"Ermənistan dünyada müharibə, terror ixrac edən ölkə kimi tanınır"

"Ermənistan dünyada müharibə, terror ixrac edən ölkə kimi tanınır"
16:32 20 İyun 2015
58 Ölkə
Ölkə mətbuatı
A- A+

Gerçəklik odur ki, Ermənistan heç bir zaman konkret, birmənalı olaraq mövqe sərgiləməyib. Nalbandyanın bu açıqlaması onu göstərir ki, bunlar heç bir seçim etməyiblər və konkret olaraq kiməsə dostluq münasibəti göstərməyiblər. Bu da onu göstərir ki, erməni hiyləgərliyi öz işindədir və güclü kimdirsə, onun yanındadırlar. Ancaq anlamırlar ki, onların iç üzü bütün dünyaya bəyan olub.

Bunu NATO Parlament Assambleyasının Yerevanda keçirilən "Rose-Roth" 89-cu seminarının toplantısında Ermənistanın xarici işlər naziri Edvuard Nalbandyanın Ermənistandan Avropa İttifaqı ilə Rusiya arasında seçim etməyi tələb edilməsi barədə açıqlamasına münasibət bildirərkən Milli Məclisin deputatı, Azərbaycan Avropa Parlamenti Əməkdaşlıq Komitəsinin sədr müavini və Avronest PA enerji Komitəsinin sədri Fuad Muradov deyib.

O qeyd edib ki, Ermənistan bütün tərəflərlə oyun oynamağa, özlərini onların yanında göstərməyə çalışır: "Düşünürlər ki, buna nail olurlar. Lakin indi dünyada Ermənistan qeyri-stabillik ixrac edən ölkə kimi tanınır, qəbul olunur. Bunu Ermənistanın qonşusu olduğu ölkələrə - Rusiya, İran, Türkiyə, Azərbaycan və Gürcüstana yönəlik siyasətində açıq hiss etmək olar. Bu gün Ermənistan Gürcüstanın Cavaxetya ərazisində yaşayan erməniləri özlərinin təsiri altında saxlamaqla bir növ daim Gürcüstanı təzyiq altında saxlayır. Əslində, onlar istənilən vaxt Gürcüstana ərazi iddiası irəli sürə bilərlər. Bunu zaman-zaman səsləndiriblər. Cavaxetiyadakı erməniləri separatçı qüvvələr kimi Gürcüstan tərəfindən Saakaşvili hakimiyyəti dövründə bu şəkildə qiymətləndirilib".

Deputat Azərbaycanla bağlı Ermənistanın işğalçılıq siyasətinə toxunaraq deyib ki, guya ermənilərin Cənubi Qafqazda 1000 ildir məskunlaşması ilə bağlı iddialar qeyri-ciddidir: "Ermənilərin heç bir zaman dövləti olmayıb. Xalqımızın dədə-baba torpaqları hesabına Ermənistan adlı dövlət yaradılıb. Bu gün isə Azərbaycanın 20 faizindən artıq torpaqlarını işğal ediblər. Ermənistan qonşu Türkiyəyə qarşı qondarma soyqırım məsələsini gündəmdə saxlamağa çalışır. Eyni zamanda, Ermənistanın konstitusiyasında Türkiyənin bir neçə bölgəsinə ərazi iddiası var. Bundan başqa, gizli, yaxud açıq şəkildə erməni diasporası Rusiya və İranda təklükə mənbəyi, terror mənbəyi olaraq qalmaqdadır. Erməni diasporası da Ermənistandan idarə olunur. Artıq Rusiya və İranda erməni lobbisinə "barıt çəlləyi" kimi baxılır. Bu gün Rusiya və İranda qəbul olunur ki, erməni lobbisi narahatlıq mənbəyidir, qeyri-stabillik mənbəyidir. Bütün bu sadaladıqlarım erməni lobbisinin güclü olduğunu göstərmir, çox yaxın zamanlarda Ermənistanın bu "qeyri-stabillik ixracatçısı" siyasəti onun məhvinə aparacaq".

F.Muradov bildirib ki, ermənilər bu məkrli siyasətlərini uzun zaman dünyadan gizli tutmağa çalışıblar: "İndi hər şeyin üstü açılıb. Artıq bütün dünyada Ermənistan müharibə, terror ixrac edən ölkə kimi tanınır. Ayrı-ayrı zamanlarda hansısa ölkələr arasında müharibələr olub və s. Ancaq dünyada ikinici belə iyrənc siyasət aparan, öz siyasətini insanların məhvi üzərində quran, bəşəri cinayətlərə imza atan, yalnız qeyri-stabillik ixrac edən ikinci bir ölkə yoxdur. Bu gün dünyada Ermənistana qarşı təzyilər artıb. Ermənistanın yeganə çıxış yolu işğal altında olan torpaqlardan qeyd-şərtsiz çıxmaq və Azərbaycanla əməkdaşlıq etməkdir. Erməni xalqının xilas yolu məhz bundan keçir."

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/351640.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR