Siz də orucsunuz, yoxsa xəstə? - MÜZAKİRƏ

Siz də orucsunuz, yoxsa xəstə? - MÜZAKİRƏ
12:37 20 İyun 2015
50 Digər
Ölkə mətbuatı
A- A+

İslamın 5 şərtindən biri orucdur. Oruc bədən ilə edilən ibadətdir. İslama iman gətirən hər kəsin borcu Ramazan ayında oruc tutmaqdır. Oruc bir müddət ərzində yemək, içmək, cinsi münasibətin tərk edilməsidir. Bundan başqa oruc yalnız mədəylə tutulan bir ibadət deyil, oruclu insan yalan, qeybətdən, söyüşdən qaçmalıdır, oruclu insan kiminləsə dava etməkdən də çəkinməlidir.

Artıq Ramazan ayının üçüncü günündəyik. İmanlı və sağlamlığı imkan verən insanlar oruc tutmağa başlayıblar. Ölkəmizdə insanların öz dini köklərinə qayıtması ildən-ilə möhkəmlənsə də, ibadətə dırnaqarası yanaşanlar da az deyil.

Bu günlərdə yerli mətbuat müğənnilər arasında oruc tutub-tutmadıqları ilə bağlı sorğu keçirib. Cavab verənlərin əksəriyyəti xəstə olduqlarını əsas gətirərək oruc tutmadıqlarını bildiriblər.

Müğənni Əli Mirəliyev: "Orucu normal insanlar tutar. Xəstə və yaşlı adamlara oruc tutmaq olmaz. Mən oruc tutmuram".

Müğənni Mətanət Əsədova: "Mən özüm oruc tutmuram, çünki boğazım xəstədi. İynə vurdururam".

Müğənni Manaf Ağayev: "Mənim mədəmdə böyük problem var. Ona görə də oruc tuta bilmirəm".

Aktrisa Məleykə Əsədova: "Mən bütün duaları oxuya bilirəm. Amma oruc tutmuram. Səhhətimdə problem var".

Çox maraqlı mənzərə yaranır. Belə çıxır ki, hər gün efirlərdən insanlara mənəviyyat dərsi keçən, toylarda atılıb-düşməkdən yorulmayan müğənnilər Ramazan ayında xəstələniblər. Biz onları ittiham etməyəcəyik. Çünki nəticədə hər quzu öz ayağından asılır. Ancaq bu cür cavabları tək müğənnilər vermirlər.

Cəmiyyətimizdə çox maraqlı bir ənənə formalaşıb. 10 il əvvəl kimsə oruc tutmurdusa, bunun üçün heç bir bəraət qazanmağa çalışmırdı. Heç kim ondan haqq-hesab da soruşmurdu. Ancaq son dövrlər kimdənsə oruc tutub-tutmadığını soruşanda, dərhal əsas suala deyil, ikinci - hələ soruşulmamış suala cavab verir: "Səhhətim imkan vermir, ona görə oruc tutmuram".

Nəticə olaraq, biz dünyəvi bir cəmiyyətdə yaşayırıq. Konstitusiyamız da bizə vicdan azadlığı verir. Hansı dinə, hansı təriqətə istəsək, iman gətirərik. Və ya, ümumiyyətlə, dindən uzaq olarıq. İnancımıza görə bizi heç bir məsuliyyət gözləmir. Qanunların belə olduğu halda, niyə insanlar bu cür bəraət qazanırmış kimi cavablar verirlər?

Fikirlərinizi aşağıdakı şərh bölməsində yaza bilərsiniz.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/351607.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR