Radik İsayev: “Çox istəyirəm ki, Olimpiadada da birinci olum” - MÜSAHİBƏ

Radik İsayev: “Çox istəyirəm ki, Olimpiadada da birinci olum” - MÜSAHİBƏ
15:07 20 İyun 2015
63 İdman
Ölkə mətbuatı
A- A+

[ 20 İyun 2015 14:59 ]


Bakı-APA. I Avropa Oyunlarının qızıl mükafatçısı, taekvondoçu Radik İsayevin (+80 kq) apasport.az saytına müsahibəsi.

 

- İlk Avropa Oyunlarında Azərbaycana 13-cü qızıl medalı siz qazandırdınız. Həm mükafat, həm də yarışla bağlı təəssüratlarınız necədir?

 

- Yarış yüksək səviyyədə keçdi. Avropa Oyunlarına çox yaxşı hazırlaşmışdım. Təkcə mən yox, bütün şəhər, ölkə I Avropa Oyunlarına ciddi hazırlaşırdı. Təəssüratlarım əladır. Dediyim kimi, hər şey yüksək səviyyədə oldu. Hansı hisslər keçirdiyimi sözlə ifadə etməkdə çətinlik çəkirəm. Bunu anlamaq üçün gərək o hissləri yaşayasan.

 

- Avropa və dünya çempionluğunun ardınca medal kolleksiyanıza daha bir “qızıl” əlavə etdiniz...

 

- Hər bir idmançı istəyir ki, yarışı medalla başa çatdırsın. Çətin oldu. Bu cür mötəbər yarışda uğur qazanmaq heç də asan deyil. Amma əsas odu ki, qızıl medal qazandım. Bu, mənim üçün çox dəyərlidir.

 

- Final qarşılaşması və qalib gəldiyiniz rusiyalı rəqib Vladislav Larin barədə nə deyə bilərsiniz?

 

- Final görüşüm çox çətin keçdi. Rəqibim gənc, güclü idmançıdır. Artıq 4-cü dəfə idi ki, onunla qarşılaşırdıq. Bu nəticədən sonra ümumi hesab 2:2 oldu. Son görüşə qədər mən ona 1 dəfə də qalib gəlmişdim.

 

- İlk təbriki kimdən aldınız?

 

- Təbii ki, məşqçimdən. Bu uğurumda onun əziyyəti çoxdur. Daha sonra ölkə prezidenti məni təbrik etdi. Sonra isə digər şəxslərin təbriklərini aldım.

 

- Gələcək planlarınız nədən ibarətdir?

 

- İndi ancaq evə gedib, istirahət etməyi düşünürəm. Gələcək barədə danışmaq, təxmin etmək olmur. Növbəti yarışlarda yaxşı çıxış etmək üçün yaxşı dincəlməliyəm.

 

 - Gələn il Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarında azarkeşlər sizdən qızıl medal gözləyəcək. Onların etimadını doğrulda biləcəksizmi?

 

- Rio-da Janeyroda keçiriləcək Olimpiadaya hələ çox vaxt var. Təbii ki, mənim üçün Olimpiada böyük önəm kəsb edir. Orda da birinci olmağı çox istəyərəm. Ancaq ilk növbədə, lisenziya qazanmaq lazımdı. Daha sonra Olimpiada barədə düşünmək olar.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/387908

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR