“Bəyimli qalası”nda aparılan tədqiqatlar Albaniya tarixinin daha dərindən öyrənilməsinə imkan verəcək

“Bəyimli qalası”nda aparılan tədqiqatlar Albaniya tarixinin daha dərindən öyrənilməsinə imkan verəcək
14:23 20 İyun 2015
297 Ölkə
Ölkə mətbuatı
A- A+


Ağsu, 20 iyun, Adil Ağayev, AZƏRTAC
Xalq arasında “Torpaqqala” və “Bəyimli qalası” kimi tanınan, 12 hektar sahəni əhatə edən şəhər qalıqlarında aparılan arxeloji tədqiqatlar tariximizin ilk orta əsrlər dövrünə aid zəngin bilgilər əldə etməyə imkan verəcək. Şəhər qalıqları Ağsu rayonunun Bəyimli kəndi ərazisində Girdiman çayının sol sahilində yerləşir.
MİRAS İctimai Birliyinin sədri Fariz Xəlilli AZƏRTAC-ın müxbirinə bildirib ki, abidənin ərazisi uzun illər əkin yeri kimi istifadə olunub. Bunun nəticəsində şəhərin mədəni təbəqəsi təqribən 50-60 santimetr dərinliyə qədər tamamilə dağıdılıb. Abidənin ətrafı çiy kərpiclə hörülən əzəmətli qala divarları və onun ətrafı boyunca uzanan dərin xəndəklə əhatələnib.
2004-cü ildə arxeoloq Qafar Cəbiyevin rəhbərliyi ilə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Ağsu-İsmayıllı arxeoloji ekspedisiyası tərəfindən “Bəyimli qalası”nda ilkin kəşfiyyat işləri aparılıb. Həmin tədqiqatlar əsasında bu qalanın Mehranilər sülaləsi tərəfindən əsası qoyulan Mehrəvan şəhərinin qalıqları olması ehtimalı irəli sürülüb.
Doqquz il sonra MİRAS İctimai Birliyinin layihəsi və hərtərəfli dəstəyi ilə Mehrəvan şəhəri yerində yenidən arxeoloji tədqiqatlara başlanılıb. İlkin olaraq Bəyimli kənd sakini Ballı Həsənovaya məxsus nar bağının ətrafında qazılan uzunluğu 450 metr, eni 1,5-2 metr olan xəndəyin içərisi xam torpağa qədər təmizlənərək öyrənilib. Həmin tədqiqatlar zamanı çoxsaylı tikinti qalıqları, istehsalat ocaqları, daş, metal, saxsı, sümük və şüşədən ibarət müxtəlif çeşidli məişət və təsərrüfat əşyaları aşkarlanıb. Tapıntılar içərisində yer səthindən 2,3 metr dərinlikdə aşkar edilən, uzunluğu 130, eni 76, dərinliyi 80 santimetr, çəkisi 150 kiloqram olan və Azərbaycan ərazisində hələlik heç bir oxşarı bəlli olmayan saxsı təknə xüsusi maraq doğurur.
Abidə ərazisində genişmiqyaslı arxeoloji tədqiqatlara başlamazdan əvvəl peşəkar topoqraf Şahin Allahverdiyev və Rumıniyadan dəvət olunan mütəxəssis Nicu Kristi tərəfindən ərazinin topoplanı işlənib. Daha sonra isə Novosibirsk Dövlət Universiteti və Novosibirsk Şəhər Muzeyinin əməkdaşları Aleksey Pronin və Sergey Roslyakov tərəfindən burada geomaqnit araşdırma aparılıb.
Ötən il abidə ərazisində genişmiqyaslı tədqiqatlara başlanılıb. Tədqiqat üçün seçilən uzunluğu 100, eni 20 metr olan VI qazıntı sahəsi dərindən öyrənilib və bu iş hazırda davam etdirilir.
Tədqiqatlar zamanı bünövrə hissəsi çaydaşı, divarları çiy kərpicdən hörülmüş ictimai binalar, yaşayış evləri və yardımçı tikililərin qalıqları, daş döşənmiş yollar, içərisində müxtəlif ərzaq qalıqları olan iri təsərrüfat küpləri və müxtəlif çeşidli digər məişət əşyaları aşkarlanıb. Tapıntılar əsasən daş, metal, saxsı, sümük və şüşədən hazırlanan yerli istehsal nümunələridir. Bununla belə aşkar olunan maddi mədəniyyət nümunələri içərisində ticarət və mədəni əlaqələr yolu ilə gətirilən materiallar da vardır. Qazıntılar nəticəsində Roma, Sasani və Bizans dövlətlərində zərb olunan mis və gümüş sikkələr də tapılıb. Tunc və əqiq möhürlər, nərd zərləri və daşları, ilbiz formalı nadir saxsı qablar abidənin zənginliyindən xəbər verir. Bu ilin iyun ayında tapılan yer səthindən 60 santimetr dərinlikdə tunc fibula-sancaq, sədəf və pastadan muncuqlarla birlikdə qiymətli daşdan qaşı olan qızıl üzük və qızıl zəncirin hissəciyi xüsusilə böyük maraq doğurur. Xatırladaq ki, bu nümunələr Ağsu arxeoloji ekspedisiyasının son 3 ildə aşkar etdiyi üçüncü qızıl tapıntısıdır. Ərazidən aşkar olunan qızıl əşyalar ilkin tədqiqatdan sonra Milli Azərbaycan Tarixi Muzeyinin qızıl əşyaların saxlandığı xüsusi fonduna təhvil veriləcək.
Bütün tapıntılar xronoloji cəhətdən III-VIII əsrləri əhatə edir. Tarixdən bəlli olduğu kimi, bu dövr Qafqaz Albaniyasının ən qüdrətli çağı hesab olunur. Hansı ki, həmin dövrdə ölkənin siyasi və hərbi həyatında Mehrəvan şəhərinin xüsusi yeri olub. Heç şübhəsiz, bu ərazidə aparılacaq tədqiqatlar nəticəsində Albaniya tarixinin bir sıra qaranlıq məsələlərini aydınlaşdırmaq mümkün olacaq.
Abidənin konservasiya olunması məqsədilə zəruri tədbirlər görülür. Öyrənilən sahənin torpaq örtüyünün və tarixi-mədəni qalıqların təbii təsirlər nəticəsində sürətlə aşındığını nəzərə alaraq, bu işə italiyalı mütəxəssislər cəlb edilib. YOCOCU Assosiasiyası və Kalabriya Universitetinin əməkdaşları Mauro La Russa, Andrea Macchia və Silvio Ruffolo tərəfindən müvafiq analizlər aparmaq məqsədilə ərazidən nümunələr götürülüb. Hazırda həmin nümunələr üzərində laborator araşdırmalar aparılır. Analizlərin nəticəsindən asılı olaraq, abidənin konservasiyasında nanomateriallardan istifadə olunması nəzərdə tutulur.
Ağsu arxeoloji ekspedisiyası və MİRAS İctimai Birliyi qədim Mehrəvan şəhəri ərazisindən tapılan maddi mədəniyyət nümunələrinin beynəlxalq standartlar səviyyəsində mühafizə və nümayiş etdirilməsi məqsədilə rayonun Çiyni kəndində (Bəyimli kəndi Çiyinli kəndi ərazisində yerləşir) muzey, fond və laboratoriya binası inşa etməyi planlaşdırır. Bu məqsədlə İtaliyanın Atrea Project şirkəti memar Antonella Çiarandanın müəllifliyi ilə müvafiq layihə hazırlayıb.











Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Beyimli_qalasinda_aparilan_tedqiqatlar_Albaniya_tarixinin_daha_derinden_oyrenilmesine_imkan_verecek-865637

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR