlərin Fransa kimi nüfuzlu ölkədə Azərbaycanın tanıdılması baxımından əhəmiyyətini vurğulayıb və gələcəkdə də davam etdiriləcəyini qeyd edib. O, həmçinin Azərbaycanda hazırda böyük uğurla keçirilən I Avropa Oyunları haqqında məlumat verib.

Paris Azərbaycan Evinin rəhbəri, Azərbaycan Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva isə hər iki təşkilat haqqında məlumat verərək, əsas məqsədlərinin Azərbaycanın Fransada daha geniş tanıdılmasından ibarət olduğunu qeyd edib. O, indiyədək həyata keçirilən layihələrin müsbət nəticələr verdiyini vurgulayaraq, Nant şəhərindəki muğam konsertinin də növbəti layihələr üçün yol açacağına ümid etdiyini bildirib.

Çıxışlardan sonra tamaşaçılar Azərbaycanın əməkdar artistləri kamança ustası Elşən Mansurov, tarzən Malik Mansurov və gənc xanəndə Kamilə Nəbiyevanın ifasında muğam musiqisini dinləyib. Konsert proqramında Qarabağ şikəstəsi də daxil olmaqla, məşhur muğam parçaları səsləndirilib.

Konsertdən sonra tamaşaçılara Heydər Əliyev Fondu tərəfindən hazırlanmış Azərbaycana aid təbliğat materialları və I Avropa Oyunlarına aid suvenirlər, aksesuarlar paylanılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/culture/2408451.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR