"Dəstəklədiyimiz Ukraynada Azərbaycan tənqid və qınaq obyektinə çevrilib"

"Dəstəklədiyimiz Ukraynada Azərbaycan tənqid və qınaq obyektinə çevrilib"
15:05 21 Yanvar 2015
133 Digər
Ölkə mətbuatı
A- A+

“Dağlıq Qarabağ münaqişəsi prizmasından regionda və region ətrafında aktiv proseslər baş verib. Krım ətrafında baş verənlər ərazi bütövlüyü prinsipinin dəstəklənməsini, Krım və Dağlıq Qarabağ münaqişələrinə vahid standartdan yanaşmanı aktuallaşdırdı”.

Trend-in məlumatına görə, bu barədə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.

Politoloq qeyd edib ki, hələlik ən nümunəvi yanaşmanın müəllifi Almaniyadır: “Krımda yaşayan etnik almanların maliyyələşdirilməsini dayandıran, parlamentarilərinin Krıma səfərinə qadağa qoyan Almaniya rəsmən, publik formada Dağlıq Qarabağı "ermənilər tərəfindən işğal edilmiş Azərbaycan əraziləri" adlandırdı. 2014-cü ildə Ukraynada vəziyyət ağırlaşdıqca Ukraynada ermənilər və Ukrayna-Ermənistan münasibətləri güclənib. Ukrayna Erməniləri İttifaqı 2014-cü ilə yekun vurdu, “Ermənişünaslığın aktual məsələləri” adlı jurnalın təqdimatını keçirdi. Ukrayna erməniləri ittifaqının yekun konfransını Ukraynanın prezidenti Petro Poroşenko və baş nazir Arseni Yatsenyuk təbrik etdilər. 2014-cü il Ukraynanın xaraba qaldığı ildir. 2014-cü il Ukraynadakı ermənilərin gücləndiyi illərdən biridir. Ukrayna erməniləri BMT BA-da Ermənistanın Ukraynanın ərazi bütövlüyünü inkar etməsini Ukraynada normal qavranılmasına imkan vermədilər. Əksinə, Ukrayna onun ərazi bütövlüyünü inkar edən Ermənistanla əməkdaşlığa daha meyllidir”.

M.Əhmədoğlu qeyd edib ki, özü xaricdən investisiya axtaran Ukraynanın bəzi şirkətləri Ermənistanın “Air Armenia” şirkətinin dirçəlməsinə 30 milyon dollar vəsait ayırdılar: “Ukraynanın ərazi bütövlüyünü hər zaman, o cümlədən BMT BA-da dəstəkləyən Azərbaycan isə Ukraynada tənqid və qınaq obyektinə çevrilib. Ukraynanın aparıcı KİV-ləri və bəzi televiziyaları Dağlıq Qarabağa gələrək ermənilərin mövqeyindən bu münaqişəni işıqlandırırlar. Gürcüstan 2014-cü ildə öz ərazisindəki münaqişələr ilə bağlı romantik siyasət aparıb: Gürcüstan iqtisadi cəhətdən güclənib cəlbedici dövlətə çevriləcək və Abxaziya ilə Cənubi Osetiya geri qayıdacaq. Rəsmi Tbilisi nəzərə almır ki, Azərbaycanın Ermənistandan 10-12 qat güclü olması ermənilərin mövqeyinə təsir etməyib. Gürcüstanın, eləcə də Azərbaycanın RF-dən 15 dəfə güclü olması nəzəri cəhətdən də mümkün deyil. Dağlıq Qarabağ tənzimlənməsində Azərbaycana dəstək verməməsi rəsmi Tbilisinin öz münaqişələrinə münasibətin təhtəlşüur münasibətidir. Ona görə də heç bir ciddi uğur əldə etməyib. Əksinə, bəzi istiqamətlər üzrə geriləməsi var. Aİ Gürcüstanın ərazi bütövlüyünə münasibətdə əvvəlki qədər israrlı deyil. ABŞ-ın mövqeyi ritorikadan o tərəfə keçməyib. Rəsmi Tbilisi eyni ilə bu qaydada Dağlıq Qarabağ tənzimlənməsinə də yanaşır. Məhz bu səbəbdən 2014-cü ildə Gürcüstan-Ermənistan münasibətləri Gürcüstan-Azərbaycan münasibətlərini üstələdi. Hər halda Gürcüstanda ermənilərin ilin sonlarındakı separat aktivləşməsi Rəsmi Tbilisinin mövqeyini dəyişdirəcəkdir.

Bütün 2014-ci il boyu İran Cənubi Qafqaz regionunda aktiv olub. Gürcüstanla münasibətlərindəki uğursuzluqlar, reallaşmamış niyyətlər daha çoxdur. Buna baxmayaraq İran Gürcüstanla münasibətləri intensivləşdirməkdən əl çəkmədi.

İranın Ermənistana münasibəti dəyişib. İran Ermənistanı Rusiyanın təsirindən qoparmağa iddialıdır. Ermənistan ictimai-siyasi mühitində bu mövzuda bir neçə layihələr reallaşdırdı. Eləcə də, “Naxçıvan” qrupunu yaratmaqla Ermənistana Dağlıq Qarabağın Azərbaycana qaytarılmasının zəruriliyini aşılamağa başladı. Rəsmi Yerevanın “Vorotan Kaskad” SES-ini ABŞ-a satması da İranı Ermənistandan ehtiyatlı olmağa vadar etdi. Ermənistan Livana sülhməramlılar göndərməklə “Hizbullah”a qarşı müharibə aparmağa hazır olduğunu göstərdi. “Hizbullah”a qarşı müharibə İrana qarşı müharibə deməkdir".

Politoloq qeyd edib ki, 2014-cü ildə İran Azərbaycanın regiondakı rolunu qəbul etdi. Onun sözlərinə görə, İranda başa düşürlər ki, Ermənistana və Gürcüstana çoxmilyardlı layihələr vəd verməklə Cənubi Qafqaz regionunda söz sahibi olmaq mümkün deyil:

“Amma Azərbaycanla birlikdə qarşılıqlı, faydalı iqtisadi layihələr reallaşdırmaqla Cənubi Qafqazda söz sahibi olmaq mümkündür. Ona görə İran prezidenti hətta Gürcüstanın səfirinin etimadnaməsini qəbul edərkən Azərbaycan ərazisi vasitəsilə Gürcüstana dəmir yolu çəkəcəyini bildirdi. İran Fars Körfəzi- Qara dəniz Nəqliyyat Kommunikasiya Dəhlizinin yaradılması ideyasını ciddi qəbul edib. İran Culfa- Qulubəyli -Aslandüz dəmir yolunu çəkməyi Azərbaycandan xahiş edir. Araz AİZ-in reallaşması İranın azərbaycanlılar yaşayan regionlarının sosial-iqtisadi vəziyyətini xeyli yaxşılaşdıra bilər. Araz AİZ-də iştirak Azərbaycan üçün də çox faydalıdır. Bütün bunların hamısı isə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini diktə edir. Bu diktə isə İranın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə mövqeyini dəyişir. İranda başa düşüblər ki, məhz 1992-ci il Şuşa faciəsi ilə İran regional proseslərdən uzaqlaşdırılıb. Güclənən İran regional proseslərdə pay sahibinə çevrilməyi qarşısına məqsəd qoyub. Bu isə regionda RF və ABŞ-ın maraqlarının daralması hesabına başa gələcəkdir. Şuşa faciəsi ilə İranın regional proseslərdən uzaqlaşdırılmasının günahkarı kimi Rəsmi Tehran əsasən bu 2 dövləti ittiham edir. RF-dən narazılığı daha çoxdur. Regional iştirakda, o cümlədən, Dağlıq Qarabağ tənzimlənməsində İranın rolunu inkar etməsi İranın Ermənistandan narazılığının əsas səbəblərindən biridir”.

M.Əhmədoğlu qeyd edib ki, AİB-ə üzv olmaq üçün Ermənistan Dağlıq Qarabağı özünün tərkib hissəsi etməyəcəi ilə bağlı AİB təsisçiləri qarşısındarəsmi öhdəlik götürdü: “Bu, Ermənistanın Dağlıq Qarabağ siyasətində vacib konkretləşmədir.“Heç kim “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyini tanımaq istəmir. Abxaziya, Osetiya və Kosovadan sonra heç kim Dağlıq Qarabağı tanımadı. O vaxt heç nə dəyişmədiyi kimi indi də heç nə dəyişməyəcək”. Ermənistanda hakimiyyətə, beynəlxalqtəşkilatlara və diaspora yaxın politoloqun bu fikrini də nəzərə alsaq Dağlıq Qarabağ tənzimlənməsində real mənzərəni təsəvvür etmək olar”.

Politoloqun sözlərinə görə, AİB-üzvlük Dağlıq Qarabağ tənzimlənməsini kontekstindən 5 məsələni aktuallaşdırdı:

“ı. RF-nin mülkiyyəti olan “Tex-“Stepanakert””qaz boru kəmərinin Azərbaycan ərazisindəki statusunun müəyyənləşməsi

ıı. RF-nin təbii qazının “Tex-“Stepanakert”” Azərbaycan ərazisindəki nəqli

ııı. Azərbaycan Respublikasının mülkiyyəti olan Mehri dəmiryolunun Ermənistan ərazisindəki hissəsinin statusunun müəyyən olunması

ıv. Azərbaycanın işğal olunmuş ərazilərindəki Ermənistana məxsus hərbi texnikanın və digər mülkiyyətin taleyi

v. Ermənistan vətəndaşlarınınAzərbaycanın işğal olunmuş ərazilərindəki hərbi xidməti və ya əmək fəaliyyətinin qanunauyğunluğunun müəyyənləşdirilməsi”.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/320189.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR