Hamını narahat edən məsələyə aydınlıq gəldi

Hamını narahat edən məsələyə aydınlıq gəldi
14:06 21 Yanvar 2015
208 Sosial
Ölkə mətbuatı
A- A+

Son vaxtlar elektron ticarət yolu ilə ölkəyə gətirilən cihazlar, mobil telefonlarala bağlı ciddi problem yaranıb. İddia olunur ki, sosial şəbəkələr vasitəsilə sifariş edilərək poçt vasitəsilə çatdırılan elektron cihazlar yerli operatorlar tətəfindən qeydiyyata alınmır. Bununla bağlı redaksiyamıza bir neçə müraciət və şikayət də daxil olub.

Apardığımız araşdırma zamanı məlum oldu ki, bu məsələdə anlaşılmayan məqamlar var. Ekspertlər hazırda ölkədə mobil telefonların qeydiyyatı ilə bağlı problemin olmadığını vurğulayıblar. Bunun üçün mobil operatorlara 5 manat rüsum ödənilir və İMEİ kod bazasına daxil edilir. Beləliklə, həmin cihazın ölkədə işlənməsi təmin olunur.

İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) üzrə ekspert Cahid İsmayıloğlu ANS PRESS-ə bildirib ki, xaricdən elektron ticarət vasitəsilə sifariş verilən cihazlar ölkəyə poçt vasitədilə göndərilir. Poçtla göndərilən malları vergi, gömrük orqanları o qədər də yoxlaya bilmir və o mallar vergi, gömrük rüsumuna cəlb olunmur. Yəni xaricdən kütləvi şəkildə sifariş verilən və gətirilən cihazların dövlət rüsumuna cəlb olunması mümkünsüz hala gəlir. İndi Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi poçtlara nəzarəti artırmağı düşünür. Onlar sifarişlərin kütləviliyini nəzərə alaraq, bunu müşahidə edərək bunun qarşısını almağa çalışır.

Onun sözlərinə görə, indi mobil operatorlarla bağlı problem yoxdur. Beş manatlıq rüsumu ödədikdən sonra mobil operatorlar İMEİ kodu bazaya daxil edir və onun ölkədə isyifadəsini reallaşdırır. Məsələn, vətəndaş xaricdən özünə telefon alıb özü ilə gətirirsə, operator bunu İMEİ kodu ilə bazaya daxil etməyə məcburdur. Bu məsələdə operatorlara irad tutmaq doğru deyil. Yəni vətəndaşın cihazı hansı yolla gətirməsi önəmli deyil.

Amma operatorlar bəzi cihazların, o cümlədən lisenziyası olmayan, əsasən Çin istehsalı olan mallara İMEİ kodu vermir. Çünki onun ölkədə işlədilməsi qadağandır. Yəni müəyyən radiasiya məsələləri var, yaxud mobil cihaz standartlara uyğun gəlmir deyə ona İMEİ kod bazasına daxil etmir və nəticədə vətəndaş şikayət edir.

Ekspert deyib: "Burada əsas məsələ odur ki, poçtla göndərilən sifarişlərdən bəzi vətəndaşlar sui-istifadə edirlər. Yəni kimsə ucuz qiymətə 20 mobil cihaz sifariş verib, gətirib onu baha qiymətə satır. Bunlar əsasən sosial şəbəkələr vasitəsilə, elektron həyata keçirilıir. Bir sözlə, mobil telefon alan vətəndaş hətta satan şəxsin üzünü belə görmür."

C.İsmayıloğlu yaranmış problemdə monopolyanın da rolunun olma ehtimalından söz açıb: "İndi ölkəyə mobil cihaz gətirən şirkətlər, şəxslər buna diqqət yetirməyə başlayıblar. Ölkəyə kütləvi şəkildə telefon gətirilməsi təbii ki, bazara təsir göstərir. Ümumiyyətlə, son bir ayda ölkəyə elektron ticarət yolu ilə yanılmıramsa 6-8 min mobil cihaz gətirilib. Bunun çoxu eyni ünvana göndərilib. Hər hansı şəxs evdə oturub internet vasitəsilə sifariş verir, bir müddətdən sonra gedib poçtdan götürür, üstünə pul qoyub satır. Nə vergi, nə də gömrük rüsumu ödəyir. Asan gəlir əldə edir. Bu biznesi təşkil edən şəxslər, kütləvi sifariş verənlər vergidən, gömrükdən yayınmaq üçün müxtəlif bicliklər işlədirlər.

O, çıxış yolu kimi təklif edib ki, ölkədə elektron ticarətə vergi tətbiq edə bilmirlər. Bu da problem yaradır. İndi elektron ticarətlə məşğul olan saytların, sosial şəbəklərdəki müəyyən səhifələrin monitorinqi aparılmalı, onlar aşkarlanıb məcburi vergiyə cəlb etməlidirlər. Belə olmasa, vergidən müxtəlif yollarla yayınma yenə olacaq.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi isə dəfələrlə bildirib ki, zavod istehsalı olan və saxta olmayan telefonların qeydiyyata alınmasında heç bir problem yoxdur. Saxta, sex istehsalı olan telefonlar qeydiyyata alınmır. Telefonun unikal İMEİ nömrəsi standarta uyğun gəlmədikdə, qeydiyyata alınması mümkün olmur. Bu kod 15 rəqəmdən ibarət, Beynəlxalq GSM Assosiasiyası tərəfindən tərtib edilmiş rəqəmlərdir. Bu rəqəmlər uyğun olmadıqda, qeydə almaq mümkün deyil.

Xatırladaq ki, Mobil cihazların qeydiyyat sistemi (MCQS) Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzində yaradılıb. Şəxsi istifadə məqsədilə ölkə ərazisinə gətirilərək istifadə olunan hər bir mobil cihazın İMEİ nömrəsi həmin cihazın şəbəkədən xidmət almağa başladığı tarixdən ən geci 30 (otuz) gün müddətində qeydiyyata alınmalıdır.
Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR