Azərbaycan gömrükçüləri Ermənistan mənşəli kənd təsərrüfatı məhsullarının ölkəyə gətirilməsinin qaşısını alıblar

20:33 20 İyun 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 20 iyun, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşları Ermənistan mənşəli olduğuna dair kifayət qədər sübutlar olan 8 tondan artıq kənd təsərrüfatı məhsulunun ölkəyə gətirilməsinin qaşısını alıblar.
Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda aşkar edilən 3 fakt üzrə 8130 kiloqram meyvə - ərik saxlanılıb. İlkin araşdırma zamanı gömrükçülər malın Ermənistan mənşəli olduğunu müəyyənləşdiriblər. Belə ki, Gürcüstan istiqamətindən ölkəmizə gələn Azərbaycan Respublikası vətəndaşı Süleymanov İsmayıl Qoqu oğlunun idarə etdiyi avtomobildə mənşəyi məlum olmayan, ümumi çəkisi 6300 kiloqram ərik aşkar edilib. Yoxlama zamanı malın qablaşdırıldığı qutuların üzərində markerlə erməni dilində yazılar müəyyən olunub.
Digər fakt isə Azərbaycan Respublikası vətəndaşı Kəlayev Seymur Maqsim oğlunun idarə etdiyi “Ford Tranzit” markalı avtomobildə aşkar edilib. Gömrükçülər tərəfindən avtomobildə mənşəyi məlum olmayan 630 kiloqram ərik olduğu müəyyənləşdirilib. Əriyin qablaşdırıldığı qutuların üzərinin Ermənistanda erməni dilində nəşr olunan çap məhsulları - qəzet səhifələri ilə örtülməsi malın Ermənistan mənşəli olduğunu sübuta yetirib.
Azərbaycan Respublikası vətəndaşı Musayev Ağakişi Musa oğlunun idarə etdiyi “Ford Tranzit” markalı avtomobildən isə eyni üsulla qablaşdırılaraq, üzəri Ermənistanda çap olunan qəzet səhifələri ilə örtülən 1200 kiloqram ərik aşkar olunub.
Həmin yüklərin mənsub olduğu ölkəni müəyyən edən hər hansı sənədin yoxluğu, eləcə də mənşə ölkəsinin Ermənistan Respublikası olduğuna əsas verən kifayət qədər sübutların olması ilə əlaqədar həmin nəqliyyat vasitələri gömrükçülər tərəfindən saxlanılıb və malın respublika ərazisinə idxalına icazə verilməyib.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_gomrukchuleri_Ermenistan_menseli_kend_teserrufati_mehsullarinin_olkeye_getirilmesinin_qasisini_aliblar-865735

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR