Mikeç Damir ikinci qızıl medalını qazandı - FOTO

Mikeç Damir ikinci qızıl medalını qazandı - FOTO
20:57 20 İyun 2015
41 İdman
Ölkə mətbuatı
A- A+

İyunun 20-də Bakı Atıcılıq Mərkəzində birinci Avropa Oyunlarının atıcılıq yarışlarının beşinci günündə də maraqlı və gərgin idman mübarizəsi aparılıb.

AZƏRTAC xəbər verir ki, kişilər və qadınlar arasında dairəvi stend, qadınlar arasında 25, kişilər arasında isə 50 metr məsafədən tapança ilə atəşaçma yarışları keçirilib.

Qadınlar arasında 25 metr məsafədən tapança ilə atəşaçma yarışında Azərbaycanı təmsil edən İradə Aşumova 15-ci yeri tutaraq mübarizəni dayandırıb.

Azərbaycan idmançılarından Nurlana Cəfərova da dairəvi stend yarışının təsnifat mərhələsində mübarizəni dayandırmalı olub. Daha bir idmançımız Rəsul Məmmədov kişilər arasında 50 metr məsafədən tapança ilə atəş yarışının təsnifat mərhələsində uğurlu çıxış edə bilməyib. O, bu mərhələdə yarışı dayandırıb.

Kişilər arasında dairəvi stend yarışının birinci təsnifat mərhələsində Azərbaycanı Paşa Ahadpur Xangah və Emin Cəfərov təmsil ediblər. Onlar iyunun 21-də yarışın - ikinci təsnifat mərhələsində medal uğrunda mübarizəni davam etdirəcəklər.

Kişilər arasında 50 metr məsafədən tapança ilə atəşaçma yarışının qalibi Serbiya idmançısı Mikeç Damir olub. O, qızıl medal uğrunda Ukrayna, Türkiyə, Slovakiya, İslandiya və Almaniya idmançıları ilə mübarizədə 192.2 xalla birinciliyi təmin edib.

İkinci yerə slovakiyalı Pavol Kop, üçüncü yerə isə türkiyəli Abdullah Ömər Alimoğlu çıxıblar.

M.Damir cari ildə Avropa çempionatında 10 metr məsafəyə hava tapançası ilə atəşaçma yarışında ikinci yeri tutub. 2009-cu ildə dünya çempionatında ikinci yerə çıxan serbiyalı atlet 2008-ci il Pekin və 2012-ci il London olimpiadalarının da iştirakçısı olub. Bundan başqa, o, birinci Avropa Oyunlarında kişilər arasında 10 metr məsafəyə hava tapançası ilə atəşaçma yarışının da qalibi olub. Bununla da o, birinci Avropa Oyunlarının ikiqat çempionu adını da qazanıb.

Qadınlar arasında 25 metr məsafədən tapança ilə atəşaçma yarışının qalibi isveçrəli Haydi Diethelm Gerber olub. Səkkiz ölkədən idmançıların mübarizə apardıqları final mərhələsində hədəfləri daha düzgün nişan alan Haydi Diethelm Gerber qızıl medala sahib olub. Beləliklə o, "Rio-2016" Yay Olimpiya Oyunlarında iştirak etmək hüququ qazanıb.

Yarışda gümüş medalı bolqarıstanlı Antoaneta Boneva, bürünc mükafata isə almaniyalı Monika Karş layiq görülüb.

Qadınlar arasında dairəvi stend yarışının qalibi isə böyük britaniyalı Amber Hill olub. Bu yarışın final qarşılaşması gərgin idman mübarizəsi ilə yadda qalıb. Amber Hill finalda dəfələrlə dünya və Avropa çempionatlarının iştirakçısı italiyalı Diana Bakozi ilə qarşılaşıb. Hər iki idmançı müəyyən olunan hədəfləri dəqiq vurublar. Qalibi müəyyən etmək üçün əlavə atışlarda Amber Hill daha dəqiq olub və qızıl medala yiyələnməklə yanaşı, gələn il Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak hüququ əldə edib.

Diana Bakozi gümüş medala sahib olub. Onun həmyerlisi Kiyara Kayinero isə bürünc medal qazanıb.

Amber Hill dəfələrlə dünya və Avropa çempionatlarının, beynəlxalq turnirlərin iştirakçısı olub.

Qaliblərə mükafatları Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki, Beynəlxalq İdman Atıcılığı Federasiyasının idarə heyətinin üzvü Kevin Kilti və Avropa Olimpiya Komitələri İcraiyyə Komitəsinin üzvü Frantişek Xmelar təqdim ediblər.

Milli.Az

















Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/351670.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR