Bakıda “Sənə demədiklərim” kitabının təqdimatı olub

Bakıda “Sənə demədiklərim” kitabının təqdimatı olub
21:23 20 İyun 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 20 iyun, AZƏRTAC
Moskvada yaşayan azərbaycanlı şairə, publisist, Azərbaycan, Rusiya və Avrasiya Yazıçılar birliklərinin üzvü Afaq Şıxlının “Sənə demədiklərim...” kitabının Bakıda təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyi (AYB) tərəfindən nəşr edilmiş kitab gözlənildiyi kimi böyük rezonans doğurub. İmza günündə Azərbaycanın məşhur şairləri, yazıçılar, habelə Afaq Şıxlı yaradıcılığının pərəstişkarları iştirak ediblər.
AYB-nin mətbuat katibi, şair Xəyal Rza Afaq Şıxlını yeni kitabı münasibətilə təbrik edib. Bildirib ki, bu nəşr Afaq Şıxlı ilə AYB arasında bundan sonra da inkişaf edəcək əməkdaşlığın nəticəsidir.
Yazıçı, publisist Məti Osmanoğlu Afaq Şıxlı yaradıcılığının pərəstişkarı olduğunu və onun nailiyyətlərini maraqla izlədiyini deyib. Vurğulayıb ki, Afaq Şıxlı Azərbaycandan kənarda yaşamasına baxmayaraq ölkəsinə bağlıdır, Azərbaycan dəyərlərini qoruyur və onları uşaqlarına aşılayır. Onun qızı Nilufər Şıxlının “Ulduz” jurnalının təşəbbüsü ilə keçirilmiş tərcüməçilər müsabiqəsində qalib gəlməsi buna gözəl sübutdur. “Nilufər xanım Afaq Şıxlı yaradıcılığının layiqli davamçısıdır. Onun Rusiyada oxumasına və hazırda orada yaşamasına baxmayaraq, Azərbaycan dilini gözəl bilməsi adamı heyrətləndirir. O, əsərləri o dərəcədə peşəkarlıqla və gözəl tərcümə edib ki, biz bundan yalnız qürur duya bilərik. Bütün bunlar Nilufər Şıxlının gözəl və parlaq gələcəyindən xəbər verir. Mən, həmçinin onu V Şairlər Günündə ona Mikayıl Müşfiq mükafatının təqdim edilməsi münasibətilə təbrik edirəm”, - deyə Məti Osmanoğlu sonda qeyd edib.
“Ulduz” jurnalının poeziya şöbəsinin redaktoru Fərqanə Mehdiyeva da Afaq Şıxlını yeni kitabı münasibətilə təbrik edib. Bildirib ki, şairin hər şeiri onun qəlbinin bir parçasıdır və oxuculara müəllifin emosiyalarını çatdırır.
Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Minəxanım Təkləli, şair Nəcibə İlkin, radio aparıcısı Sitarə İsmayıl, şair İbrahim İlyaslı, yazıçı-tərcüməçi Sevil Gültən, şair Yaşar Süleymanlı, həkim Məhsəti Əliverdiyeva, şair Şəfəq Sahib və başqaları iştirak ediblər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bakida_Sene_demediklerim_kitabinin_teqdimati_olub-865751

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR