İşçi razılığı olmadan başqa işə keçirilə bilər?

İşçi razılığı olmadan başqa işə keçirilə bilər?
14:22 21 Yanvar 2015
66 Sosial
Ölkə mətbuatı
A- A+

İşçinin razılığı olmadan işəgötürən onu başqa işə keçirə bilərmi?

Anspress-in məlumatına görə, Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi vəkil Dünyamin Novruzov bildirib ki, ümumi qayda ondan ibarətdir ki, işçinin razılığı olmadan onu başqa işə keçirməyə yol verilmir.

Çünki Əmək Məcəlləsinin 59-cu maddəsinə görə, işçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir.

Bu ümumi qaydadan istisna adı çəkilən məcəllənin 60-cı maddəsində nəzərdə tutulub. Lakin 60-cı maddə işçinin razılığı olmadan işəgötürənin təşəbbüsü ilə başqa işə keçirilməsini bir sıra şərtlərdən asılı edib. Bunlar aşağıdakılardır: 1) başqa işə keçirmə istehsalat zərurəti və boşdayanma hallarının qarşısını almaq məqsədi daşımalıdır; 2) başqa işə keçirmə müvəqqəti xarakter daşıyır, başqa sözlə, onun davametmə müddəti 1 aydan çox ola bilməz; 3) işçi onun səhhətinə mənfi təsir edən, habelə aşağı ixtisaslı işə keçirilməməlidir; 4) başqa işə keçirilmə müddətində işçinin əməyi görülən işin müqabilində, lakin əvvəlki orta əmək haqqından aşağı olmamaqla ödənilməlidir.

Beləliklə, işçinin razılığı olmadan başqa işə keçirmə yalnız Azərbaycan Respublikası Əmək Məcəlləsinin 60-cı maddəsinin müəyyənləşdirdiyi şərtlər çərçivəsində mümkündür.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/320174.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR