Azərbaycanda gündəmi zəbt edən həbsxanadakı ölümün təfərrüatları (VİDEO)

Azərbaycanda gündəmi zəbt edən həbsxanadakı ölümün təfərrüatları (VİDEO)
20:36 25 Dekabr 2014
95 Digər
Ölkə mətbuatı
A- A+

Penitensiar xidmətin 14 saylı cəzaçəkmə müəssisəsində ölüm hadisəsi baş verib. Məhkum 31 yaşlı Elşad Babayev cəzasının bitməsinə 6 ay qalmış dünyasını dəyişib. Mərhumun yaxınlarının çəkdiyi şəkillərdə Elşad Babayevin çox saylı bədən xəsarətləri almasını əks etdirir.

ANS TV-nin məlumatIna görə, yaxınları ölüxanada məhkum Elşad Babayevin meyitinin fotoşəkillərini çəkiblər. Görüntülərdə Elşadın bədəninin müxtəlif nahiyələrində xəsarət olduğu söylənilən izlər sezilir. Fotolar dəhşətli olduğu üçün onları təqdim edə bilmirik. Meyitə baxış keçirən yaxınları gördüklərinə əsasən iddia edirlər ki, Elşad cəzaçəkmə müəssisəsində işgəncə verilərək öldürülüb. Bacısının deməsinə görə, Elşad nizam-intizamlı dustaq olub. Sonuncu dəfə ölümündən 10 gün əvvəl onunla görüş olub. Həmin vaxt Elşadın heç bir narazılığı, şikayəti olmayıb.

“Özü idmanla məşğul idi. O, nə törədə bilərdi ki? İçəridə silahsızdırsa və yaxud da heç kimə xəsarət yetirməyibsə, heç kimi öldürməyibsə, onların nə haqqı var idi ki, onu ölümlə cəazlandırdılar “ – deyə bacısı Simuzər Babayeva bildirib.

Yaxınları hesab edirlər ki, Elşad qaydalardan kənar hərəkətə yol versəydi belə, o elə qaydalar çərçivəsində cəza almalı idi. Lakin söhbət bir insanın qəfl ölümündən gedir.

Dekabrın 22-də 14 saylı cəzaçəkmə müəssisəsində qiyam qaldırıldığı söylənilirdi. Rəsmi açıqlamaya görə bir qrup məhkum daxili nizam-intizam qaydalarını pozaraq qaydalara zidd hərəkətlərə yol vermişdilər. Təsadüfi deyildi ki, məhkum Elşad Babayevin də ölümü məhz həmin günə, dekabrın 22-ə təsadüf edir.

Bu fakt bəzi ehtimalları ortaya qoyur. İddialardan biri budur ki, məhkumlar elə Elşadın öldürülməsinə etiraz edərək, qiyama cəhd ediblər. Daha bir versiya isə budur ki, 14 saylı müəssisənin yerləşdiyi ərazi daş karxanaları ilə əhatə olunub. Orada dözülməz şərait hökm sürür. Bunu isə ANS-ə açıqlamasında İşgəncələrə qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov bildirib. Onun sözlərinə görə, həmin müəssisə yayda ilanmələyən yer adlanır, küləkli havada isə karxanaların tozu-torpağı, məhkumlara çətin vəziyyət yaradır. Mümkündür ki, həbsxanada etiraz buna görə baş qaldırsın.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin açıqlamasında deyilir ki, məhkum Elşad Babayevin işgəncə verilərək öldürülməsi həqiqəti əks etdirmir. Penitensiar xidmətin rəisinin mətbuat məsələləri üzrə köməkçisi Yaşar İsakovun ANS-ə verdiyi məlumata görə, dekabrın 22-də 14 saylı cəzaçəkmə müəssisəsində baş vermiş hadisə, eləcə də məhkum Elşad Babayevin vəfatı ilə əlaqədar Qaradağ Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. İctimaiyyətə bu haqda rəsmi məlumat veriləcək.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=316297

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR