Fəridə Əzizova: "Ona görə ağladım ki..."

Fəridə Əzizova: "Ona görə ağladım ki..."
16:59 19 İyun 2015
335 İdman
Ölkə mətbuatı
A- A+

"Yarışda qızıl medal qazanmaq istəyirdim. Amma alınmadı. Deyərdim ki, final görüşündə öz səhvimə görə uduzdum, nəticədə qızıl medal əldən getdi. Bir səhvə görə məğlub oldum".
 
APA TV-nin xəbərinə görə, bu sözləri I Avropa Oyunlarının gümüş mükafatçısı, taekvondoçu Fəridə Əzizova bildirib.
 
Onun sözlərinə görə, rəqibinə zərbə vuran anda cüzi səhvi ona baha başa gəlib və nəticədə özünü qoruya bilməyib: "Buraxdığım 1 xal bütün görüşü əldən verməyimə səbəb oldu. Son saniyələrdə məğlub durumdan xilas olmağa çox çalışsam da, istəyimə çata bilmədim. Yekunda 5:6 hesabı ilə uduzdum".
 
Nədənsə rusiyalı taekvondoçu Anastasiya Barışnikova ilə görüşlərdə bəxtinin gətirmədiyini deyən idmançımız bildirib ki, Barışnikova artıq 4-cü dəfədir ona qalib gəlir. Fəridə növbəti  yarışlarda bu uğursuzluğa son qoyacağına çalışacağını deyir.
 
Gümüş mükafatçımız qarşıda duran planlarından da danışıb: "Gələcək planlarım çoxdur. İlk növbədə gələn il Rio de Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanmalıyam. Amma bununla iş bitməyəcək. Olimpiadada sözümü deməliyəm. Bunun üçün əlimdən gələni edəcəyəm. Lisenziya həm reytinq xalları ilə ölçüləcək, həm də təsnifat turnirlərindəki çıxışa əsasən veriləcək".
 
Dünən medal qazanandan sonra göz yaşlarını saxlaya bilməməsini isə Fəridə belə izah edib: "İlk Avropa Oyunları Azərbaycanda keçirilir. Bundan əlavə, mənim final görüşümdə ölkə başçısı və bütün ailəsi zalda idi. Özümə söz vermişdim ki, Avropa Oyunlarında qızıl medal götürəcək və himnimizi səsləndirəcəyəm. Ancaq bunu bacarmadım və çox məyus oldum. Xalqımıza, prezidentimizə o sevinci yaşada bilmədim".
 
Qeyd edək ki, taekvondoçularımız bu günədək çıxış etdikləri 6 çəki dərəcəsindən dördündə medal qazanmağı bacarıblar. İdmançılarımızın hesabında 2 qızıl, 1 gümüş, 1 bürünc medal var.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/206372

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR