"Fransa AVRO-2016-nın favoriti deyil"

"Fransa AVRO-2016-nın favoriti deyil"
23:32 19 İyun 2015
40 İdman
Ölkə mətbuatı
A- A+

Fransa millisinin futbolçusu Matye Valbuena ölkə mətbuatına müsahibə verib. Milli.Az goal.az-a istinadən "Dinamo Moskva"nın şərəfini qoruyan futbolçunun müsahibəsini təqdim edir.

- Braziliyada keçirilən mundialdan sonra Fransa millisi artırıb?
- Dünya çempionatından sonra bizdən çox şey gözləyirlər. Mundialın 1/4 finalında Almaniyaya məğlubiyyət hər kəsi məyus etdi. Baxmayaraq ki, gələcək dünya çempionlarına qarşı oynayırdıq, bəziləri bəxtimizin gətirmədiyini hesab edirdi. Qalib gəlib yolumuza davam edə bilərdik. Amma ən əsası həmin çempionatda yenidən azarkeşlərin sevgisini qaytardıq. 2010 mundialından sonra bunu etmək elə də asan deyildi. Belçika (3:4) və Braziliyaya (1:3) məğlubiyyət ümumi mənzərəni korlasa da, Fransa azarkeşlərinin böyük gözləntiləri var.
- AVRO-2016-nın başlanmasına 1 il qalır. Bu yenilgiləri həyəcan siqnalı hesab etmək olarmı?
- Bəli, həyəcan siqnalıdır. Hər iki oyunda bütün komponentlərə görə rəqibdən zəif idik: aqressivlikdə, ustalıqda, oyun intizamında. Hesab edirəm ki, komandanın xarakteri olduğu kimi qalıb. Sadəcə biraz arxayınlaşmışdıq. Evdə Belçika və Braziliya kimi güclü rəqiblərdən belə 3-dən çox qol buraxmaq çatışmazlığın olduğunu göstərir. Mövsümün sonunda meydana gələn yorğunluq bəhanə deyil. Niyə özümüzü aldadaq? Belçika futbolçuları da eyni situasiyada idi. Biz birə-bir mübarizəərdə yaxşı oynamadıq. Komanda oyunu da zəif idi.
- Belçikanı böyük futbol ölkəsi hesab etmək olar?
- İstənilən halda onlar AVRO-2016-nın favoritlərindən hesab edilir. Bizə qarşı matçda tam hazırlıqlı olduqlarını nümayiş etdirdilər. Sanki yoldaşlıq oyununa gəlməmişdilər. Amma onlarla fərqli durumdayıq. Belçika Avropa çempionatına vəsiqə qazanmaq üçün mübarizə apardığı halda, biz sadəcə hazırlaşırıq. Bundan sonra hələ bir sıra elementlərin üzərində işləmək lazım gələcək.
- Fransanı AVRO-2016-nın favoriti hesab edirsiniz?
- Fransa favorit olmasa da, əsas məqsədimiz çempion olmaqdır. mənim fikrimcə, belə paradoks yaranır. Favorit olmasaq da, motivasiya xatirinə belə hesab etməliyik. Bu cür əlverişli imkanı əldən buraxa bilmərik. Reytinqdə Almaniya, İspaniya, Belçika, Hollandiya bizdən üst pillələrdə qərarlaşıb. Fransa millisi isə 2014 mundialındakı uğurun təsadüfi olmadığını sübut etməlidir. Avropada ən yaxşı komanda deyilik, amma pis də sayılmırıq. Obyektiv olmaq lazımdır. Potensialına görə milli çox şeyə qadirdir. Bir ildən sonra xalqı məyus etməyə haqqımız yoxdur. Avropa çempionatı bizim nəsil üçün pik nöqtə olmalıdır. Futbolçunun karyerasında belə nüfuzlu turniri öz vətənində oynamaq şansı nadir halda ələ düşür.
- Artıq 30 yaşınız var. İki dünya, bir Avropa çempionatında çıxış etmisiniz. Millidəki statusunuz nədir?
- Qəribədir. Yaşıma əsasən veteran hesab edilməliyəm. Amma özümü 25 yaşda hiss edirəm. Böyük turnirlərdə iştirak etsəm də, özümü tükənmiş biri saymıram. Benzema, Lloris, Evra, Mandanda, Sanya, mən bir yerə yığışırıq ki, gənclərə nümunə ola bilək. Amma Fransa millisində ulduz yoxdur. Komandanın parlaması üçün lazım olanı etməliyik.
- Baş məşqçi Didye Deşamla münasibəiniz necədir?
- "Marseille" və Fransa millisində birlikdə çalışmışıq. O, mənə güvənir. Etimad mənim üçün "mühərrik"dir. Məşqçi mənə etibar edəndə daha yaxşı oynayıram. Deşam xarakterimi bilir. Milli komandada möhkəmlənmək mənə çətin oldu. Amma yerimi heç kimə verməyəcəm.
- Moskvada özünüzü necə hiss edirsiniz?
- Vaxt uçur. Məşq 12:30-da başlayır. Səhər saat 10:00-da yuxudan dururam. Yarım saat sonra şəxsi sürücüm məni məşq bazasına aparır. Yarım saat məşqdən sonra trenajora gedirəm. Təxminən 15:30-da nahar edib saat 6-da evə gedirəm. Qışda evdə otururam. Hava tez qaraldığı üçün bir yerə çıxa bilmirəm.
- 8 il "Marseille"in şərəfini qorumusuz. Bəlkə, daha öncə klubu dəyişməliydiniz?
- Bu sualı tez-tez mənə verirlər. "Marseille"dən tez getmədiyim üçün təəssüf etmirəm. Onu doğma klubum sayıram. Marseldə titul qazandım, futbolçu kimi formalaşdım. "Velodrome" stadionu ilə bağlı gözəl xatirələrim var. "Olimpique" qəlbimdə əbədi qalacaq. Fransaya qayıdanda Marsel ətrafında qalıram. Buranın əhalisinə bağlıyam. Düşünürəm ki, azarkeşlərin sevgisinə layiqəm. Çünki 2010-cu ildə bu klubda çempionluq sevinci yaşamışam.
- "Marseille"in oyunlarını izləyirsiniz?
- Əlbəttə, hamısını. Fransada olanda stadiona gedirəm. Bəzən mənə elə gəlir ki, hələ də bu klubda çıxış edirəm.
- Komandanın ötən mövsüm çempion olmaması sizi üzdü?
- Əmindim ki, "Marseille" PSG-dən sonra ikinci pilləni tutacaq. Minimum 3-cü yerə ümid edirdim. İlk dövrədə komandanın necə oynamasını nəzərə alsaq, 3-cü pillə uğursuzluq kimi qiymətləndirilərdi. Amma 4-cü pilləni heç gözləmirdim. Çempionlar Liqasına vəsiqə qazanmamaq lap qanımı qaraltdı.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/351514.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR