Ağasəlim Mircavadov: "Topla oynamağa qorxurdu"

Ağasəlim Mircavadov: "Topla oynamağa qorxurdu"
14:52 21 Yanvar 2015
149 İdman
Ölkə mətbuatı
A- A+

Milli.Az Premyer Liqa klublarının, eləcə də aşağı yaşlı futbolçulardan ibarət yığmalarımızın Antalyadakı təlim-məşq toplanışını yaxından izləyən Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadovun apasport.az saytına müsahibəsini təqdim edir
  
- “Neftçi” - “Elazığspor” qarşılaşmasını izlədiniz. Təmsilçimizin oyunu haqda nə deyə bilərsiniz?

- Tək bu oyunu deyil, klublarımızın Antalyada keçirdiyi qarşılaşmaların əksəriyyətini izləmişik. Bu cür oyunlarda nəticə vacib deyil. Çünki baş məşqçi heyətdə müxtəlif dəyişikliklər edir. Konkret “Neftçi”yə gəldikdə, Arif Əsədov gənclərə şans verməklə, nəyə qadir olduqlarını yoxladı. Həm futbolçuların mövqelərini təkmilləşdirdi, həm də fiziki güclərinin neçə dəqiqəyə yetdiyini aydınlaşdırdı. Bəzi futbolçular var ki, xoşuma gəldilər. Həm cəld idilər, həm də topla yaxşı işləyirlər. Ümumi götürdükdə isə axtarışlar davam edir. Daha 2 oyun keçirəcəklər. Bu matçlardan sonra Arif Əsədov “11-liy”i müəyyənləşdirəcək. Çünki yoxlama oyunlarında düşərgəyə nə qədər futbolçu dəvət etmisənsə, hamısını yoxlamalısan. Bu, vacibdir, həm də lazımdır. Bəzi futbolçular var ki, oyun təcrübəsinin azlığından əziyyət çəkirlər. Məsələn, mərkəz müdafiəçisi kimi çıxış edən Rahil Məmmədov topla oynamağa qorxurdu. Çünki o, bu səviyyədə az oyun keçirib. Üzərində çox işləməlidir, boy-buxunu var. Bir məsələni də qeyd edim. Bizim futbolçular topsuz az hərəkət edirlər. Bu tək “Neftçi”yə yox, bütün klublarımıza aiddir.
  
- Premyer Liqa klublarından ikisində - “Qəbələ” və “Xəzər Lənkəran”da baş məşqçi dəyişilib. Bəs komandaların oyun tərzi necə, dəyişibmi?

- Bu iki komandanın oyununu hələ izləməmişik. “Qəbələ” yanvarın 23-də “Kuban”la qarşlaşacaq. Maraqlı oyun olacaq. “Qəbələ”nin oyununu izləməsək də, baş məşqçisi ilə söhbətimiz olub. Ümumiyyətlə, klublarımızın burada olması yaxşı haldır. Çalışırlar, hazırlaşırlar.
  
- Oyunu ilə diqqətinizi cəlb edən futbolçular varmı?

- Var. “İnter”dən Coşqun Diniyevi qeyd edərdim. Yaxşı təsir bağışlayır. Məhəmməd Mirzəbəyov da diqqətimizi cəlb edib. “Simurq” da çalışır, komanda şəklində çıxış etsin. Amma onların müdafiə xəttində problemlərin olduğu görünür. Buna görə baş məşqçi axtarışlarını davam etdirir. “Neftçi”yə gəldikdə, komandada gənclər çoxdur. Onlar U-21-ə cəlb oluna bilərlər. Biz də həmin futbolçuları diqqət mərkəzində saxlayırıq.
  
- Sizcə, çempionatın indiyə qədərki hissəsi maraqlı keçib, yoxsa maraqlı oyunlar hələ qarşıdadır?

- Çempionatın maraqlı hissəsi qarşıdadır. Bir faktı da vurğulayım ki, Premyer Liqaya “Xəzər Lənkəran” rəng qatırdı. Həm oyunu, həm də azarkeşləri ilə. Onlar da strategiyanı dəyişdilər və gənclərə şans verdilər.
  
- Bu addım komandanın gücünü nisbətən də olsa zəiflədəcəkmi?

- Təbii ki, bu onların oyununa təsir edəcək. Bu, məlum məsələdir. Yəqin ki, onlar bu il avrokuboklarda oynamaq istəklərini təxirə salacaqlar. Bu artıq onların seçimidir.
  
- Həm əsas, həm də U-21-in baş məşqçisi Antalyadadır. Onlarla Məşqçilər Korpusunun üzvləri arasında fikir mübadiləsi aparılıbmı?

- Hər gün analizlər edir, yığmaya namizəd futbolçularla bağlı söhbətlər edirik. U-17 və U-16-nın oyunlarını da izləmişik, baş məşqçiləri ilə görüşmüşük. Əsas odur ki, proses gedir. Hazırlıq başa çatdıqdan sonra toplanışı analiz edəcəyik. Çünki U-17 elit-raundda çıxış edəcək. Bu oyunlar da martda Bakıda keçiriləcək. Deməli, U-17-nin ölkə xaricindəki toplanışı marta qədər yekunlaşır. Fevralda da toplanış olacaq, amma Bakıda. Rusiyanın U-17 yığması dəvət edilib və onlarla 2 yoxlama oyunu keçiriləcək. Gördüklərimiz haqda onu deyim ki, baş məşqçilər vicdanla çalışırlar. Bizim klubların daxili işinə qarışmaq ixtiyarımız yoxdur. Amma yığmalarda iş gedir. Oyunçuların məşqçilərin əlində olduğu hiss olunur. Antayaya gəlmək şərt deyil, məqsəd aydın olmalıdır. Bilinməlidir ki, Antalyaya nə üçün gedirəm. Yaxşı hazırlıq prosesi keçirilməlidir ki, martda da uğur olsun. Yeri gəlmişkən, “Amkar”ın baş məşqçisi Hacı Hacıyevlə də görüşdük, fikir mübadiləsi apardıq. Rusiya çempionatı haqda müəyyən bilgilər əldə etdik. O da bizim çempionatla maraqlandı.
  
- Hansısa təklif irəli sürdümü?

- O, bütün müzakirələrə açıq insandır. Nəyi düzgün bilirsə, onu mütləq deyir. Bəzi işlərlə bağlı məsləhətləri oldu. Biz də onu rəhbərliyə təklif edəcəyik. Bu gün komitənin işi həm də çempionatın səviyyəsinin artırılmasına kömək etməkdir. Çempionatmızda struktur dəyişib, artıq yığmanın baş məşqçisi klublarla sıx əlaqəli işləyir. Əvvəl isə belə deyildi. Biz də bu əlaqənin daimi olmasına çalışırıq. Prosineçki səmimi insandır, həm dinləyir, öyrənir, həm də axtarır, araşdırır. Bu yaxşı və faydalı cəhətdir. Əvvəllər bizdə yığma klublar əlaqəsiz işləyirdi. Lakin indi fərqli mənzərə izləyirik. Təbii ki, hadisələrin bu cür axarına baş məşqçi razılıq verir. Özü kimi köməkçiləri də işgüzardırlar.

Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/320167.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR