x
Loading...

G7 sammiti ümidləri doğrultmadı - 5 SƏBƏB

G7 sammiti ümidləri doğrultmadı - 5 SƏBƏB
20:22 20 İyun 2015
58 Ölkə
Ölkə mətbuatı
A- A+
.

Dünyanın ən böyük iqtisadiyyatlarına malik olan ölkələrin daxil olduğu qrup əvvəlki gücündə deyil.

Bir vaxtlar "Yeddilər qrupu"na daxil olan ölkələr dünyanı idarə edirdilər. Bu gün isə belə deyil. Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, Yaponiya, Kanada və ABŞ liderləri ötən həftənin əvvəli Bavariyada keçirilən illik sammiti yekunlaşdırıblar. Sammitin nəticələri ümidləri doğrultmayıb. Budur, G7 ölkələri özləri bunu görməsələr də, artıq onların idarə etdiyi dünyada yaşamadığımızı göstərən beş fakt:

1) İqlim Dəyişikliyi

G7 2100-cü ilə qədər bütün dünyada qalıq yanacaqlardan istifadənin tədricən dayandırılması ilə bağlı plan elan edib. Təəssüf ki, onlar öz ölkələrində ənənəvi yanacaq növlərindən istifadənin azaldılması ilə bağlı konkret plan müəyyənləşdirməyiblər. Nəzərə alsaq ki, qlobal səviyyədə karbon dioksid emissiyalarının 59 faizi bu yeddi ölkənin payına düşür, bu, ciddi problemdir. Afrika qitəsinin payına düşən karbon dioksidin iki qatı və ən az inkişaf etmiş 48 ölkədə yaranan karbon emissiyalarının 10 qatı G7 ölkələrində kömürlə işləyən zavodlardan çıxır. Əgər G7 ölkələri iqlim dəyişikliyi problemini həll etmək istəyirlərsə, əvvəlcə özlərindən başlamalıdırlar.

2 ) İŞİD

İki günlük sammitdən çıxan ən böyük məsələlərdən biri Prezident Obamanın ABŞ-ın hələ də İŞİD-lə bağlı tam strategiyası olmamasını etiraf etməsi oldu. Niyə sualının cavabı isə belədir: "Çünki bunun üçün iraqlılar da öhdəlik götürməlidirlər." Ancaq İŞİD artıq regional bir problem deyil. Qüvvələri arasında 100-dən çox ölkədən gələn 22 min xarici döyüşçü olan İŞİD artıq rəsmi olaraq qlobal təhlükə kateqoriyasındadır. ABŞ dekabrdan bu yana təxminən 9 min iraqlıya təlim keçə bilib, daha bir 2500-ü isə hazırlanmaqdadır. Ancaq bu qədər qüvvə radikal terrorist qrupunun kökünü kəsməyə bəs etməyəcək. Palmiranın ələ keçirilməsi ilə Suriya torpaqlarının 50 faizi İŞİD-in əlindədir və qrup daha da irəliləməyə hazırdır.

3) Rusiya

G7 ötən ilə qədər G8 idi. Ancaq sonra Rusiya Ukraynanı işğal etmək qərarına gəldi, ona görə də, qrupdan çıxarıldı. Bunun ardınca sanksiyalar tətbiq olundu və Rusiyanın iqtisadiyyatı kəskin şəkildə zəiflədi. Bu ilin mayında inflyasiya səviyyəsi 15,8 faiz qalxdı, ÜDM isə aprel ayında 4,2 faiz azaldı. ABŞ dolları ilə nisbətdə rubl təkcə ötən ay dəyərinin 11 faizini itirdi. Ərzaq qiymətləri qalxmaqdadır. Rusiyalıların 50 faizi sanksiyalar tətbiq edilməsindən bu yana istehlakı azaldıb. 20 faizi isə bildirir ki, qida və yaşayış üçün ödəniş etdikdən sonra əllərində xalis gəlir qalmır. Ancaq yenə də Rusiya Ukraynada qalır, Putin isə heç nədən çəkinmir. G7 sammitində isə bildirilib ki, Putin fevral ayında Minskdə bağlanmış atəşkəs razılaşmasına məhəl qoymadığı müddətdə sanksiyalar qaldırılmayacaq. Beləliklə, maraqlananlar üçün deyək ki, Ukraynada böhran davam edir.

4) Yunanıstan

Yunanıstan arıtq qlobal iqtisadiyyat üçün sistematik təhlükə təşkil edir - ÜDM baxımından dünya iqtisadiyyatının yalnız 0,32 faizini təşkil edən bir ölkə üçün bu, böyük bir şeydir. Aİ-nin xaricdən baxdıqda liderləri kimi görünən Almaniya və Fransa ittifaqın siyasi bütövlüyünə toxunmadan avronu qorumağa çalışırlar. Artıq aylardır ki, Aİ, Avropa Mərkəzi Bankı və BVF Afinaya qarşı danışıqlardakı mövqelərini sərtləşdirdiklərindən Yunanıstan Amerikanı oyuna çəkməyə çalışır. Ancaq Amerikanın Marşal Planı ilə Avropanın problemlərini həll etdiyi vaxtların üstündən uzun müddət keçib. Aİ siyasəti və suverenliyi məsələsindən başqa, bunun üçün çəkiləcək xərc də həddən artıq çox olar. İstinad üçün qeyd edək ki, Marşal planı ABŞ-a 13 milyard, bu günün pulu ilə 120 milyard dollara başa gəlmişdi.

5) Yeni bir G8?

G7-nin nüfuzu, heç şübhəsiz, zəifləməkdədir. Bunun bir səbəbi kimi qlobal iqtisadi və əhali tendensiyalarını göstərmək olar. 1980-ci ildə bütün dünyada ÜDM-nin 61,1, dünya əhalisinin isə 13,85 faizi G7 ölkələrinin payına düşürdü. Bu gün isə bu göstəricilər, müvafiq olaraq, 46,3 və 10,5 faizdir və hələ də düşməyə davam edir.
4npress.com


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/351583.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR