Azərbaycanın tanınmış şairi haqqında bilmədiklərimiz

Azərbaycanın tanınmış şairi haqqında bilmədiklərimiz
14:08 21 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir İlhamə İsabalayeva/

Vatikanin Apostol Kitabxanasından XV-XVI əsrlərdə yaşamış hürufi şairimiz Süruri Divaninin yeni nüsxələri əldə edilib.

Azərbaycan Milli Elmlər Akademiyası Əlyazmalar İnstitutundan Trend-ə verilən məlumata görə, Süruri barədə əlimizdə çox az məlumat var. Akademik Həmid Araslı «Böyük Azərbaycan şairi Füzuli» monoqrafiyasında Həbibi, Şahi, Matəmi, Qasımi, Tüfeyli kimi sənətkarlarla bərabər onun da Şah İsmayıl Xətai sarayında fəaliyyət göstərən ədəbi məclisdə iştirak etməsi barədə məlumat verib.

Son dövrlərə qədər şairin anadilli divanı əldə olmadığından onun yaradıcılığı barədə ətraflı fikir söyləmək mümkün deyildi. Sürurinin surətini əldə oluna ilk divanı - Vatikanın Apostol kitabxanasından əldə edilmiş nüsxə əsasında artıq onun ədəbi irsi barədə müəyyən elmi fikir söyləmək mümkün olub: “192 vərəqlik əlyazmanın 184 vərəqinə köçürülmüş 931 beytlik natamam nüsxə əsasında deyə bilərik ki, Süruri Nəsimi ənənələrini davam etdirən, Fəzlullah Nəimiyə Tanrı səviyyəsində sitayiş etdiyini bildirən şair olub. Füzulinin bir neçə şeirinin onun qəzəllərinə nəzirə olduğunu görürük. Beləliklə, Sürurinin ədəbi irsinin ortaya çıxarılıb tədqiq edilməsini müəyyən mənada ədəbiyyat tariximizdə Nəsimi ilə Füzuli arasındakı boşluğun doldurulması kimi də mənalandırmaq olar”.

İnstitutdan bildirilib ki, Sürurinin İstanbulun Süleymaniyyə kitabxanasında saxlanan divanı 26 vərəqə köçürülüb. Bu divan 667 beytdən ibarətdir. Buraya 90 qəzəl, 3 mürəbbe daxildir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR