Ağdaş rayonunda yeni südtoplama məntəqəsi açılıb

Ağdaş rayonunda yeni südtoplama məntəqəsi açılıb
19:33 20 İyun 2015
127 Ölkə
Ölkə mətbuatı
A- A+


Ağdaş, 20 iyun, Şahnəzər Bəşirov, AZƏRTAC
Azərbaycan Hökuməti və Dünya Bankının birgə maliyyələşdirdiyi İkinci Kənd İnvestisiya Layihəsi (AZKİL) çərçivəsində Ağdaşın Tofiqi kəndində həyata keçirilən “Südtoplama məntəqəsinin qurulması” ilə bağlı pilot layihənin icrası başa çatdırılıb. Layihə Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti tərəfindən icra olunub.
AZƏRTAC xəbər verir ki, məntəqənin açılış mərasimində Kənd Təsərrüfatı Nazirliyinin, rayon icra hakimiyyətinin nümayəndələri, Dünya Bankının meneceri Daniel Ouen, AZKİL-in direktor müavini Gülbəniz Qəmbərova, AZKİL-in Düzən Şirvan zonası üzrə proqram meneceri Xudayar Gülmalıyev, kənd əhalisi iştirak edib.
Məlumat verilib ki, Ağdaşın kəndlərində əhalinin əsas gəlir mənbəyi heyvandarlıq hesab olunur. Kənd zəhmətkeşləri bəslədikləri mal-qaradan götürdükləri süd və süd məhsullarını vaxtında realizə edə bilmədiklərindən məhsul itkisi ilə qarşılaşırlar. Süd məhsullarının xarab olmaması və kəndlilərin yay aylarında üzləşdiyi bu problemin həlli üçün AZKİL tərəfindən Tofiqi kəndində yerli əhalinin müraciətləri əsasında yeni pilot layihə icra edilib. Əlli kvadratmetr torpaq sahəsində südtoplama məntəqəsi üçün uyğunlaşdırılmış bina inşa edilib. Ərazidə xam südün qəbulu və südün keyfiyyətinə nəzarət üzrə laboratoriya, süd soyutma çənləri, süd qablarının yuyulması üçün otaq, anbar və digər yardımçı tikililər mövcuddur.
“Kənd təsərrüfatı ili”ndə Ağdaşda südtoplama məntəqəsinin inşasını heyvandarlıqla məşğul olan yerli insanların fəaliyyətinə böyük töhfə olduğunu bildirən natiqlər məntəqədən Tofiqi və ətraf kəndlərin əhalisinin bəhrələnəcəyini qeyd ediblər.
Diqqətə çatdırılıb ki, bu pilot layihə nəticəsində yerli ailələrin məşğulluq və gəlir əldə etmək imkanları genişlənib. Layihənin həyata keçirilməsi yerli sakinlərin iqtisadi durumuna müsbət təsir edəcək və əhalinin pul gəlirləri 15 faiz artacaq.
Çıxışlardan sonra südtoplama məntəqəsinin açılışını bildirən rəmzi qırmızı lent kəsilib və yaradılan şəraitlə tanışlıq olub.






Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Agdas_rayonunda_yeni_sudtoplama_menteqesi_achilib-865725

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR