Adam öldürməyə qanunla icazəsi olan Yaşar baba: “Lenti çıxarıb verirdin, bir dənə də izahat” – YOL YOLDAŞI

Adam öldürməyə qanunla icazəsi olan Yaşar baba: “Lenti çıxarıb verirdin, bir dənə də izahat” – YOL YOLDAŞI
14:49 21 Yanvar 2015
200 Sosial
Ölkə mətbuatı
A- A+

“Ölənlərin sayı yadımda qalmayıb, amma”

Qarşımda 74 yaşlı təqaüdçü oturub. 8 ölüm hadisəsinin iştirakçısı olub. Və 8 nəfərin ölümünə görə bir sutka belə içəridə yatmayıb. Yox, kriminal aləmin adamı deyil. Müsahibim Lokomotiv Biləcəri Deposunun sabiq maşinisti Məmməd Məmmədovdur. Adı Məmməd olsa da, istər iş yerində, istərsə də ailədə, qohum-əqrəba arasında hamı onu Yaşar deyə çağırıb.

 

Yaşar baba deyir ki, orta məktəbi bitirəndə mühasib olmaq arzusundaymış. Lakin böyük qardaşı onu bu fikrindən daşındırıb. Bu dəfə o, sənədlərini Dəmir yolu Texnikumuna verir. 4 il orda təhsil alandan sonra əvvəl maşinist köməkçisi, il yarımdan sonra maşinist kimi işləyir. Azərbaycanın dəmir yol xətləri olan elə bir ərazisi yoxdur ki, o oraya qatar sürməsin. İstər lokomotiv, istər yük və sərnişin.

 

Deyir, 1968-ci ilin martın 3-dən başlayıb işləməyə. 2008-də təqaüdə çıxıb.  

 

- İşin bircə çətinliyi var. O da yuxusuz qalmaqdı. Gecən, gündüzün yoxdu. Nə vaxt lazım oldun işə çağırırlar. Bir də gördün gecənin bir yarısında. Qaydalarda maşinist səkkiz saatdan artıq qatar sürməməlidir, amma elə olub ki, 48 saat oyaq qalmışıq.

 

Təyyarənin qara qutusu haqqında daim eşidirik: “Qəzaya uğramış filan təyyarəni qara qutusu tapıdı”. Sən demə, qatarında “qara qutu”su varmış. Daha doğrusu qara lenti.

 

- Yeddi dənə balaca “karandaş”ı var. Qatar getdiyi yolu qeyd edir. Qəza zamanı lentə baxılır. Günahın yoxdursa, kimsə sənə bir kəlmə də söz demir.

 

“Qəzalar necə, çox olub”, soruşanda əlini havaya qaldırıb “o”ları uzadır.

 

- Ooooooooooooooo qədər. Qəzalara qalsaydı, məni 40 dəfə güllələmişdilər.

 

Dediklərinin daha inandırıcı olması üçün ardınca da and içir: “Vallah”.

 

 

Qaydalara görə, maşinist əgər ona verilən sürətlə qatarı idarə edirsə, ölümə görə məsuliyyət daşımır. “40 il işləmişəm, amma yadıma gəlmir ki, ölümə görə hansısa maşinisti tutalar”, deyir və başlayır sovet dövrünü tərifləməyə.

 

 

- O vaxtlar Nəqliyyat prokurorluğu vardı. Lentin surətini çıxarıb verirdin, bir dənə də izahat. Vəssalam. İndi elə şeylər yoxdu.

 

- Neçə ölüm hadisə olub?

 

- Məndə?! Nə bilim. Çoooooox... Avtobus belə vurmuşam... Xudatda. Üzü Dərbəndə sarı gedirdim. Həftə bazarıydı. Öz yolumla gedirdim. Məndən 20 metr aralı “alabaş” avtobus dayanmışdı. Qatarın gəldiyini xəbər verən siqnal da yanıb sönürdü. Avtobusa çatana yaxın sürdü qabağıma. Vurdum keçdim. İkisi elə yerindəcə keçinmişdi. Maşına nə var sürməyə?! Ayağını tormoza atdın dayanır. Uzaq başı “ruçnoy”u çəkirsən. Bir də görürsən qəfil çıxırlar yola. Saxlamaq mümkün deyil. Hər dəfə saxlasan, mənzil başına nə vaxt çatarsan? Mümkün deyil. Adamın yazığı da gəlir. Düşmənçiliyim yoxdu. O məni tanımır, mən onu tanımıram.

 

 

Yollardan danışırıq. Azərbaycan dəmir xəttinin ən çətin yollarından. Deyir, Qaradağdan Sumqayıta gedən yol, ümumiyyətlə yol deyil.

 

- Ən axmaq yolumuz oradır. Bir də Suraxanıdakı yoxuş yol. Dübəndidən qatarı qaldıranda üç kilometrlik xətdi. Saat da səksənlə oranı keçirik. Suraxanıya girəndə sürət olur 70-75, çıxana kimi 15-20-ə düşür. Bir dənə də köməkçi elektrovoz dalda.

 

 

- Sürət həddi nə qədərdi?

 

- Sərnişinlərdə yüz, yükdaşımada səksən.

 

 

- Maksimum neçə vaqon aparmısınız?

 

- Yüz on. 6440 ton. Onda da gəlib girmişəm qoyun sürüsünə. Yalan olmasın, iki yüzü kəsmişdik elə. O qədər çoxuydular. Gecə qoyunun gözləri işıq düşəndə par-par yanır. Elə bir projektordu. Tülkü-mülkü olanda 2-3 dənə olur. Burda isə 300-400 göz işıldayırdı. Bildim ki,  bu qoyun sürüsüdü. 50 metr qalmış gördüm. Saxlamağım mümkün deyildi. Təhlükəli olardı.

 

- Ən dəhşətli dəmir yolu qəzası hansı olub?

 

- İndiki kimi yadımdadı. 1973-cü ilin sentyabrın 13-də Bakı-Rostov qatarı Biləcəridən Xırdalana çıxan yolda. Onda adam çox qırılıb. Qəza yerinə Heydər Əliyev də gəlmişdi. 2-3 vaqon demək olar ki, yox idi. Ölənlərin sayı yadımda qalmayıb. Yükdaşıyan qatarla toqquşmuşdu. Günah o biri qatardaydı. 13 il yatdı o uşaq. Biləcəridən idi. Əliyev Bəhmən.

 

Yaşar babanın yaddaşına da söz ola bilməz. Hələ bu harasıdır ki, qəza etdiyi qatarların nömrəsi də yadındadır.

 

 

- Dəvəçi tərəfdə, Qızılburunda  1175-lə qəza eləmişəm, 16 54-lə qoyun otaran qızı vurmuşam. Quzu qəfil çıxdı qatar yoluna. Qız da özünü onun dalınca atdı yoluma. Quzunu xilas elədi, özü qaçanda ayağını tutdu qatar. Dedim, vaaaay, qıçı getdi.

 

 

Bu dəfə kədərlənir. Görünür, indiyə qədər danışdıqlarının içində ən təsirlisi quzunu xilas edən qızcığaz olub. Çayından bur yudum alıb davam edir.

 

- Ələt-Qobustan yolunda olmuşdu. Denən, heyvana görə də adam özünü dəmirin altına atarmı? Heyvandı da.

 

 

- Elə hey eşidirik ki , Muğan – Hacıqabul yolunda qatar aşıb...

 

- Hə, orda tez-tez olur eyni yerdə. Muğanı çıxan kimi Qarasuda. İstidə relslər enlənir. Bəzən də elə əyilir ki, elə bilirsən makarondu.

 

 

Deyir və barmaqlarını əyib yolları göstərir.

 

- İkincisi bu yaxınlarda olub. Yol xarab olmuşdu. Hər ikisi dalbadal oldu. 2-3 ilin içində.

 

 

Yollardan, ölənlərdən, qalanlardan danışdıq. Söhbət gəlib çıxır sovet dövrünə. Ümumiyyətlə, o dövrün insanları hələ də bu zamanla barışa bilmir. Kimi dindirsən, ağız dolusu sovet dövrünü tərifləyir. O vaxt aldığı maaşıyla ailə saxlayıb, uşaq oxudub, oğul evləndirib, qız köçürüb. Ömrünün 40 ilini Azərbaycan dəmir yollarına xərcləyib. Əməkdar dəmiryolçu adını qazanıb. Aldığı təqaüd isə...Bu barədə danışmaq istəmir. Deyir, evim-eşiyim, uşaqlarım, buna da şükür, “Dolanırıq da? 



Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190994

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR