“Caspian Energy” jurnalının İtaliyanın iqtisadi inkişafına həsr olunmuş xüsusi nömrəsi dərc olunacaq

16:58 19 İyun 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 19 iyun, AZƏRTAC
“Caspian Energy” jurnalının İtaliyanın iqtisadi inkişafına həsr olunmuş xüsusi nömrəsi dərc olunacaq.
Caspian European Club-dan AZƏRTAC-a verilən məlumata görə, bu barədə Caspian Energy İnternational Media Group-un prezidenti və baş redaktoru Natalya Əliyevanın və redaksiyanın əməkdaşlarının İtaliyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Campaolo Kutilo ilə görüşündə bildirilib.
Görüşdə Caspian European Club və Caspian Energy İnternational Media Group çərçivəsində əməkdaşlığın genişləndirilməsi imkanları, həmçinin İtaliya iqtisadiyyatının inkişafına həsr olunmuş xüsusi nömrənin buraxılışı müzakirə olunub.
İtaliyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Campaolo Kutilo “Caspian Energy” jurnalına eksklüziv müsahibəsində Azərbaycanla İtaliya arasındakı əməkdaşlığın perspektivlərindən bəhs edib: “Əlbəttə ki, gələcək inkişaf üçün bizim potensialımız var. Buna görə də əvvəlki kimi yenə də hazırkı göstəriciləri qənaətbəxş hesab etmirik. Biz bundan da yüksək nəticələr əldə edə bilərik. Son üç-dörd il ərzində İtaliyadan Azərbaycana ixracın həcmində əhəmiyyətli dərəcədə artım müşahidə olunub. 2011-ci ildə İtaliyadan Azərbaycana ixracın həcmi 200 milyon avrodan az olduğu halda 2014-cü ildə bu rəqəm 600 milyon avroya yüksəlib. Bütün bu faktlar əməkdaşlığımızın inkişafından xəbər verir”.
O, həmçinin qeyd edib ki, İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır. “Azərbaycan 2014-cü ildən İtaliyaya ilk neft tədarükçüsüdür. Bildiyiniz kimi, İtaliya “Cənub qaz dəhlizi” layihəsində tərəfdaş qismində çıxış edir. Biz də öz növbəmizdə Azərbaycan da daxil olmaqla bütün tərəfdaşlarımızla 2016-cı ildə Transadriatik qaz kəmərinin (TAP) tikintisinə başlamaq öhdəl iyini öz üzərimizə götürdük”.
Birinci Avropa Oyunlarına toxunan səfir bu oyunların olduqca böyük əhəmiyyət kəsb etdiyini, açılış mərasiminin möhtəşəm olduğunu diqqətə çatdırıb. “Biz həmin mərasimdə iştirak etməyimizdən şad olduq. Hesab edirəm ki, bu, Azərbaycan üçün əla başlanğıcdır”, - deyə səfir bildirib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Caspian_Energy_jurnalinin_Italiyanin_iqtisadi_inkisafina_hesr_olunmus_xususi_nomresi_derc_olunacaq-865331

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR