Misirdə "Bakı-2015" İlk Avropa Oyunları ilə bağlı veriliş yayımlanıb

02:17 21 İyun 2015
57 İdman
Ölkə mətbuatı
A- A+

[ 21 İyun 2015 02:13 ]

Bakı-APA. Misirin Londondan yayılan "Əl-Gad Əl-Ərəbi" kanalı "Bakı-2015" İlk Avropa Oyunları ilə bağlı veriliş yayımlayıb.

Azərbaycanın Misirdəki səfirliyindən APA-ya verilən məlumata görə, verilişin aparıcısı Məhəmməd Abdullah cari ilin 12-28 iyun tarixlərində Bakıda keçirilən İlk Avropa Oyunları barədə proqramın qonağı idman üzrə ekspert və tənqidçi Əhməd Sibai ilə müzakirə apararaq, sözügedən Oyunların Bakıda keçirilməsinin əhəmiyyətinə toxunub.

 

İlk Avropa Oyunlarının məhz Bakıda keçirilməsinin səbəblərinə toxunan M.Abdullah Azərbaycanın neft və qaz ölkəsi olduğunu və iqtisadiyyatının sürətlə inkişaf etdiyini vurğulayıb, 50 Avropa ölkəsinin həmin yarışlarda iştirak etdiyini qeyd edib, 65 min azərkeş üçün nəzərdə tutulan Milli Olimpiya stadionu barədə məlumat verib.

 

Daha sonra idman üzrə ekspert və tənqidçi Ə.Sibai Azərbaycan haqqında ümumi məlumat verərək, Azərbaycanın qarşısında duran əsas problemin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi olduğunu vurğulayıb, bundan başqa erməni terror təşkilatının Bakıda keçirilən İlk Avropa Oyunlarını hədələməsi ilə bağlı verdiyi bəyanatlara toxunub.

 

Veriliş əsnasında İlk Avropa Oyunları barədə göstərilən kadrlarda 2012-ci ildə Avropa Olimpiya Komitəsinin ilk Avropa Oyunlarına Azərbaycanın ev sahibliyi etməsi ilə bağlı qərar qəbul etməsi bildirilərək, 17 gün davam edəcək Oyunlarda 50 Avropa ölkəsindən 6 min idmançının iştirak etməsi, 20 idman növü üzrə 253 qızıl medal uğrunda mübarizənin aparılması və sözügedən tədbirin simvolunun nar seçilməsi qeyd edilib. Ə.Sibai Avropa Oyunlarının rəmzinin nar seçilməsi ilə bağlı münasibət bildirərək, narın Azərbaycanın milli meyvəsi sayıldığını, hətta Azərbaycan ədəbiyyatında narla bağlı şerlərin olduğunu qeyd edib.

 

Bundan başqa, ekspert Ə.Sibai Azərbaycan prezidenti  İlham Əliyevin eyni zamanda Milli Olimpiya Komitəsinin prezidenti olduğunu və prezidentin xanımı Mehriban Əliyevanın “Bakı-2015” İlk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri seçildiyini bildirərək, bunun Azərbaycanda idmana göstərilən diqqətin bariz nümunəsi olduğunu vurğulayıb. Həmçinin, Ə.Sibai Azərbaycanda yaradılan idman infrastrukturunun bu ölkəyə Avropa Oyunları kimi böyük miqyaslı idman tədbirlərini keçirməyə imkan verdiyini xüsusilə qeyd edib.

 

Aparıcı M.Abdullah belə bir möhtəşəm oyunların ərəb dünyasında keçirilməsi məsələsinə toxunaraq, Azərbaycanda keçirilən İlk Avropa Oyunlarının təcrübəsindən nə cür faydalanmaqdan söz açıb. Öz tərəfindən, Ə.Sibai belə tədbirlərdə ilk öncə təşkilatçılığın yüksək səviyyədə olmasını əsas gətirmiş, Azərbaycanda həmin tədbirə ölkə başçısı səviyyəsində diqqət göstərildiyini vurğulayıb. Ekspert həmçinin, 2016-ci ildə “Formula 1” yarışının, 2017-ci ildə İslam həmrəyliyi oyunlarının, 2020-ci ildə futbol üzrə Avropa çempionatının dörd oyunun Bakıda keçiriləcəyi barədə tamaşaçılara məlumat verib.

 

Bununla, Azərbaycanın özünü digər sahələrdə olduğu kimi idman sahəsində də potensial imkanlara malik olduğunu qeyd edən Ə.Sibai belə bir möhtəşəm tədbirin təşkil olunması üçün 7 il müddətə ehtiyac olunduğu bir halda Azərbaycanın təşkilatçılıq imkanlarının güclü olduğuna görə həmin tədbirə 2 il vaxt sərf etdiyini diqqətə çatdırıb. Ekspert Azərbaycanın bununla, həm də dünyaya siyasi mesaj verərək, inkişaf edən ölkə olduğunu, beynəlxalq yarışlara ev sahibliyi etməyə hazır olduğunu qeyd edib.

 

M.Abdullah "Bakı-2015" İlk Avropa Oyunları ilə bağlı proqramın bundan əvvəl qonağı olmuş AR-ın Misirdəki səfiri Ş.Abdullayevə istinad edərək, səfirin Azərbaycanın İlk Avropa Oyunlarına ev sahibliyi etməsinin əsas məqsədinin Azərbaycanın iqtisadiyyatla yanaşı, digər sahələrdə, o cümlədən idman sahəsində də geniş imkanlara malik olduğunu, digər tərəfdən idman sahəsinin ölkəni tanıtmaqla bərabər turizmin inkişafı ilə də birbaşa əlaqə olduğunu qeyd etməsini xatırladıb. Daha sonra Bakı Milli Olimpiya stadionun açılışı zamanı göstərilən səhnələrə toxunularaq, açılışın yüksək səviyyədə keçirildiyi vurğulanıb, İlk Avropa Oyunlarını tanıtdıran reklam çarxlarının yüksək qrafikli çəkilişi barədə danışılıb.

 

"Bakı-2015" İlk Avropa Oyunlarında iştirakla bağlı biletlərin əksəriyyətinin satıldığı, Avropa Oyunlarının birbaşa olaraq, dünya kanalları, həmçinin Ərəb Dövlətləri Liqasının Tele-Radiosu vasitəsilə yayımlandığı qeyd olunub. Sözügedən proqramın verilişi "Bakı-2015" İlk Avropa Oyunlarını əks etdirən xeyli sayda görüntüləri ilə müşayiət olunub.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/387935

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR