Qahirə, 21 iyun, AZƏRTAC
Misirin “Əl-Gad Əl-Ərəbi” telekanalı “Bakı-2015” ilk Avropa Oyunları ilə bağlı veriliş yayımlayıb.
Londondan yayımlanan telekanaldakı proqramın əvvəlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Bakı-2015” ilk Avropa Oyunlarının məşəlini alovlandırmasını əks etdirən kadrlar nümayiş olunub.
Verilişin aparıcısı Məhəmməd Abdullah Bakıda keçirilən ilk Avropa Oyunları barədə proqramın qonağı idman üzrə ekspert və tənqidçi Əhməd Sibai ilə müzakirə apararaq bu mötəbər yarışların Bakıda keçirilməsinin əhəmiyyətinə toxunub. İlk Avropa Oyunlarının məhz Bakıda keçirilməsinin səbəblərinə toxunan M.Abdullah Azərbaycanın zəngin neft və qaz ölkəsi olduğunu və iqtisadiyyatının sürətlə inkişaf etdiyini vurğulayıb. O, Avropanın 50 ölkəsindən atletlərin bu yarışlarda iştirak etdiklərini qeyd edib, 68 min tamaşaçı tutumuna sahib olan möhtəşəm Bakı Olimpiya Stadionu barədə məlumat verib.
Əhməd Sibai Azərbaycan haqqında danışaraq ölkəmizin qarşısında duran əsas problemin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi olduğunu vurğulayıb. Ekspert, həmçinin erməni terror təşkilatının Bakıda keçirilən ilk Avropa Oyunları ilə əlaqədar ölkəmizi hədələməsi ilə bağlı verdiyi bəyanatlara toxunub.
Veriliş əsnasında ilk Avropa Oyunları barədə göstərilən kadrlarda 2012-ci ildə Avropa Olimpiya Komitəsinin ilk Avropa Oyunlarına Azərbaycanın ev sahibliyi etməsi ilə bağlı qərar qəbul etməsi diqqətə çatdırılıb. Habelə 17 gün davam edəcək Oyunlarda idmanın 20 növü üzrə 253 dəst medal uğrunda mübarizənin aparılması və narın bu mötəbər yarışın rəmzi seçilməsi qeyd edilib.
Narın ilk Avropa Oyunlarının rəmzi seçilməsi ilə bağlı münasibət bildirən Ə.Sibai Azərbaycan ədəbiyyatında narla bağlı şerlərin olduğunu qeyd edib. O, dövlətimizin başçısı İlham Əliyevin, eyni zamanda, Milli Olimpiya Komitəsinin prezidenti olduğunu və birinci xanım Mehriban Əliyevanın “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri seçildiyini bildirərək bunun Azərbaycanda idmanın inkişafına göstərilən diqqətin bariz nümunəsi kimi səciyyələndirib. Eləcə də Azərbaycanda yaradılan mükəmməl idman infrastrukturunun bu ölkəyə birinci Avropa Oyunları kimi mötəbər tədbirləri keçirməyə imkan verdiyi xüsusi qeyd olunub.
Aparıcı M.Abdullah belə bir möhtəşəm oyunların ərəb dünyasında keçirilməsi məsələsinə toxunaraq Azərbaycanda təşkil edilən ilk Avropa Oyunlarının təcrübəsindən faydalanmaq imkanlarından söz açıb. Ə.Sibai belə tədbirlərdə ilk öncə təşkilatçılığın yüksəs səviyyədə olmasını əsas gətirib, Azərbaycanda həmin tədbirə dövlət başçısı səviyyəsində diqqət göstərildiyini vurğulayıb. Ekspert, həmçinin 2016-ci ildə “Formula-1” Avropa Qran-pri yarışının, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının, 2020-ci ildə futbol üzrə Avropa çempionatının final mərhələsinin dörd oyununun Bakıda keçiriləcəyi barədə tamaşaçılara məlumat verib.
Azərbaycanın digər sahələrlə yanaşı, idmanda da potensial imkanlara malik olduğunu qeyd edən Ə.Sibai belə bir möhtəşəm tədbirə ev sahibliyi üçün 6-7 il müddətə ehtiyac olduğu halda Azərbaycanın təşkilatçılıq imkanlarının güclü olduğuna görə həmin tədbirə hazırlaşmaq üçün iki il vaxt sərf etdiyini diqqətə çatdırıb. Ekspert Azərbaycanın bununla, həm də dünyaya siyasi mesaj verərək, inkişaf edən ölkə olduğunu, beynəlxalq yarışlara ev sahibliyi etməyə hazır olduğunu vurğulayıb.
M.Abdullah "Bakı-2015" İlk Avropa Oyunları ilə bağlı proqramın bundan əvvəl (15.12.2014/http://alghadalarabi.net/ar/?Action=Details&ID=20505) qonağı olmuş Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayevə istinad edərək diplomatın ölkəmizin ilk Avropa Oyunlarına ev sahibliyi etməsinin əsas məqsədinin iqtisadiyyatla yanaşı, digər sahələrdə, o cümlədən idman sahəsində də geniş imkanlara malik olduğunu, digər tərəfdən idmanın ölkəni tanıtmaqla bərabər turizmin inkişafı ilə də birbaşa əlaqə olduğunu qeyd etməsini xatırladıb.
Daha sonra Bakı Olimpiya Stadionunun açılışı zamanı göstərilən səhnələrə toxunularaq, açılışın yüksəs səviyyədə keçirildiyi vurğulanıb. Eləcə də ilk Avropa Oyunlarını təbliğ edən reklam çarxlarının yüksək keyfiyyətlə çəkilməsi barədə danışılıb, Azərbaycanın investisiya qoyulan ölkə olaraq geniş təbliğ edildiyi bildirilib.
“Bakı-2015”-in yarışlarına biletlərin əksəriyyətinin satıldığı, ölkəyə çoxlu sayda xarici turistin gəldiyi, ilk Avropa Oyunlarının dünyanın nüfuzlu telekanalları, həmçinin Ərəb Dövlətləri Liqasının tele-radiosu vasitəsilə birbaşa yayımlandığı qeyd olunub. Veriliş boyu, həmçinin "Bakı-2015" ilə bağlı maraqlı görüntülər tamaşaçıların diqqətinə çatdırılıb.
Telekanalda yayımlanan verilişə aşağıdakı link vasitəsilə baxmaq mümkündür: http://alghadalarabi.net/ar/?Action=Details&ID=40543
Asya Hacizadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə