Bakının Nəbatat bağını kim məhv edir? - REPORTAJ - FOTOSESSİYA

Bakının Nəbatat bağını kim məhv edir? - REPORTAJ - FOTOSESSİYA
14:17 21 İyun 2015
282 Digər
Ölkə mətbuatı
A- A+

Bakının ən böyük yaşıllıq zolağı olan Nəbatat bağı tarixinin ən acınacaqlı günlərini yaşyır. Ölkənin ən zəngin flora mərkəzi olan bağda ağaclar qurumaq üzrədir. 

Bir müddət öncə mətbuatda AMEA-nın Botanika İnstitutunun nəzdində olan  Nəbatat bağında su probleminin olması haqqında xəbərlər yer almışdı. AMEA-nın mətbuat xidmətindən su probleminin olması təsdiqlənsə də, "Azərsu" ASC-dən su ilə bağlı heç bir problemin olmadığı və bağa hər gün 7 min kubmetr su verildiyi bildirilmişdi. 

Mətbuatda gedən bu ziddiyyətli xəbərlərin ardından musavat.com-un müxbiri Nəbatat bağına baş çəkib və vəziyyəti yerində müşahidə edib. 

Əvvəlcə onu qeyd edək ki, AMEA-nin nəzdində olan Nəbatat bağı artıq bir kommersiya qurumuna çevrilib. Belə ki, bağa giriş 1 manat, bağda fotosessiyanın edilməsi 20 manat, bağda videoçəkilişin aparılması isə 50 manatdır. 

Bu barədə AMEA Mərkəzi Nəbatat bağının direktoru vəzifəsini icra edən Validə Əlizadənin əmri də bağın girişində vurulub. Bağın girişini qoruyan mühafizəçilər əlimizdəki fotoaparatı görüb, fotosessiya üçün gəldiyimizi düşünərək, bizə də hesabı təqdim etdilər. Lakin bunun üçün gəlmədiyimizi deyib, sadəcə, ziyarətçi kimi 1 manat ödəyib, bağa daxil olduq. 

Bağın girişində ilk baxışdan hər şey qaydasındadır. Səliqə ilə düzülmüş ağacların yaşıllığı göz oxşayır, yaşıllığın arası ilə çəkilən asfalt yol da təmiz və səliqəlidir. 

Ancaq bağın içərisinə doğru getdikcə, müşahidə edilən mənzərə insanı dəhşətə gətirir. Onillərlə yaşı olan ağaclar susuzluqdan quruyub, torpağın üzündə yaranan çatlar buranın aylardır ki, suvarılmadığından xəbər verir. Bitkilərə normal qulluq edilmədiyindən qiymətli kol bitkiləri alaqların arasında itib, batıb. Bəzi bəzəkli lövhələrin üzərində bitkinin sadəcə, adı qalıb, özü isə çoxdan quruyaraq, məhv  olub. Bağın hər tərəfində saralmış otlar, kəsilmiş ağaclar gözə dəyir.  

Bu durumun səbəbi isə Nəbatat bağına suyun verilməməsidir. Bağın hər tərəfində suvarma xətləri olsa da, bu xətlərdən su gəlmədiyinin şahidi olduq. Bir neçə su krantını açıb, yoxlasaq da heç birindən su gəlmədi. 

Qeyd edək ki, quruyan ağaclar arasında xaricdən gətirilən nadir ağac növləri də var. Müşahidə apardığımız bir neçə saat ərzində bağda ağaclara qulluq edən bir nəfərə belə, rast gəlmədik. Addımbaşı ziyatəçilərin giriş çekinin olub-olmamasını yoxlayan onlarla mühafizəçinin olması isə buranın kommersiya baxımından rəhbərlik üçün daha önəmli olduğunu sübut edirdi. Ancaq təəssüflə qeyd etmək olar ki, vəziyyət bu cür davam etsə, bir neçə ilə Nəbatat bağından əsər-əlamət qalmayacaq.  

Artıq bağdakı bir çox ağac növlərinin nəsli kəsilib. Ayrı-ayrı ölkələrdən gətirilən nadir bitkilər susuzluqdan məhv olduğu üçün bəzilərinin yalnız təyinat lövhəsi qalıb. Bitkinin özünə isə rast gəlmək mümkün deyil. Ağacların bu cür qurumasından Nəbatat bağının rəhbərliyi də xəbərsiz deyil. Çünki, bağın müxtəlif istiqamətlərində quruyan ağaclar kəsilərək, üst-üstə yığılıb, yük maşınları ilə daşınır. 

Nəbatat bağında vəziyyət acınacaqlı olsa da, buraya dincəlməyə gələnlərin ardı-arası kəsilmir. Onlardan bir qrupu ilə balıq saxlanılan hovuzun ətrafında qarşılaşırıq. 

Ziyarətçilər də Nəbatat bağının bu vəziyyətdə olmasından narahat olduqlarını deyirlər. Balıqların saxlandığı hovuzun suyu aylardır ki, dəyişdirilmədiyindən su o qədər bulanıqdır ki, içində hərəkət edən balıqları belə, görmək mümkün deyil. Suyun üzündə isə plastik su qablarından tutmuş siqaret kötüklərinə qədər hər şeyə rast gəlinir. 

Buraya dincəlməyə gələn sakinlər deyirlər ki, bağın bu vəziyyəti onlar üçün ürəkaçan olmasa da, buraya gəlməyə məcburdurlar. Çünki Bakıda ikinci belə bir məkan yoxdur. Həmsöhbətlərimiz israrla Nəbatat bağının qorunub, saxlanılmasının vacibliyini qeyd edirdilər, şəhərin mərkəzində olan bu əraziyə nə üçün su verilməməsinin onlar üçün müəmmalı olduğunu bildirirdilər. 

Onu da qeyd edək ki, bağın hər tərəfində mühafizəçilər olsa da, "bağda siqaret çəkmək qadağandır" xəbərdarlığına məhəl qoymayanlara qarşı heç bir tədbir  görülmür. Bu isə isti aylarda, suyun olmadığı bir məqamda yanğın təhlükəsini daha da aktual edir. 

Xatırladaq ki, 1934-cü ildə iyul ayının 3-də Mərkəzi Nəbatat Bağı və Botanika İnstitutu üçün Dağüstü parkdan başlamış "Qurd qapısı"na gedən yol arasında 80-100 hektar sahə ayrılması və sahənin su ilə təchiz edilməsi barədə qərar qəbul edilib. Nəbatat bağı elmi əhəmiyyətli floranın bütün növlərinə malik olması ilə nəinki postsovet məkanında, eləcə də Avropada yeganə botanika mərkəzidir. 

Nəbatat bağında dünyanın müxtəlif botanika-coğrafi rayonlarından, o cümlədən, Azərbaycan florasından olan 2000-dən artıq ağac, kol, çiçək və ot bitkilərinin kolleksiyası toplanıb. 1960-1978-ci illərdə "Nəbatat bağı" 70 xarici ölkənin 290 Nəbatat bağları ilə toxum mübadiləsi aparıb. 

Lakin təəssüf ki, hazırda bu bağın məhv edilməsi istaamətində şüurlu şəkildə iş aparılır. Ötən il bağdan gecə ilə ağacların kəsilib, daşınması haqqında mətbuatda yazılar getdikdən sonra proses dayandırıldı. 

İndi isə bağa verilən suyun kəsilməsi ilə ağaclar qurudulur və məhv edilir. Bunun hansı səbəbdən edildiyi isə məlum deyil. 

Lakin o da bəllidir ki, hazırda bağın yerləşdiyi ərazinin kommersiya dəyəri həddindən artıq yüksəkdir. 

Milli.Az













































































Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/351745.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR