Bakıdakı bu nişanın sirri açıldı - FOTO

Bakıdakı bu nişanın sirri açıldı - FOTO
15:47 21 Yanvar 2015
209 Sosial
Ölkə mətbuatı
A- A+

Parlament prospektindəki nişan belə olmalı idi
Bir neçə gün əvvəl Parlament prospektində qoyulmuş qəribə bir yol nişanının şəkli yaymışdıq. Milli.Az xəbər verir ki, avtosfer.az-da yayılan həmin şəkil və buna əlavə olunmuş kiçik yazı mətbuatın marağına səbəb olmuşdu. Hətta bunun normal və ya qeyri-normal olması ilə bağlı müzakirələrə də rast gəlindi.

Bu şəkili və həmin məlumatı yaymaqda məqsədimiz, ümumiyyətlə, yollarımızda nişanların tətbiqi ilə bağlı problemə diqqət çəkmək idi.

Parlament prospektindəki qəribə nişanı yaymaqla yollarımızın nişanlarla təchizindəki maraqlı, lakin çoxlarının diqqətini cəlb etməyən özünəməxsus bir məqamı vurğulamaq istəyirdik. Söhbət ölkəmizin yollarında son vaxtlar qanunvericiliyimizdə nəzərdə tutulmayan nişanların peyda olmasından gedir. Bunun maraqlı tərəfi odur ki, belə qəribə nişanlar dünyanın hansısa bir ölkəsində mövcuddur. Lakin bizim qanunvericilik belə nişanı tanımır. Belə çıxır ki, kimlərsə yollarımıza nişan tətbiq edərkən qanunvericiliyimizə nəzər yetirmək kimi sadə bir iş əvəzinə hansısa xarici ölkədə müvafiq nişanın olub-olmadığını araşdırırlar.

Məlumat üçün bildirək ki, ölkəmizdə mövcud olan yol nişanlarının dəqiq və aydın siyahısı “Yol hərəkəti haqqında” Qanuna 4 saylı əlavədə verilmişdir. Bu əlavədə göstərilməyən hər hansı nişanın ölkəmizin yollarında tətbiqinə yol verilə bilməz. Bunun edilməsi qanunsuzdur və belə hal dərhal aradan qaldırılmalıdır. Hətta bunu özbaşına edənlər hüquqi məsuliyyətə cəlb edilməlidirlər.

Adıçəkilən qanunun 4 saylı əlavəsində verilən nişanlar isə “Yol nişanları və siqnalları haqqında” 1968-ci il Vyana Konvensiyasından götürülmüşdür. Parlament prospektində qarşımıza çıxan həmin qəribə nişanın “günahkar”ı da həmin Konvensiyadır. Məsələ burasındadır ki, bu Konvensiya 1968-ci ildə qəbul edilərkən dünyanın bütün dövlətlərində yol nişanları artıq mövcud idi. Özü də həmin vaxt dünyada yol nişanlarının iki variantı daha geniş yayılmışdı. Konvensiyanı hazırlayanlar və təsdiq edənlər bu ikivariantlılığı nəzərə almış, dünya dövlətlərində formalaşmış təcrübəni alt-üst etməmək üçün nişanlardan xeylisinin iki variantını təsdiq ediblər. Ona görə də hazırda qüvvədə olan “Yol nişanları və siqnalları haqqında” Konvensiyada bəzi nişanların “A” və “B” olmaqla iki variantı mövcuddur. Belə vəziyyət Parlament prospektində gördüyümüz və Konvensiyada E13A nömrəsi ilə təsbit olunmuş nişana da aiddir. Həmin nişanın E13B variantı isə bizim yol nişanları sırasına daxil edilmiş 6.2 “Xəstəxana” nişanıdır. Beləliklə, Parlament prospektində gördüyümüz nişan və bizim doğma 6.2 nişanı bir-birinin alternatividir. Hər ikisi “Yol nişanları və siqnalları haqqında” Konvensiyada müvafiq olaraq E13A və E13B nömrəsi ilə təsbit edilib. Sadəcə olaraq, Sovet hökuməti Konvensiyadakı alternativli nişanların “B” variantını seçib. Ölkəmizin milli qanunvericiliyi də müstəqillikdən sonra formalaşmış ənənəni düzgün olaraq davam etdirmiş və “Yol hərəkəti haqqında” Qanunun 4 saylı əlavəsinə aşağıda şəklini verdiyimiz 6.2 “Xəstəxana” (yəqin ki, xəstəxananın hospital olduğuna şübhə edən yoxdur) nişanı daxil edib.

Deməli, Parlament prospektinə həmin nişanı qoyan şəxs (şəxslər), ilk növbədə, qanunvericiliyə riayət edərək məhz 6.2 nişanını qoymalı idilər.

Amma həmin nişanın altında əlavə lövhəcik də var. Bu lövhəcik isə artıq tam olaraq təxəyyül məhsuludur. Çünki nə qanunvericiliyimizdə, nə adını çəkdiyimiz Konvensiyada belə bir nişan yoxdur. Yəqin bu lövhəcik vasitəsilə Mərkəzi Klinik xəstəxanaya qədər olan məsafəni ifadə etmək istəyiblər. Lakin servis nişanlarının, o cümlədən 6.2 nişanının mühüm özəlliyi ondan ibarətdir ki, bu nişanların ifadə etdiyi obyektə qədər məsafə elə həmin nişanın lövhəsində aşağıda göstərilir, hətta həmin obyekt yoldan konkret (sağa və ya sola) istiqamətdədirsə, nişan üzərində məsafə ilə bərabər həmin istiqaməti ifadə edən ox da yerləşdirilir.

Beləliklə, Parlament prospektində həmin qəribə nişanın müəllifləri həmin ərazidə Mərkəzi Klinik Xəstəxana olduğunu ifadə etmək üçün mətnə əlavə etdiyimiz üçüncü şəkildəki nişanı qoymaqla yol hərəkətinə dair qanunvericiliyə uyğun iş görmüş olarlar. Bu, sürücülərimizi də təəccübdən xilas edərdi.

Milli.Az









Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/320193.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR