Ötən il respublika üzrə 100 min başa yaxın qaramal süni mayalandırılıb

Ötən il respublika üzrə 100 min başa yaxın qaramal süni mayalandırılıb
15:08 21 Yanvar 2015
257 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 21 yanvar, AzərTAc 
Hazırda respublikanın 56 rayonunda 334 nəfər süni mayalanma mütəxəssisi tərəfindən heyvanların süni mayalandırılması tədbirləri həyata keçirilir. 2014-cü ildə respublika üzrə 100 min başa yaxın qaramal süni mayalandırılıb və 69 min baş sağlam bala alınıb.
Bu sözləri Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev AzərTAc-a eksklüziv müsahibəsində deyib.
Bildirilib ki, ölkəmizdə heyvanların süni mayalandırılmasında Göygöl rayonundakı Süni Mayalama Mərkəzində törədici buğalardan müasir texnologiyalar əsasında alınaraq dərin dondurulmuş heyvan toxumundan geniş istifadə olunur. Bununla yanaşı, heyvanların mayalandırılmasında “Aqro-Lider” şirkətinin Niderlanddan və “AzNor Aqro” MMC-nin Norveçdən idxal etdikləri heyvan toxumlarından da istifadə edilir. Toxum təchizatçıları arasında sağlam rəqabət mühitinin formalaşdırılması, fermerlərin ehtiyaclarının ödənilməsi və onlara seçim imkanlarının yaradılması məqsədilə hər üç mənbədən əldə olunan genetik materialın respublikada bərabər səviyyədə paylanmasına şərait yaradılıb.
M.Hacıyev qeyd edib ki, süni mayanlamada istifadə edilmiş cinslərin təhlili göstərir ki, mayalanma zamanı əsasən “Holştein-friz” (70 faiz), “Simmental” (14,5 faiz) və “Şarole” (7 faiz) cinsindən olan buğaların toxumları istifadə edilir. Sahibkarlar inək və düyələrinin südlük istiqamətdə “Holştein-friz”, ətlik-südlük istiqamətdə “Simmental” və ətlik istiqamətdə isə “Şarole” cinsindən olan buğaların toxumu ilə mayalandırılmasına üstünlük verirlər.
Nazirliyin mətbuat xidmətinin rəhbəri əlavə edib ki, 2014-cü ildən respublikada fəaliyyət göstərən süni mayalanma mütəxəssisləri tərəfindən aylıq hesabatların ancaq elektron formada nazirliyə təqdim olunması təmin edilib. Hər bir süni mayalanma mütəxəssisi barədə hesabatının elektron formada göndərilməsi heyvanların süni mayalandırılması işinin daha operativ araşdırılmasına və təhlilinə imkan yaradıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Oten_il_respublika_uzre_100_min_basa_yaxin_qaramal_suni_mayalandirilib-826375

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR