"Həmsədrlər və ABŞ-ın Ermənistandakı səfiri Serj Sarkisyandan da artıq erməni olduqlarını nümayiş etdirdilər"

13:58 21 Yanvar 2015
107 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir Elçin Mehdiyev/

“Həmsədrlər və ABŞ-ın Ermənistandakı səfiri prezident Serj Sarkisyandan da artıq erməni olduqlarını nümayiş etdirdilər. ATƏT-in Minsk qrupu həmsədrlərinin mövqeyi kəskin ziddiyyətli olub. ATƏT MQ həmsədrlərinin mayın 12-də atəşkəs rejiminin 20 illiyi ilə əlaqədar bəyanatı Dağlıq Qarabağ tənzimlənməsində ciddi uğur hesab edilə bilər”. Trend-in məlumatına görə, bu barədə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.

Politoloqun sözlərinə görə, birincisi, bu bəyanatda ilk dəfə olaraq Dağlıq Qarabağ ətrafındakı ərazilər işğal olunmuş ərazilər adlandırıldı. M.Əhmədoğlu qeyd edib ki, ATƏT MQ həmsədrlərinin bəyanatı siyasi olmaqla yanaşı, həm də hüquqi sənəddir:

“İkincisi, ilk dəfə olaraq ATƏT MQ həmsədrləri 2009-cu il iyunun 10-da İtaliyanın Akvil şəhərində həmsədr ölkə prezidentlərinin imzaladığı və ABŞ prezidentinin mətbuat xidməti tərəfindən yayılmış Madrid prinsiplərinin yenilənmiş variantını olduğu kimi bəyanatlarına daxil etdilər; ATƏT MQ danışıqlar stolunun üstündə yalnız 2009-cu il iyunun 10-da həmsədr ölkə prezidentləri tərəfindən imzalanmış sənədin olduğunu rəsmən təsdiqlədilər. Kazan görüşü də daxil olmaqla Ermənistan həmişə 2009-cu il sənədinin mahiyyətini 2008-ci ildə ATƏT MQ həmsədr ölkə xarici işlər nazirlərinin imzaladığı və RF xarici işlər naziri tərəfindən yayılmış sənədə doğru dəyişmək istəyir. Ermənilərin bu cəhdlərinə ATƏT MQ həmsədrləri son qoydu. Üçüncüsü, həmsədrlər “amerikan variantını” inkar etdilər. Amerikalı həmsədr Yenilənmiş Madrid prinsiplərinin altı maddəsini təqdim etmişdi. Bu zaman o, birinci və ikinci maddələrdə daimi və aralıq statuslar məsələsinin həllini ön plana çıxarmışdı”.

M.Əhmədoğlu qeyd edib ki, həmsədr ölkə prezidentlərinin Akvil sənədində, eləcə də ATƏT MQ həmsədrlərinin son bəyanatında isə altı maddənin birincisi Dağlıq Qarabağın ətrafındakı ərazilərin Azərbaycana qaytarılmasını təsbit edir:

“Eləcə də həmsədrlərin 12 may bəyanatı “amerikan variantı”ndan fərqli olaraq Dağlıq Qarabağ ərazisi ilə Dağlıq Qarabağ ətrafındakı ərazilərin statusları arasında hüquqi dissonans yaratmır. 12 may bəyanatında Dağlıq Qarabağ ətrafındakı ərazilərin statusu işğal olunmuş ərazi statusudur. Bu birmənalı şəkildə Azərbaycana qaytarılmalıdır. Dağlıq Qarabağın özünün ərazisinin statusu isə Azərbaycan və Ermənistan tərəfdən qarşılıqlı razılaşma vasitəsilə müəyyən olunmalıdır”.

Politoloq əlavə edib ki, Dağlıq Qarabağ tənzimlənməsində amerikalı həmsədr Ceyms Uorlikin təqdim etdiyi “amerikan variantı” ortalığa mühüm məsələlər çıxardı: “Əvvəla, Uorlik digər həmsədr ölkələrin də mayın 12-də bəyanat qəbul edəcəyindən xəbərdar imiş; “İşğal olunmuş ərazilər” termini hər iki variantda işlənir. Digər tərəfdən bunu bilərəkdən Uorlikin iki gün dözməyib tələsməsi daha çox diqqəti çəkir. Eləcə də o öz bəyanatını “amerikan variantı” adlandırır. Amerikan variantı Akvil sənədi ilə, eləcə də sonralar yayılmış ATƏT MQ həmsədrlərinin 12 may bəyanatı ilə müqayisədə prinsipial fərqə malikdir. Uorlikin “amerikan variantı” yalnız ermənilərin arzularına uyğundur: Əvvəlcə status, sonra isə ərazi”.

M.Əhmədoğlu əlavə edib ki, həmsədrlərin 12 may bəyanatı 2014-cü ildə onların yeganə düzgün mövqeyi idi: “Bundan əvvəl və sonra aşkar ermənipərəstliklə məşğul olublar. “Hərtərəfli (Böyük) Sülh Müqaviləsinin hazırlanması” termininin unudulması üçün əllərindən gələni etdilər. Ermənistan helikopterinin Ağdam rayonu ərazisində vurulması ilə əlaqədar həmsədrlər iki dəfə bəyanat verdilər. Sonuncu bəyanatda “neytral ərazi” termini “məskunlaşmamış ərazi” termini ilə əvəzləndi. Amerikalı həmsədr bu əraziləri “heç kəsə mənsub olmayan ərazi” adlandırdı. S.Sarkisyan helikopterin vurulmasından bir neçə ay əvvəl bütün Azərbaycanı Ağdam kimi xaraba qoymaqla hədələmişdi. Bu hədə də Ağdamın Azərbaycana məxsusluğunu göstərir. Həmsədrlər və ABŞ-ın Ermənistandakı səfiri prezident S.Sarkisyandan da artıq erməni olduqlarını nümayiş etdirdilər”.

Politoloq əlavə edib ki, İsveçrənin Bazel şəhərində keçirilən ATƏT-in ənənəvi ministerialı zamanı ATƏT MQ həmsədr ölkə nümayəndə heyətləri başçılarının imzaladığı bəyanatda Hərtərəfli (Böyük) Sülh Müqaviləsinin hazırlanmasının mümkün qədər tez başlanmasına çağırış edildi. Ermənistan xarici işlər naziri Edvard Nalbandyan Böyük (Hərtərəfli) Sülh Sazişinin hazırlanması üçün 2 şərt irəli sürdü: “Birincisi, tənzimlənmənin prinsipləri rəsmən razılaşdırılmalıdır; - ikincisi, tənzimlənmə prinsiplərini Dağlıq Qarabağ erməniləri bəyənməlidir. Bununla da Ermənistan Madrid Prinsiplərinin Yenilənmiş Variantını, başqa sözlə Həmsədr ölkə prezidentlərinin imzaladığı 5 sənədi (Akvil, Dovil,Muskok və) rədd etdi. ATƏT MQ həmsədrləri Ermənistanın bu mövqeyinə reaksiya vermədilər”.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/karabakh/2355492.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR