Yatağa düşən Zəlimxan Yaqub: "Ağrılarım özləri də bir mövzudur" - VİDEO

Yatağa düşən Zəlimxan Yaqub: "Ağrılarım özləri də bir mövzudur" - VİDEO
15:47 21 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycanın xalq şairi Zəlimxan Yaqub bu gün 65 yaşını qeyd edir. 65 yaşını hər iki böyrəyini itirərək, xəstə yatağında qarşılayan sənətkar könlümüzü qırmayıb, suallarımızı cavabladı
Milli.Az xəbər verir ki, atvxəbər.az-a danışan Zəlimxan Yaqub ömrünün 65-ci baharının səhifəsini vərəqlədi:

- Zəlimxan müəllim biz sizi təbrik edirik. Allahdan sizə uzun ömür, can sağlığı arzu edirik. Ömrün bu çağında, bəs siz özünüzə nə arzu edirsiniz?

- Can sağlığı! Ömürü deyə bilmərəm, Allah nə yazıb, odur. Can sağ olanda hər şey yaxşı olur, insan rahat olur. Əsas canım sağ olsun, qalan şeylər, düzələn şeylərdir.

- Səhhətiniz necədir?

- Gah yaxşı oluram, gah pis oluram. İndi yaxşıyam, şükür.

- Yoxlamaya getməliydiniz bu yaxınlarda...

- Getdim, gəldim. Bir az düzəlmişəm. Müalicə edirlər, dava-dərmanla yaşayıram.

- Xəstəliyiniz ilham pərinizə təsir etmir ki?

- Qətiyyən! Əksinə. Ağrılarım özləri də bir mövzudur. Şair üçün ağrılar da, acılar da, həkim də mövzudur. Mənimlə bağlı narahatlığa da dəyər, rahatlığa da! Məni yaşadan kitablarım, nəvələrim, oğlanlarım, qızlarım, onların diqqəti, sevgisidir.

- Sonuncu şeirinizi nə vaxt yazmısınız?

- 2 gün bundan öncə...

- Oxucular üçün bircə bənd rica etsək, həmin şeirdən deyə bilərsinizmi?

(Sənətkarın şeirini müsahibənin sonundakı videoda dinləyə bilərsiniz-red)

- Müsahibələrinizdə deyirdiniz ki, şair həmişə sevir. Hələ də sevgi varmı?

- Həmin sevgidir, həmin məhəbbətdir, həmin ürəkdir, həmin ruhdur, həmin düşüncədir. Bədən insana namərdlik etsə də, ruh eləmir. Yaddaş, ruh mənə sadiqdir, onlar mənə xəyanət eləmir.

- Dəyişən nədir?

- Dəyişən yaşdır. Dünən 60, bu gün 65...

- Zəlimxan müəllim, keçən günlərinizi qaytarsaydılar, bu gününüzü qurban verərdinizmi?

- Yox. Çünki mən yaxşı ömür yaşamışam. Yaxşı kişilər, gözəl üzlər, savadlı alimlər, istedadlı insanlar görmüşəm. Yaxşı gün görmüşəm, bütün dünyanı gəzmişəm. Onları heç nə ilə əvəzləmək olmaz.

- Azərbaycan Respublikası 1-ci, 2-ci çağırış Milli Məclisinin deputatı oldunuz. O kürsü üçün darıxmırsınız ki?

- Darıxmıram. Çünki mən yenə özümü deputat hesab edirəm. Çünki xalqın içindəyəm, insanların arzu-istəklərini yerinə yetirirəm. Sağ olsun, heç kəs sözümü yerə salmır.

- Millət vəkili olmaq  Zəlimxan Yaqub üçün nəyi dəyişdi?

- Dünyagörüşümdə genişlik yarandı. Dünyanı gəzdim. Dünyada böyük şəxsiyyətlərlə görüşdüm. Türk dünyasının dövlət başçıları ilə görüşdüm. Allah rəhmət eləsin Heydər Əliyevə, onun sayəsində bu işləri gördüm.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/320192.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR