Azərbaycan yığması birinci Avropa Oyunlarının səkkizinci günündə də tarix yazdı

Azərbaycan yığması birinci Avropa Oyunlarının səkkizinci günündə də tarix yazdı
15:18 20 İyun 2015
45 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 20 iyun, AZƏRTAC
İyunun 20-də Azərbaycan Milli Olimpiya Komitəsində (MOK) “Bakı-2015” birinci Avropa Oyunlarının mükafatçıları ilə ənənəvi görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə MOK-un vitse-prezidentləri Çingiz Hüseynzadə və Xəzər İsayev, Olimpiya çempionu Nazim Hüseynov və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə tədbirdə çıxış edərək yarışların səkkizinci gününün də atletlərimiz üçün uğurlu olduğunu deyib. Dünən Azərbaycan 30-cu medalını qazandı. Birinci Avropa Oyunlarının ilk səkkiz günündə bu qədər medal qazanacağımızı gözləmirdik. “Bakı-2015” birinci Avropa Oyunları necə yüksək səviyyədə təşkil olunubsa, idmançılarımız da bir o qədər uğurla çıxış edirlər. “İstər birinci Avropa Oyunlarının açılışı, istər təşkilati işlər, istərsə də idmançılarımızın uğurlu çıxışları bir-birini gözəl tamamlayır”, - deyə Ç.Hüseynzadə bildirib. O vurğulayıb ki, qızıl medal qazanan atletlərimizin şəxsən dövlətimizin başçısı, MOK-un prezidenti İlham Əliyev tərəfindən təltif edilməsi artıq ənənəyə çevrilib. Qalib idmançılarımızı ilk təbrik edən Prezident İlham Əliyev olur. Bu da yarışlara qatılacaq idmançılarımızda böyük ruh yüksəkliyi yaradır.
Sonra yarışların səkkizinci günündə Azərbaycana qızıl medal qazandıran taekvondoçu Radik İsayevə MOK rəsmiləri tərəfindən hədiyyələr təqdim olunub.
Xüsusi hazırlanan şərəf lövhəsini imzalayan R.İsayev deyib: ”Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin final qarşılaşmasına baxması ilk dəqiqələrdə məndə bir qədər həyəcan yaratdı. Lakin özümü ələ aldım. Rəqibim nə qədər güclü olsa da, qalib gələ bildib. Sevinirəm ki, fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq Azərbaycana qızıl medal gətirdim. Ən çox da ona şadam ki, qızıl medalı mənə Prezident İlham Əliyev təqdim etdi. Bu, mənə hədsiz dərəcədə qürur verir”.
MOK-un iyunun 14-dən start verdiyi “Zəfər günləri” adlı xüsusi tədbir ayın 29-dək davam edəcək.





Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_yigmasi_birinci_Avropa_Oyunlarinin_sekkizinci_gununde_de_tarix_yazdi-865635

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR