Misir telekanalı Bakı-2015 Avropa Oyunları ilə bağlı veriliş yayımlayıb

Misir telekanalı Bakı-2015 Avropa Oyunları ilə bağlı veriliş yayımlayıb
12:48 21 İyun 2015
80 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan, 21 iyun /Trend/

Misirin (Londondan yayılan) "Əl-Gad Əl-Ərəbi" kanalı Bakı-2015 ilk Avropa Oyunları ilə bağlı veriliş yayımlayıb.

Azərbaycanın Misirdəki səfirliyindən Trend-ə verilən məlumata görə, proqramın əvvəlində Azərbaycan Prezidenti İlham Əliyevin Bakı-2015 ilk Avropa Oyunlarının məşəlini alovlandırmasını əks etdirən videokadrlar göstərilib.

Verilişin aparıcısı Məhəmməd Abdullah cari ilin 12-28 iyun tarixlərində Bakıda keçirilən İlk Avropa Oyunları barədə proqramın qonağı idman üzrə ekspert və tənqidçi Əhməd Sibai ilə müzakirə apararaq, sözügedən Oyunların Bakıda keçirilməsinin əhəmiyyətinə toxunub.

İlk Avropa Oyunlarının məhz Bakıda keçirilməsinin səbəblərinə toxunan M.Abdullah Azərbaycanın neft və qaz ölkəsi olduğunu və iqtisadiyyatının sürətlə inkişaf etdiyini vurğulamış, 50 Avropa ölkəsinin həmin yarışlarda iştirak etdiyini qeyd etmiş, 65 min azərkeş üçün nəzərdə tutulan Milli Olimpiya Stadionu barədə məlumat vermişdir.

Daha sonra idman üzrə ekspert və tənqidçi Ə.Sibai ölkəmiz haqqında ümumi məlumat verərək, Azərbaycanın qarşısında duran əsas problemin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi olduğunu vurğulamış, bundan başqa, erməni terror təşkilatının Bakıda keçirilən ilk Avropa Oyunlarını hədələməsi ilə bağlı verdiyi bəyanatlara toxunmuşdur.

Veriliş əsnasında ilk Avropa Oyunları barədə göstərilən kadrlarda 2012-ci ildə Avropa Olimpiya Komitəsinin ilk Avropa Oyunlarına Azərbaycanın ev sahibliyi etməsi ilə bağlı qərar qəbul etməsi bildirilərək, 17 gün davam edəcək Oyunlarda 50 Avropa ölkəsindən 6 min idmançının iştirak etməsi, 20 idman növü üzrə 253 qızıl medal uğrunda mübarizənin aparılması və sözügedən tədbirin simvolunun nar seçilməsi qeyd edilmişdir.

Ə.Sibai Avropa Oyunlarının rəmzinin nar seçilməsi ilə bağlı münasibət bildirərək, narın Azərbaycanın milli meyvəsi sayıldığını, hətta Azərbaycan ədəbiyyatında narla bağlı şeirlərin olduğunu qeyd etmişdir.

Bundan başqa, ekspert Ə.Sibai Azərbaycan Prezidenti İlham Əliyevin eyni zamanda Milli Olimpiya Komitəsinin prezidenti olduğunu və Prezidentin xanımı Mehriban Əliyevanın Bakı-2015 İlk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri seçildiyini bildirərək, bunun Azərbaycanda idmana göstərilən diqqətin bariz nümunəsi olduğunu vurğulamışdır. Həmçinin, Ə.Sibai Azərbaycanda yaradılan idman infrastrukturunun bu ölkəyə Avropa Oyunları kimi böyük miqyaslı idman tədbirlərini keçirməyə imkan verdiyini xüsusilə qeyd etmişdir.

Aparıcı M.Abdullah belə bir möhtəşəm oyunların ərəb dünyasında keçirlməsi məsələsinə toxunaraq, Azərbaycanda keçirilən ilk Avropa Oyunlarının təcrübəsindən nə cür faydalanmaqdan söz açmışdır.

Öz tərəfindən, Ə.Sibai belə tədbirlərdə ilk növbədə təşkilatçılığın yüksəs səviyyədə olmasını əsas gətirmiş, Azərbaycanda həmin tədbirə ölkə başçısı səviyyəsində diqqət göstərildiyini vurğulamışdır. Ekspert, həmçinin 2016-cı ildə “Formula 1” yarışının, 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarının, 2020-ci ildə futbol üzrə Avropa çempionatının dörd oyununun Bakıda keçiriləcəyi barədə tamaşaçılara məlumat verib.

Bununla, Azərbaycanın digər sahələrdə olduğu kimi, idman sahəsində də potensial imkanlara malik olduğunu qeyd edən Ə.Sibai belə bir möhtəşəm tədbirin təşkil olunması üçün 7 il müddətə ehtiyac olunduğu bir halda Azərbaycanın təşkilatçılıq imkanlarının güclü olduğuna görə həmin tədbirə 2 il vaxt səfr etdiyini diqqətə çatdırmışdır. Ekspert Azərbaycanın bununla, həm də dünyaya siyasi mesaj verərək, inkişaf edən ölkə olduğunu, beynəlxalq yarışlara ev sahibliyi etməyə hazır olduğunu qeyd etmişdir.

M.Abdullah Bakı-2015 ilk Avropa Oyunları ilə bağlı proqramın bundan əvvəl (15.12.2014/http://alghadalarabi.net/ar/?Action=Details&ID=20505) qonağı olmuş Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayevə istinad edərək, səfirin Azərbaycanın ilk Avropa Oyunlarına ev sahibliyi etməsinin əsas məqsədinin Azərbaycanın iqtisadiyyatla yanaşı, digər sahələrdə, o cümlədən idman sahəsində də geniş imkanlara malik olduğunu, digər tərəfdən, idman sahəsinin ölkəni tanıtmaqla bərabər, turizmin inkişafı ilə də birbaşa əlaqə olduğunu qeyd etməsini xatırlatmışdır.

Daha sonra Bakı Olimpiya Stadionunun açılışı zamanı göstərilən səhnələrə toxunularaq, açılışın yüksəs səviyyədə keçirildiyi vurğulanmış, ilk Avropa Oyunlarını tanıtdıran reklam çarxlarının yüksək qrafikli çəkilişi barədə danışılaraq, Azərbaycanın eyni zamanda investisiya qoyulan ölkə olaraq nümayiş etdirildiyi bildirilmişdir.

Bakı-2015 ilk Avropa Oyunlarında iştirakla bağlı biletlərin əksəriyyətinin satıldığı, mehmanaxanalarda yerlərin dolduğu, Avropa Oyunlarının birbaşa olaraq dünya kanalları, həmçinin Ərəb Dövlətləri Liqasının Tele-Radiosu vasitəsilə yayımlandığı qeyd olunmuşdur.

Sözügedən proqramın verilişi Bakı-2015 Avropa Oyunlarını əks etdirən xeyli sayda görüntülərlə müşayiət olunmuşdur.

Ətraflı: http://alghadalarabi.net/ar/?Action=Details&ID=40543

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/baku5015/2408936.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR