"Transanadolu qaz kəmərinin (TANAP) Türkiyə ərazisindən keçən hissəsindəki boruların qaynaq işlərinə iyulda başlanılacaq".
ANS PRESS-in məlumatına görə, bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnaq Abdullayev deyib. O bildirib ki, "Şahdəniz" yatağının işlənilməsi və layihənin həyata keçirilməsi qrafikdə nəzərdə tutulan müddəti qabaqlayıb:
"Hazırda TANAP-ın tikintisi aparılır və artıq 2,5 milyard dollar xərclənilib. Müqaviləyə əsasən tikinti üçün 6 milyard dollarlar müəyyən olunub. Hazırda boruların qəbuluna hazırlıq işi gedir. Yəqin ki, iyulda birinci qaynaq işləri başlanacaq. Biz güman edirik ki, 2018-ci ilin birinci rübündə "Şahdəniz-2" qazı Türkiyəyə nəq olunacaq", - deyə R.Abdullayev vurğulayıb. SOCAR-ın prezidenti layihələrin maliyyələşdirilməsi ilə bağlı heç bir problemin olmadığını da diqqətə çatdırıb.
Qeyd edək ki, "Cənub qaz dəhlizi" layihəsi Azərbaycanın "Şahdəniz" yatağındakı qazını TANAP-TAP qaz kəmərləri vasitəsi ilə Avropaya çatdıracaq. Şahdəniz Mərhələ 2 çərçivəsində hasil edilən qaz 3500 kilometr məsafə qət edəcək. Bu boru kəmərləri Gürcüstan, Türkiyə, Yunanıstan, İtaliya və Albaniyandan keçəcək. Azərbaycan Avropaya ildə 10 milyard, Türkiyəyə isə 6 milyard kub metr qaz çatdırmağı planlaşdırır. Bu layihənin ümumi dəyəri 45-48 milyard dollar həcmində qiymətləndirilir.