Azərbaycan-Pakistan əlaqələri bütün sahələrdə inkişaf edir

Azərbaycan-Pakistan əlaqələri bütün sahələrdə inkişaf edir
15:58 21 Yanvar 2015
126 Ölkə
Ölkə mətbuatı
A- A+


İslamabad, 21 yanvar, AzərTAc
Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov Bəlucistan əyaləti parlamentinin sədri Mir Can Camali ilə görüşüb.
Ölkələrimiz arasındakı dostluq münasibətlərindən söhbət açılan görüşdə səfir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi daxil olmaqla bütün məsələlərdə Pakistanın Azərbaycana verdiyi dəstəyə görə təşəkkürünü bildirib, xalqımızın da Pakistanla birlikdə olduğunu diqqətə çatdırıb.
Görüşdə D. Şikarov Pakistan Senatının 2012-ci il fevralın 1-də Xocalı soyqırımını tanıyan və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamə qəbul edilməsində o vaxt Pakistan Senatı sədrinin müavini vəzifəsini tutan M.C.Camalinin mühüm rol oynadığı vurğulayıb, buna görə ona təşəkkürünü bildirib.
Pakistan və Azərbaycan xalqları arasında münasibətlərin dostluğa əsaslandığını qeyd edən Bəlucistan əyaləti parlamentinin sədri ölkələrimizin əməkdaşlığının bütün sahələrdə inkişaf etdiyini vurğulayıb. O, Pakistan Milli Assambleyası və Bəlucistan parlamenti ilə Azərbaycan Milli Məclisi arasında əlaqələrin qurulması, nümayəndə heyətlərinin qarşılıqlı mübadiləsinin vacibliyini qeyd edib. Bildirib bu ilin mart ayında bir qrup parlament üzvü ilə birlikdə Azərbaycana səfər etmək, Novruz bayramını Azərbaycanda yaşayan məcburi köçkünlərlə birgə keçirmək niyyətindədir.
Mir Can Camali 2012-ci martın 1-də Azərbaycana səfərini, Prezident İlham Əliyevlə görüşünü xatırladıb, bu görüşün onda böyük təəssürat yaratdığını söyləyib.
Söhbət zamanı parlamentin sədri Bəlucistanda gedən proseslər barədə də məlumat verib, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya Bəlucistanın zəlzələdən zərər çəkən ərazilərində və əyalətin digər bölgələrində həyata keçirdiyi humanitar aksiyalara görə minnətdarlığını bildirib.

Qulu Kəngərli
AzərTAc-ın xüsusi müxbiri
İslamabad

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Pakistan_elaqeleri_butun_sahelerde_inkisaf_edir-826392

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR