Naxçıvan Muxtar Respublikasının bütün rayonlarında 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla yad edilib

Naxçıvan Muxtar Respublikasının bütün rayonlarında 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla yad edilib
14:43 21 Yanvar 2015
201 Ölkə
Ölkə mətbuatı
A- A+


Naxçıvan, 21 yanvar, Rauf Əliyev, AzərTAc
20 Yanvar hadisələrinin 25-ci ildönümü Naxçıvan Muxtar Respublikasının ən böyük bölgələrindən biri olan Şərur rayonunda ümumxalq hüzn günü kimi qeyd edilib.
AzərTAc xəbər verir ki, rayon sakinləri azadlıq mübarizlərinin xatirəsini böyük qürur və vətənpərvərlik hissi ilə yad ediblər. Rayon ictimaiyyətinin nümayəndələri Şərur şəhərindəki Şəhidlər xiyabanına gələrək müstəqilliyimiz və ərazi bütövlüyümüz yolunda canlarını qurban vermiş Vətən övladlarının ölməz xatirəsinə ehtiramlarını bildirib, məzarları üzərinə gül-çiçək dəstələri düzüblər.
20 Yanvar faciəsi Sədərək rayonunda da anılıb. Rayon sakinləri Sədərək kəndində şəhidlərin uyuduğu Şəhidlər xiyabanını ziyarət ediblər.
Sovet qoşun birləşmələri və erməni silahlı dəstələri 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə imperiya qoşunlarının Bakıya girməsindən hələ 8 saat əvvəl Sədərəyə hücum edib, qan tökülüb, ilk şəhidlər verilib. Ümumilikdə isə erməni quldur dəstələri 1990-1993-cü illərdə Sədərəyə 14 dəfə hücum edib, 1990-cı ilin martında bu sərhəd bölgəsinə 300-ə yaxın top mərmisi atıblar. Bu qeyri-bərabər döyüşlərdə 500-ə yaxın ev, məktəb, ictimai-inzibati binalar, sosial obyektlər dağıdılıb. Həmin ağır günlərdə sədərəklilərə muxtar respublikanın hər yerindən, həmçinin ölkəmizin 14 rayonundan kömək gəlib, döyüşlərdə 109 nəfər şəhidlik zirvəsinə ucalıb. Sədərək bu bölgədə doğulub boya-başa çatan və şəhidlik zirvəsinə ucalan 52 vətənpərvərin yurd yeridir. Onların xatirəsi Sədərəkdə daim uca tutulur.
Yanvarın 20-si Kəngərli rayonunda da ümumxalq hüzn günü kimi qeyd olunub. Kəngərlilər Azərbaycanın ərazi bütövlüyünü qorumaq, xalqımızın azadlığı uğrunda canlarından keçmiş qəhrəman övladlarının xatirəsini yad etmək üçün Qıvraq qəsəbəsində şəhidlərin xatirəsinə ucaldılmış abidənin qarşısından keçərək Vətən fədailərinin xatirəsini dərin ehtiramla yad edib, abidə önünə tər çiçəklər düzüblər.
Yanvar faciəsi qurbanlarının əziz xatirəsi Babək rayonunda da ehtiramla anılıb. Rayon ictimaiyyəti, ağsaqqallar, gənclər, ziyalılar, əmək kollektivlərinin nümayəndələri rayon mərkəzi olan Babək qəsəbəsində şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinin qarşısına gələrək onların ölməz xatirəsinə ehtiramlarını bildirib, abidəni gül-çiçəyə qərq ediblər.
Ümumxalq Hüzn Günündə Culfa rayonunda da anma tədbirləri keçirilib. Rayon əhalisi tərəfindən Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə öz canlarından keçərək şəhidlik zirvəsinə yüksələnlərin xatirəsinə Culfa şəhərinin Heydər Əliyev prospektində ucaldılmış Şəhidlər abidə kompleksi ziyarət olunub.
Culfa Rayon İcra Hakimiyyətinin, müxtəlif təşkilatların, təhsil, mədəniyyət müəssisələrinin və yaradıcılıq birliklərinin, səhiyyə və sağlamlıq müəssisələrinin kollektivləri, şəhər sakinləri abidəni ziyarət edərək şəhidlərimizin əziz xatirəsini ehtiramla yad ediblər.
Bütövlükdə 41 şəhidin doğulub boya-başa çatdığı Ordubad rayonunda da faciənin ildönümü ilə bağlı tədbir keçirilib. Rayon ictimaiyyətinin nümayəndələri səhər saatlarından başlayaraq Ordubad şəhərinin Heydər Əliyev prospektindəki Şəhidlər xiyabanına gələrək şəhid məzarları üzərinə qərənfil dəstələri düzüb, Vətən övladlarının ruhuna dualar oxuyublar.
Şahbuz rayonunun sakinləri də Vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Rayon ictimaiyyətinin nümayəndələri – ağsaqqallar, gənclər, ziyalılar, əmək kollektivləri, əsgərlər Şahbuz şəhərindəki Ana Abidəsi Kompleksini ziyarət edib, önünə gül dəstələri düzüblər. Şəhidlərin ruhuna dualar oxunub.







Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Naxchivan_Muxtar_Respublikasinin_butun_rayonlarinda_20_Yanvar_sehidlerinin_xatiresi_ehtiramla_yad_edilib-826362

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR