Bilik Fondunun layihəsi çərçivəsində Zaqatalada 6 məktəb arasında “Qardaşlaşma sazişi” imzalanıb

20:33 20 İyun 2015
165 Ölkə
Ölkə mətbuatı
A- A+


Zaqatala, 20 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun reallaşdırdığı “Qardaşlaşmış məktəblər” layihəsi çərçivəsində iyunun 20-də Zaqatala rayonunun Əliabad qəsəbəsində növbəti tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində Bakı şəhərinin Xəzər rayonu Şüvəlan qəsəbəsindəki 156 nömrəli, Qəbələ rayonunun Nic kəndindəki 2 nömrəli tam orta məktəblərin, Balakən şəhərindəki humanitar-texniki təmayüllü liseyin, həmçinin İsmayıllı rayonunun İvanovka və Qax rayonunun Əmbərçay kənd tam orta məktəblərinin şagirdləri Əliabad qəsəbəsindəki 1 nömrəli tam orta məktəbin qonağı olublar.
Tədbir iştirakçıları əvvəlcə Əliabad qəsəbəsindəki XVII əsrə aid qədim məscidi ziyarət ediblər.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Bilik Fondunun məsul əməkdaşlarının, elm adamlarının, məktəblilərin, həmçinin rayon ictimaiyyəti nümayəndələri və qəsəbə sakinlərinin iştirak etdikləri tədbirdə qonaqlara rayonun, eləcə də Əliabad qəsəbəsinin tarixi, mədəniyyəti, əhalinin etnik tərkibi barədə məlumat verilib.
Diqqətə çatdırılıb ki, 2012-ci ilin mayında bölgədə baş vermiş zəlzələ zamanı zərər görmüş məscid binasında hazırda bərpa işləri aparılır. Bakının Şüvəlan qəsəbəsində yerləşən Mir Möhsüm Ağa ziyarətgahının maliyyə dəstəyi ilə həyata keçirilən bərpa işlərinə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və xeyriyyəçi insanlar da öz köməkliyini göstərir.
Tədbir iştirakçıları məscidin həyətində səliqə-sahman işi aparıb, əraziyə ağac və gül kolları əkiblər.
Məscidin həyətində qəsəbə sakinləri, dindarlar və məktəblilərin iştirakı ilə “Azərbaycanda dövlət-din münasibətləri” mövzusunda söhbət aparılıb.
Tədbir iştirakçıları daha sonra ümummilli lider Heydər Əliyevin Əliabad qəsəbəsinin mərkəzində, mədəniyyət evinin qarşısında ucaldılmış abidəsi önünə gül-çiçək düzüb, xatirəsini ehtiramla yad ediblər.
Mədəniyyət evində keçirilən “Qafqaz Albaniyası və onun hazırkı varisləri” mövzusunda konfransı Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə açaraq, Bilik Fondunun həyata keçirdiyi “Qardaşlaşmış məktəblər” layihəsinin əhəmiyyətindən danışıb.
Konfransda Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin aparıcı məsləhətçisi Ceyhun Məmmədov və məsləhətçi Sərraf Hüseynovun, həmçinin elm adamlarının mövzu ilə bağlı məruzələri dinlənilib, çıxışlar olub.
Qəsəbə mədəniyyət evinin bədii özfəaliyyət kollektivi maraqlı konsert proqramı ilə çıxış edib.
Sonra tədbir iştirakçıları Əliabad qəsəbə 1 nömrəli tam orta məktəbinə gəliblər.
Şagirdlər “Qardaşlaşmış məktəblər” layihəsinin iştirakçılarını mehribanlıqla qarşılayıblar.
Məktəbin foyesində təşkil edilmiş “Bakı-2015” birinci Avropa Oyunlarına həsr olunan sərgi tədbir iştirakçılarında böyük maraq doğurub.
Məktəbin akt zalında keçirilən imzalanma mərasimində Bilik Fondunun icraçı direktoru Oktay Səmədov “Qardaşlaşmış məktəblər” layihəsi çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat verib. Bildirilib ki, layihənin əsas məqsədi biliyə marağın artırılması, Azərbaycan tarixinin və mədəniyyətinin, milli mənəvi dəyərlərin təbliği, məktəblilərə vətənpərvərlik ruhunu aşılamaqdır. Layihənin gedişində müxtəlif bölgələrdən olan məktəblilər arasında “bilik körpüsü” yaradılır, şagirdlərin intellektual səviyyəsi yüksəlir, dünyagörüşləri daha da zənginləşir.
Sonda Zaqatala rayonunun Əliabad qəsəbəsindəki Adil Hacıyev adına 1 nömrəli, Bakı şəhərinin Xəzər rayonu Şüvəlan qəsəbəsindəki 156 nömrəli, Qəbələ rayonunun Nic kəndindəki 2 nömrəli tam orta məktəblər, həmçinin Balakən şəhərindəki humanitar-texniki təmayüllü lisey, İsmayıllı rayonunun İvanovka və Qax rayonunun Əmbərçay kənd tam orta məktəbləri arasında “Qardaşlaşma sazişi” imzalanıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bilik_Fondunun_layihesi_cherchivesinde_Zaqatalada_6_mekteb_arasinda_Qardaslasma_sazisi_imzalanib-865736

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR